ŞAİR MAARİF TƏMKİNİN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

Şair MAARİF TƏMKİN  

Şair və yazıçı, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

✦─── ✦─── ✦

Şair Maarif Təmkinin Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər

(İki şair arasında yaranmış ustad-şagird ənənəsinin parlaq təzahürü) 

✦─── ✦─── ✦

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tanınmış Naxçıvanlı şair Maarif Təmkinin ustad sənətkar Sərraf Qasımın şəxsiyyəti və yaradıcılığı haqqındakı mülahizələri xüsusi əhəmiyyət kəsb edir. Onun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər sadəcə bir xatirə və ürək sözləri deyil, Naxçıvanın zəngin ədəbi-mədəni mühitində silinməz iz qoymuş ustad-şagird ənənəsinin parlaq təzahürüdür. Sərraf Qasım Naxçıvan ədəbi mühitində təkcə peşəkar aşıqların hamisi və müəllimi olmaqla kifayətlənməmiş, həm də bütöv bir yazıçı və şairlər nəslinin estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. Sərraf Qasım dühasından bəhrələnən, onun ədəbi məktəbinin ruhu ilə qanadlanaraq yaradıcılıq yoluna qədəm qoyan və ön sıralarda dayanan sənətkarlardan biri də məhz Maarif Təmkin olmuşdur.


 

◼ Sərraf Qasım dühasından bəhrələnən Maarif Təmkinin ustadına ithaf etdiyi səmimi duyğular


Şair Maarif Təmkinin öz ustadı hesab etdiyi Sərraf Qasıma olan mənəvi bağlılığı hələ 2000-ci illərin əvvəllərindən öz bədii ifadəsini tapmışdır. Həmin dövrdə o, ustadına silsilə şeirlər ünvanlamış, o cümlədən “Üzü bəri baxan dağlar”“Bir ünvanın sorağında” adlı poemalarını ustad sənətkarın əziz xatirəsinə ithaf etmişdir. Buna qarşılıq olaraq, Sərraf Qasım da Maarif Təmkinə həsr etdiyi silsilə şeirləri ilə ustad-şagird münasibətlərinin bədii nümunəsini yaratmışdır. Maarif Təmkin bu əsərlərində özünə mənəvi ustad hesab etdiyi Sərraf Qasıma qarşı ən səmimi ürək sözlərini ifadə etmiş, onun sənətkarlıq qüdrətini və uca şəxsiyyətini poetik misralarla bəyan etmişdir. Şair Maarif Təmkinin həmin duyğularını və poemalarından seçilmiş bəzi hissələri təqdim edirik.

“Bir ünvanın sorağında” adlı poemadan şairin qəlb çırpıntılarını əks etdirən səmimi sətirlər: “Torpaq həmişə öz sərkərdələri, qəhrəmanları, şairləri və yazıçıları ilə tanınır. Həmin insanlar vətəni yaşatmaq üçün onun yaddaşına öz möhürlərini vururlar. Elə bir möhür ki, gərdişin küləyi, dolusu, yağışı onu silə bilməsin. O, dəsti-xətt yaddaşlara həkk olunsun. Gələn nəsillər onu hörmətlə yad eləsinlər. Mən çox şadam ki, torpağı üçün canını qurban verən igidlərimiz, o igidliyi yaddaşlara köçürən, vətənə sidqi-ürəklə bağlı olan, vətənin daşını, qayasını dilini bilən, gözəlliyini öz dilində dindirə bilən şairlərimiz var. Belə şairlərimizdən biri də mənim əziz dostum, şeirləri ürək tərpədən, könül oxşayan Sərraf Qasımdır. Mən Sərraf Qasımın vurğunuyam. Sərraf Qasımın qələmi qırx illik müqəddəs bir yolun karvanıdır. O qələm karvanın yükü günbəgün ləl-cəvahiratlarla ağırlaşdırılır. Mən çox təəssüf edirəm ki, o ağzıbağlı sirli xəzinə hələ də xalqımıza çatdırılmayıb. Ustad el sənətkarının ünvanını bir çoxları hələ yaxşı tanımır. Ancaq Sərraf Qasım, qəlblərə elə bir nur səpib ki, mayası ürəkdən gələn bu sönməz işığın pərvanəsi heç vaxt səngiməyəcək”.  

 

Şair ustadına bəslədiyi tükənməz sevgini poetik sətirlərə belə köçürmüşdür:

 

“Təmkin, yandır şamını, qaynayıram, dolmuşam,

Sözlərimin tamını, ustadımdan almışam.

İçib eşqin camını, mən ona vurulmuşam.

İstiqanlı dost kimi, əllərimi uzatsam,

Mənə məhrəm ocaqda, mehirban ünvan verib”.

 

Ustadla şagird arasındakı bu mənəvi bağ təkcə poetik nümunələrlə deyil, həm də qarşılıqlı ehtiram və səmimi ustad nəvazişi ilə daha da möhkəmlənmişdir. Maarif Təmkin öz mənəvi dünyasının zənginləşməsində müstəsna rol oynayan ustad diqqətini və ondan aldığı cavabnamələrin əhəmiyyətini böyük bir minnətdarlıq hissi ilə belə xatırlayır: “Ustad, göndərdiyin cavab məktubu, mənim üçün yazdığın kitab gəlib əlimə çatanda, həqiqətən də çox sevindim. İndi o kitab mənim üçün ən qiymətli kitabdır. O, səndən mənə ömürlük yadigardır”.

 

“Sərraf, namən gəlib yetişdi mənə,

Götürdüm əlimə, əlim sevindi.

Sözün ovsunundan alışdı sinə,

Dodaqğım gül açıdı, dilim sevindi”.

 

Şairin yaradıcılıq yoluna ustad tərəfindən verilən bu yüksək dəyər onun qələmə aldığı fərəhli sətirlərdə öz ifadəsini belə tapmışdır: “Ustad, mən çox şadam ki, mənim şeirlərimi bəyənib mənə qiymət vermisən”.

 

“Xoş ünvandan məni vurub dağ mehi,

Təmkin, məni bürüyübdü fərəhi,

Kərəminə şükür olsun, İlahi,

El ustadı, ustad məni bəyənib”.

 

Sərraf Qasım irsi həm də bir məktəb idi; bu məktəbin yetirmələri üçün ustadın bir kəlməlik bəyənisi ən böyük sənət pasportuna bərabər idi. Maarif Təmkinin hər misrasında duyulan bu ustad nəfəsi, əslində, bir sənətkarın digərinə mənəvi vəsiqəsidir. Şairin yaradıcılıq pasportuna çevrilən və hər misrasına ustadın sənətkar möhrü vurulan həmin dəyərli nümunələri təqdim edirik:

 

“Sərraf Qasım adında, ocağa tuş olmuşam.

Çıxmayıb ovsunundan, yaman bihuş olmuşam.

Alınmaz qala kimi, başımın üstə durub.

Misramın hər bəndinə, möhrünü ustad vurub”.

 

“Elə billəm bu camı, Təmkinə özü verib.

Düşünməyə ürəyi, yazmağa sözü verib.

Sözlərimi ələyib, çətin yoxuşda yorub.

Gələcək yollarımın, möhrünü ustad vurub”.

 

◼ Şair Maarif Təmkinin ustad sənətkar Sərraf Qasım haqqında dərin ehtiram dolu müsahibəsi


Ustad sənətkar Sərraf Qasımın 80 illik yubileyi münasibətilə 2020-ci ildə Naxçıvan Dövlət Televiziyasının təşəbbüsü ilə ərsəyə gələn “Sazın, sözün Sərrafı” adlı sənədli televiziya filmi bu böyük şəxsiyyətin irsinə verilən ali qiymətin göstəricisidir. Filmin hazırlanması prosesində şair Maarif Təmkin öz ustadı haqqında müsahibə verərək, Sərraf Qasımın həyat və yaradıcılıq yoluna işıq salmış, onun insani və sənətkarlıq keyfiyyətlərini dərin təhlillərlə xarakterizə etmişdir. Şair Maarif Təmkinin ustad sənətkar haqqındakı həmin müsahibəsinin tam mətnini təqdim edirik:

 

·   Sərraf Qasımın əbədi iz qoyan ömür yolu

“İnsan ömrü yaşadığı illərlə deyil, keçdiyi həyat yolu ilə müəyyən olunur. İnsan var 90 il, 100 il yaşayır, amma həyatdan köçən günü yaddan çıxıb gedir. İnsan da var ki, 40 il, 50 il ömür sürür, ancaq yaddaşlarda əbədi iz qoyub gedir, xatirələrdə xoş əməllər qoyub gedir; onun özündən sonra ürəklərdə sözü, dodaqlarda nəğməsi qalır. Sərraf Qasım da belə insanlardan biri idi. O enlikürək, dağ cüssəli insanın sinəsində sevgi dolu bir ürək döyünürdü. O ürək sahibi həmişə həyata, insanlığa, dağlara, təbiətə, gözəlliyə bağlı bir insan idi. Özündən sonra Sərraf Qasım çox böyük bir irs qoyub getdi. Onun hələ işıq üzü görməyən nə qədər dastanı, təcnisi, divanisi, qoşması, gəraylısı qaldı”. 

 

·      Uzaq 70-ci illərin ədəbi nəfəsi və ustad sorağı

“Hələ o vaxtlar, yetmişinci illərdə mən orta məktəbdə oxuyanda el məclislərində, toylarda Sərraf Qasımın adını tez-tez eşidərdim. Şeirsevərlər həmişə onun şeirlərini deyərdilər. O vaxtlar şeirə, kitaba böyük maraq var idi, hamı kitab oxuyardı. 80-90 yaşlarında sinədəftər olan yaşlı insanlar var idi; şeir deyirdilər — Aşıq Ələsgərdən, Aşıq Alıdan, Sərraf Qasımın özündən. Həmin vaxtlar böyük el aşığı olan Aşıq Hüseyn Saraçlının bir kitabı mənim əlimə keçdi. Mən o kitabda Sərraf Qasımla Aşıq Hüseyn Saraçlının deyişməsini oxudum. Bu, mənə çox böyük qürur verdi”.

 

·      Mənəvi zirvəyə yetən məhəbbət və ilk görüşlərin hərarəti

“Məndə Sərraf Qasıma qarşı məhəbbət elə o məktəb illərindən başladı. Sərraf Qasım mənim üçün uca bir zirvə idi, əlçatmaz bir zirvə idi. Deyərdim ki: “Ay Allah, kaş nə olardı Sərraf Qasımı bir dəfə üzbəsurət görərdim”. Amma elə oldu ki, mən orta məktəbi qurtarandan sonra hərbi xidmətə getdim. Qayıtdım, təsərrüfatda işləməyə başladım. Ondan sonra Sərraf Qasımla görüşməyə başladıq. Rayonda, şəhərdə, xeyirdə-şərdə tez-tez görüşərdik. Mən o adamın, o sənətkarın, o böyük şəxsiyyətin vurğunu idim. Həqiqətən də onun vurğunu idim. Çünki o sinədəftər, əsl haqq aşığı idi”. 

 

·      Fərdi yaradıcılıq yolunda Sərraf Qasım məktəbinin rolu

“O vaxtlar Qarabağ rayonlarından bizim kəndlərə aşıqlar gələrdilər. Onlar həmişə Sərraf Qasımdan şeir alıb aparardılar. El məclislərində Sərraf Qasımın şeirlərini oxuyardılar. Mənim güclü yaddaşım olub, gənc vaxtlarımda mən də Məhəmmədhüseyn Şəhriyardan, Səməd Vurğundan, Aşıq Alıdan, Aşıq Ələsgərdən şeirlər əzbərləyərdim, el məclislərində, toylarda deyərdim. Heç yadımdan çıxmaz, bir dəfə şeirsevər yaxın bir adam yaxınlaşıb mənə dedi ki: “Hünərin varsa, Sərraf Qasım kimi özün şeir yaz, başqalarının şeirini oxuma”. Artıq aradan neçə illər keçib, bəlkə qırx ildən artıq bir vaxt keçib, o sözlər mənim yadımdan heç çıxmır, həmişə yadıma düşür. Nəhayət elə oldu ki, 90-cı illərin ortalarından mən də əlimə qələm alıb şeir yazmağa başladım. İndiyədək mənim özümün on iki kitabım çapdan çıxıb”.

 

·   Ustadın sənət möhrü və mənzum cavabnamələr

“Sözümü bir məsələyə gətirmək istəyirəm. Demək, 2000-ci ilin əvvəlləri idi. Mən Sərraf Qasıma silsilə şeirlər yazıb göndərdim. Hərəmiz bir qolda yaşayırıq: o Batabad tərəfdə, mən Kükü tərəfdə. Aradan bir ay keçəndən sonra rəhmətlik “Sazlı, sözlü dağlar” adlı mənzum poemasını yazıb, öz əli ilə onu belə bir kitabça şəklinə salıb mənə göndərmişdi. Bu əsərdə Sərraf Qasım mənim bütün şeirlərimə cavab vermişdi. Təbiətdən, gözəllikədən, dağlardan, allı-güllü yaylaqlardan, bulaqlardan, dünyanın gəlişindən-gedişindən — hər şeyi yazıb. Mənim şeirlərim haqqında, yazılarım haqqında öz fikrini bildirib”.

 

~~~

 

Beləliklə, bu mənzum yazışma sadəcə iki şairin məktublaşması deyil, Sərraf Qasım məktəbinin dərin köklərini və Naxçıvan ədəbi mühitində ustad-şagird ənənəsinin müasir dövrdəki ən gözəl, canlı nümunələrindən biri kimi tarixə həkk olundu. Sərraf Qasımın həmin dövrdə Maarif Təmkinin yaradıcılığına verdiyi ali qiymət ustadın “Sazlı, sözlü dağlar” adlı poemasındakı bu misralarda öz əbədi ifadəsini tapmışdır:

 

Yaradan sinənə bir kam nəxş etmiş,

İlham adlı dolu bir cam nəqş etmiş,

Sərraf Qasım deyər Allah bəxş etmiş,

Fitrət özündədi, özündə Maarif,

Qiymət sözündədi, sözündə Maarif.

 


▬▬▬ ▬▬▬



🎬 Aşağıdakı pleyerə klikləyərək şair Maarif Təmkinin Naxçıvan Televiziyasına Sərraf Qasım haqqında verdiyi müsahibəni izləyə, onun bu səmimi söhbətlərini öz dilindən dinləyə bilərsiniz:




▬▬▬ ▬▬▬



✦ Şair Maarif Təmkinin öz ustadı Sərraf Qasıma ithaf etdiyi poemalar haqqında ✦


Naxçıvan ədəbi mühitində ustad-şagird ənənəsinin müasir dövrdəki ən parlaq təzahürü və əyani nümunəsi məhz ustad sənətkar Sərraf Qasım ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tanınmış Naxçıvanlı şair Maarif Təmkin arasında formalaşmışdır. Sərraf Qasımı özünə ustad hesab edən şair Maarif Təmkin üçün onun irsi uca və əlçatmaz bir sənət zirvəsi hesab edilirdi. Hələ uşaqlıq illərindən ustadın sənətinə böyük heyranlıq bəsləyən müəllif, sonralar onun ədəbi məktəbinin ruhu ilə qanadlanaraq fərdi yaradıcılıq yoluna qədəm qoymuşdur.

Bu köklü mənəvi bağın təməli 2000-ci illərin əvvəllərində qoyulmuşdur. Həmin dövrdə iki sənətkarın sağlığında bir-birinə ünvanladığı silsilə mənzum məktublar ustad-şagird münasibətlərinin kamil bir örnəyinə çevrilmişdir. Sərraf Qasım kimi nəhəng bir el sənətkarı tərəfindən bəyənilməyi və ondan yüksək qiymət almağı özü üçün ən böyük sənət pasportu hesab edən Maarif Təmkin, ustadına qarşı hər zaman sonsuz bir sevgi və qədirşünaslıq bəsləmişdir. Şair öz mənəvi ustadı hesab etdiyi Sərraf Qasıma iki irihəcimli poema həsr və ithaf etmişdir: “Üzü bəri baxan dağlar” (bu əsər müəllifin “Ömür, hara tələsirsən?” adlı kitabında tam şəkildə işıq üzü görmüşdür) və “Bir ünvanın sorağında” (bu əsər hələlik çap olunmamışdır və əlyazma şəklindədir).


🔹 “ÜZÜ BƏRİ BAXAN DAĞLAR” - (poema)

Müəllif: Şair MAARİF TƏMKİN 

👉 Poemaya bax ➤ (PDF)


🔹 “BİR ÜNVANIN SORAĞINDA” - (poema)

Müəllif: Şair MAARİF TƏMKİN 

👉 Poemaya bax ➤ (PDF)




▬▬▬ ▬▬▬




⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 




Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)