PROFESSOR ƏSGƏR QƏDİMOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

Professor ƏSGƏR QƏDİMOV

Tədqiqatçı və folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri

✦─── ✦─── ✦

Professor Əsgər Qədimovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər 

(Professor Əsgər Qədimovun Sərraf Qasım haqqında müsahibəsi) 

✦─── ✦─── ✦


Naxçıvanın çoxəsrlik mədəniyyət tarixində özünəməxsus poetik və ifaçılıq xüsusiyyətləri ilə seçilən aşıq sənətini və onun inkişaf yolunu sistemli şəkildə araşdıran görkəmli folklorşünas alim, filologiya üzrə elmlər doktoru professor Əsgər Qədimovun elmi fəaliyyətində Sərraf Qasım irsinin araşdırılması mərkəzi istiqamət hesab olunur. Professor Əsgər Qədimov özünün fundamental “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” (2017) adlı ensiklopedik kitabı üzərində çalışarkən apardığı genişmiqyaslı araşdırmalar nəticəsində belə bir mühüm elmi qənaətə gəlmişdir ki, Sərraf Qasım çağdaş Naxçıvan aşıqları arasında aşıq sənətinin və aşıq ədəbiyyatının dirçəlişinə ən zəngin töhfələr verən, bu mühitdə yeni bir aşıq məktəbinin və ədəbi məktəbin təməlini qoyan unikal sənətkardır. Məhz bu səbəbdən, professor sözügedən kitabda digər sənətkarlarla müqayisədə Sərraf Qasımın yaradıcılığına daha geniş yer ayırmış, onun Azərbaycan aşıq ədəbiyyatındakı əvəzsiz rolunu konkret faktlarla sübuta yetirmişdir. Alimin həmin kitabda Sərraf Qasıma həsr etdiyi bölmə məhz bu dəyərli cümlə ilə başlamışdır: “Sərraf Qasım Naxçıvanın çağdaş aşıq mühitində saz və söz sənətinin, aşıq-saz məktəbinin əsasını qoyan istedadlı el sənətkarıdır”.

Professor Əsgər Qədimov öz kitablarında Sərraf Qasımın sadəcə bir saz-söz sənətkarı deyil, Naxçıvanda mükəmməl aşıq məktəbinin təməlini qoyan və gətirdiyi janr müxtəlifliyi ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən ustad sənətkar olduğunu tutarlı faktlarla əsaslandırmış, müsahibələrində isə bu elmi həqiqəti daim ictimaiyyətin diqqətinə çatdırmışdır. Ustad sənətkarın 80 illik yubileyi münasibətilə 2020-ci ildə Naxçıvan Dövlət Televiziyası və AMEA Naxçıvan Bölməsinin təşəbbüsü ilə ərsəyə gələn və yayımlanan “Sazın, sözün Sərrafı” adlı sənədli televiziya filmi və “Yaddaşlardan yurddaşlara - Sərraf Qasım” adlı televiziya verilişi üçün professor Əsgər Qədimovun “Dədə Aşıq” adlandırdığı Sərraf Qasım haqqında səsləndirdiyi dəyərli müsahibənin və elmi-bədii söhbətlərin tam mətnini aşağıda təqdim edirik:


Naxçıvan aşıq mühitinin tarixi kökləri:


Ümumiyyətlə, Naxçıvan aşıq mühiti haqqında mən filologiya ixtisasında təhsil aldığım vaxtlardan etibarən maraqlanmağa başlamışam. O vaxt bizə folklorşünaslıqdan dərs deyən müəllimlər Azərbaycan regionlarının aşıq mühitlərindən söhbət düşəndə deyərdilər ki, Naxçıvanda aşıq mühiti olmayıb, oradakı aşıqlar kənardan gəliblər. Bu məsələ məni çox düşündürürdü. 1970-ci ildən pedaqoji fəaliyyətə başladığım dövrdən Naxçıvanın Şahbuz, Şərur və digər bölgələrindən və ətraf kəndlərindən olmuş aşıqlarla maraqlanmağa başladım. Onların hamısının bir-bir evlərinə gedib, əlyazmaları ilə tanış oldum, yaşlı qocalardan onlar haqqında şeirlər dinlədim. Bu araşdırmalar nəticəsində iki cildlik – XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqlarını əhatə edən min səhifəlik fundamental əsər yazıb çap etdirdim. Daha əvvəlki qədim dövrlər haqqında mənbələri əldə etmək mümkün olmamışdır. Lakin mənbələr sübut edir ki, Naxçıvan aşıq mühiti XVII əsrdən başlayaraq çağdaş dövrə qədər davam etmişdir. Bu istiqamətdə apardığım araşdırmalar çərçivəsində yaradıcılığını ən çox tədqiq etdiyim sənətkarlardan bir də məhz Sərraf Qasım olmuşdur. 

 

Sərraf Qasımın sənətkar siması:


Sərraf Qasım Naxçıvan aşıq mühitində öndə gedən öndər aşıqlardan, bu mühitin ən görkəmli və istedadlı nümayəndələrdən biridir. Sərraf Qasımın yaradıcılığı və həyatı Naxçıvan mühitində böyük dəyər daşıyır, çünki Naxçıvanın aşıq və ədəbi mühitinin inkişafında və formalaşmasında onun xüsusi və əvəzsiz rolu olmuşdur. Mən Sərraf Qasımı “Dədə Aşıq” adlandırardım, o, həqiqətən bu ada layiqdir. O, həm saz sənətini, həm də yazılı aşıq şeirini inkişaf etdirib. Poetik formalar baxımından onun hər ölçüdə şeirləri vardır. Yaradıcılığı Azərbaycan aşıq poeziyasının bütün janrlarını – dördlük, beşlik, altılıq, yeddilik, səkkizlik, hətta divani formasında olan şeirləri və müxəmməsləri əhatə edir. Yaradıcılığında onun o qədər zəngin poetik formaları var ki, onların üzərindən sükutla keçmək olmaz. Çox güclü poetik aşıqlıq istedadı olan Sərraf Qasımın yaradıcılığı zəngin və əhatəlidir. Onun o qədər şeirləri var ki, adam oxuduqca həm qurtarmır, həm də o şeirlərdən doymaq olmur. Sərraf Qasım həm sazı gözəl çalar, həm də mükəmməl şeirlər yazardı. Yəni o, həm yaradıcı aşıq, həm də ifaçı aşıq olmuşdur. Ona həm şair, həm də aşıq Sərraf Qasım deyərmişlər. Saz sənəti ilə şeir sənətini o, bütün həyatı boyu öz yaradıcılığında qoşa işlətmişdir.

 

Sərraf Qasımın yaradıcılıq əlaqələri:


Azərbaycanın elə bir guşəsi, elə bir aşıq mühiti olmayıb ki, Sərraf Qasım oralara getməsin, o mühitin nümayəndələri ilə görüşüb yaradıcılıq əlaqələri qurmasın. Sərraf Qasımın aşıq mühiti ilə əlaqələri ilk öncə Gəncə mühitindən başlayır. Çünki o, Gəncədə ali təhsil alıb və təhsil aldığı illərdə Gəncə aşıqları ilə yaxından tanış olub, onlarla görüşmüşdür. Xüsusi poetik istedadı olduğuna görə Gəncə aşıqları ilə deyişib, onların məclislərində iştirak etmişdir. Sərraf Qasımın demək olar ki, bu aşıqların hamısına aid ayrıca şeirləri olmuşdur ki, həmin nümunələr sənətkarın Gəncə, Qarabağ, Göyçə və Borçalı aşıq mühitləri ilə çox güclü yaradıcılıq əlaqələrinə malik olmasını təsdiq edir. O, bu aşıqlar sırasından Aşıq Cuma Gəncəli, Aşıq Mayıs, Aşıq İsmayıl, Aşıq Qaracaoğlu və Tovuz rayonundan olan bir sıra aşıqlarla çox yaxın əlaqələr saxlamışdır. Xüsusilə Aşıq Mayısla onun çox yaxın dostluq əlaqələri olmuşdur. Həmçinin Aşıq Həmid, Aşıq Abazər, Aşıq Eldar, Aşıq Teymur, Aşıq Zeynal, Aşıq Qədir, Aşıq Hümmət və Borsunlu Məzahir Daşqınla da güclü ədəbi-yaradıcılıq əlaqələri qurmuşdur. Sənətkar hətta Tovuz rayonunda Aşıq İmranın qonağı olmuş və bu qonaqlığı da nəzmə çəkərək təsvir etmişdir.

Eləcə də, Borçalı aşıqlarından Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar və Aşıq Sadıqla olan əlaqələri Sərraf Qasımın yaradıcılığında xüsusi xətt təşkil edir. Sərraf Qasımın Aşıq Sadığa həsr etdiyi şeirdən götürülmüş aşağıdakı misralar, onun bu ustad sənətkarla xüsusi yaradıcılıq əlaqələrinin olduğunu təsdiq edir:

 

Ürəyimdə dövr eyləyən qanım tək,

Borçalı sazına məhəbbətim var.

Ölməz ustadımız, Aşıq Sadığın,

İrsinə, izinə məhəbbətim var.

 

Sərraf Qasım həmçinin böyük ustad Aşıq Ələsgərin həm oğlu Aşıq Talıb, həm də nəvəsi Aşıq Haqverdi ilə vaxtaşırı görüşüb, onlara xüsusi şeirlər ithaf etmişdir. Hətta Aşıq Ələsgərin məzarına gedib onun məzarı üstündə xüsusi şeirlər yazmış, Aşıq Talıb və Aşıq Haqverdi ilə olan əlaqələrini də nəzmə çəkmişdir.

Sərraf Qasımın Azərbaycanın müxtəlif regionlarının aşıq mühitləri və həmin mühitlərin nümayəndələri ilə qurduğu bu səmimi yaradıcılıq və dostluq əlaqələri onun zəngin yaradıcılıq yolunun əsas göstəricilərindən hesab olunur.

 

Naxçıvanda saz məktəbinin yaradılması:


Sərraf Qasımın Naxçıvanda ilk dəfə mükəmməl saz məktəbinin yaradıcısı olması fikri ilə razıyam. O, ali təhsilini bitirib Naxçıvana qayıtdıqdan sonra öz evində saz məktəbi açmış, həmin ərəfədə 20 nəfərə yaxın şəxsi bu sənəti öyrənməyə cəlb etmişdir. Sərraf Qasım tədricən həm orta məktəb şagirdlərini, həm də digər istedadlı şəxsləri bu sənət məclislərinə cəlb edərək, onlara sazın sirlərini öyrətmişdir. O, saz sənətindən öz evində dərs deyərək yeni aşıqlar və müəllimlər yetişdirmişdir.

Sərraf Qasım həm şair, həm də ustad aşıq kimi şagirdlərinin və saz öyrənən gənclərin musiqi aləti ilə təmin olunması məsələsinə xüsusi qayğı ilə yanaşmışdır. O, dəvət etdiyi şagirdlərin hər birinin öz sazı olmasını çox istəyirdi. Həmin dövrdə Sərraf Qasım Azərbaycanın əksər regionlarında saz-söz sənətkarları ilə yaxın təmasda və dostluq münasibətlərində idi. Bu əlaqələrdən faydalanaraq, o, Tovuz rayonunun Məşədilər kəndində yaşayan tanınmış sazbənd usta Xudu ilə əlaqə saxlayır. Sərraf Qasım Usta Xuduya məktub yazaraq Naxçıvandakı şagirdləri üçün saz düzəltməsini xahiş edir və hazır olduqda pulunu ödəyib götürəcəyini bildirir. Usta Xudu bu təklifə razılıq verir. Sazlar hazır olduqdan sonra Sərraf Qasım usta Xudunun yanına gedir. Usta Xudu Sərraf Qasımın həm fitri poetik istedadını, həm də Naxçıvanda gənc nəslə, aşıq sənətinə göstərdiyi bu böyük qayğını görüb sazlara görə ödənilən pulu qəbul etmir. El adamı və xalqa bağlı bir sənətkar olan Usta Xudu, “bir halda ki, sən Naxçıvanda bu cür sənətlə məşğul olursan, aşıq sənətinin qayğısına qalırsan, mən düzəltdiyim sazların pulunu səndən almayacağam” deyərək, iyirmiyə yaxın sazı təmənnasız olaraq Sərraf Qasıma hədiyyə edir. Sərraf Qasım nə qədər çalışsa da, usta Xudu alicənablıq göstərərək pulu götürmür və onu xoş yola salır. Sərraf Qasım Usta Xududan necə saz istəməsini, ona olan minnətdarlığını və sənətkar ehtiramını ustad sazbəndə həsr etdiyi bütöv bir şeirlə poetikləşdirmişdir. Təqdim olunan bu misralar da həmin şeirdəndir:  

 

Usta Xudu, səndən bir saz istərəm,

Yetmiş iki dilə gəlib, danışsın.

Ötsün pərdə-pərdə şirin, həzin, gur,

Barmaq yumşaq telə gəlib, danışsın.

 

Böyük rəğbətlə Naxçıvana gətirilən həmin sazlar Sərraf Qasımın Şahbuzda açdığı saz məktəbinin şagirdlərinə paylanılır. Məhz bu sazların sayəsində və Sərraf Qasımın ustadlıq dərsləri nəticəsində həmin gənclər aşıq sənətinin sirlərinə dərindən yiyələnirlər. 

 

Vətənpərvərlik və Qarabağ mövzusu:


Sərraf Qasım həddindən artıq vətənpərvər, vətəninə, soy-kökünə və türkçülüyə qəlbən bağlı bir sənətkar olmuşdur. Xüsusilə Qarabağ məsələsi ortaya atılanda, ermənilərlə Azərbaycan xalqı arasında barışmaz konflikt başlayanda və 20 Yanvar hadisələrindən sonra sənətkarın yaradıcılığında dərin kədər və qəm müşahidə olunmağa başladı. Vətən torpaqlarının yadların əlinə keçməsi onun bir aşıq-şair və vətəndaş kimi qəlbində sağalmaz yaralar açmışdı. Mən onun yaradıcılığını tədqiq etdiyim həmin illərdə o, tez-tez bizim Ədəbiyyat kafedrasına gələrdi. Bir dəfə çox kədərli halda gəlib: “Əsgər müəllim, bir şeir yazmışam, istəyirəm onu sizə oxuyam” — dedi və həmin şeiri mənə təqdim etdi. O, vətən dərdini poetik dillə ifadə edən bütöv bir şeir qələmə almışdır ki, Qoç Koroğlu obrazına müraciətlə yazılmış bu misralar da həmin şeirdəndir:

 

Qoç Koroğlu, ruhən ağla,

Ellər düşmən əlindədir.

Ana yurdda çəmən, çiçək,

Güllər düşmən əlindədir,

Ellər düşmən əlindədir.

 

Bu qəbildən olan şeirlər bir daha təsdiq edir ki, vətən torpaqlarının işğalı Sərraf Qasımın ədəbi-estetik yaradıcılığında ciddi bir dönüş yaratmışdır. Əvvəllər daha çox lirik mövzularda və dastan yaradıcılığı sahəsində yol keçən sənətkar, milli faciələrimizdən sonra ictimai-siyasi məzmunlu şeirlərə daha çox üstünlük vermiş və vətən sevgisini yaradıcılığının ön planına çəkmişdir. Bu vətənpərvərlik ruhu onun Naxçıvan aşıqları ilə olan yaradıcılıq əlaqələrində də özünü xüsusi şəkildə büruzə vermişdir. Sərraf Qasım vətən torpağının erməni işğalçılarına əsir düşməsindən doğan kədərini misralara köçürərək, bu mövzunu yaradıcılığının ana xəttinə çevirmişdir. 

 

Dastan yaradıcılığı və realizm:


Sərraf Qasımın yaradıcılığı təkcə onun aşiqanə, lirik və ictimai məzmunlu şeirləri ilə məhdudlaşmır. Sərraf Qasım çağdaş Naxçıvan aşıqları içərisində ən çox deyişmələri olan sənətkardır. Onun dastan yaradıcılığı, aşıq şeirləri, Azərbaycanın digər bölgələrinin sənətkarları ilə, eləcə də yerli aşıqlarla olan yaradıcılıq əlaqələrinin əksəriyyəti məhz deyişmələr formasındadır. Bu janr aşıq yaradıcılığının mərkəzi mövzusudur və sənətkarın fitri istedadını, bədahətən söz demək qüdrətini nümayiş etdirən ən mühüm poetik formadır.

Sərraf Qasım dastan yaradıcılığı ilə çox ciddi şəkildə məşğul olmuşdur. Mən onun əlyazmalarını araşdırarkən altı ədəd çox mükəmməl dastana rast gəldim. Bu dastanların əsas əhəmiyyəti, orijinallığı və aşıq dastanlarından fərqi ondadır ki, onların hər biri “tərcümeyi-hal” xarakteri daşıyır. Bizim klassik aşıq yaradıcılığımızda dastanlar çoxdur, lakin “tərcümeyi-hal” dastanlarına, sənətkarın öz həyat faktlarını dastanlaşdırmasına çox nadir hallarda və qısa süjetlər formasında rast gəlinir. Mən bunu xüsusilə vurğulamaq istəyirəm ki, bizim aşıq yaradıcılığımızda “tərcümeyi-hal” xarakteri daşıyan mükəmməl dastanlarımız demək olar ki, yoxdur və bu janrı, yəni “tərcümeyi-hal” xarakteri daşıyan dastan janrını  Azərbaycan aşıq sənətinə, poeziyamıza ən mükəmməl surətdə gətirən şəxs məhz Sərraf Qasımdır. Bu, Naxçıvan aşıq mühitində yeganə və orijinal yaradıcılıq dəst-xəttidir.

Sərraf Qasım yaradıcılığının əsas ictimai dəyəri onun realist bir sənətkar olmasındadır. Real həyat həqiqətlərinin mükəmməl surətdə aşıq poeziyasına gətirilməsi bilavasitə Sərraf Qasımın adı ilə bağlıdır. Klassik aşıq yaradıcılığından fərqli olaraq, o, səfər etdiyi bölgələrdə şahidi olduğu hadisələri, həmkarları ilə görüşlərini və şəxsi tərcümeyi-hal faktlarını geniş həcmli, epik-lirik üslublu dastanlara çevirmişdir. Öz həyat yolunu dastanlaşdırmaq xüsusiyyəti Sərraf Qasım yaradıcılığının özünəməxsus və əsas yeganə xəttini təşkil edir.

Məsələn, onun Gəncədə təhsil aldığı illərdə qələmə aldığı “Sərraf Qasım və Gəncə şəhəri” adlı dastanı çox maraqlı və orijinal bir əsərdir. Müəllif burada gənclik illərində rast gəldiyi Hicran adlı qıza olan sevgisini, keçirdiyi həzin kədəri və lirik hissləri yüksək sənətkarlıqla nəzmə çəkmişdir. Dastanda Hicranın avtomobil qəzası nəticəsində vəfat etməsi və Sərraf Qasımın bu acı xəbəri sarsıntı ilə qarşılaması çox real və sentimental şəkildə təsvir olunmuşdur.

Onun digər mühüm əsəri isə “Sərraf Qasım və Hüseyn Saraçlı” (Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri) adlı dastanıdır. Bu əsərdə ustad Saraçlının Naxçıvana gəlişi, yerli aşıqlarla görüşləri və Şahbuzun Aşağı Qışlaq kəndində Sərraf Qasımın evində qonaq olması öz əksini tapmışdır. Dastanda deyişmə motivləri çox güclüdür və müəllif ustad sənətkarla birlikdə gəzdiyi Naxçıvanın səfalı yerlərini yüksək səviyyədə vəsf etmişdir.

Tədqiq etdiyim Sərraf Qasımın digər dörd dastanı da sənətkarın öz tərcümeyi-hal faktları üzərində qurulub. Sərraf Qasım bu orijinal janrın Naxçıvanda aşıq yaradıcılığında əsasını qoyaraq, dastan sənətini yeni bir mərhələyə yüksəltmişdir.

 

  


▬▬▬ ▬▬▬


⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 





Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)