AŞIQ AYDIN CƏFƏROVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR
✅ Aşıq AYDIN CƏFƏROV
Ustad aşıq, Şahbuz Şəhər İncəsənət Məktəbinin saz müəllimi, Sərraf Qasımın şəyirdi
✦─── ✦─── ✦
Aşıq Aydın Cəfərovun Sərraf Qasım haqqında söhbətləri
✦─── ✦─── ✦
Ustad sənətkar Sərraf Qasımın Şahbuz aşıq mühitinin formalaşmasında və saz-söz sənətinin gənc nəsillərə ötürülməsindəki rolunu onun bilavasitə şəyirdi olmuş aşıq Aydın Cəfərov öz zəngin xatirələri ilə işıqlandırır. Üç hissədən ibarət olan bu söhbətlərdə Sərraf Qasımın həm Gəncə aşıq mühiti ilə sıx əlaqələri, həm ona “Sərraf” təxəllüsünün verilmə tarixçəsi, həm də Naxçıvanda yaratdığı aşıq məktəbinin əsasları öz əksini tapır. Eyni zamanda, Aşıq Aydın Cəfərov ustadının ona etdiyi mənəvi vəsiyyəti və Şahbuzda saz sənətinin qorunub saxlanılması yolundakı böyük xidmətlərini səmimi dillə nəql edir. Bu dəyərli xatirələr Sərraf Qasım sənətinin böyüklüyünü və onun el-oba arasındakı ustadlıq məqamını aydın şəkildə nümayiş etdirir.
✦ 1-ci hissə ✦
Aşıq Aydın Cəfərovun Sərraf Qasım haqqında Naxçıvan Televiziyası ilə müsahibəsi:
(21.02.2020)
Sərraf Qasım haqq vergisi olan aşıqlardan, böyük sənətkarlardan, el şairlərindən idi. Bizim Şahbuzda şairlər yığıncağı yaranmışdı. Məni də oraya dəvət edirdilər. Mən dəfələrlə orada, o şairlər yığıncağında bu sözü demişəm: Demişəm ki, kimsə el şairləri içərisindən deyə bilməz ki, mən Sərraf Qasıma çataram, hələ desin ki, onu ötərəm. Sərraf Qasıma çatmaq, onu ötmək mümkün deyildi.
Mən idim, Aşıq Zülal idi, bir də həmin Sərraf Qasımın yerlisi Aşıq Abdulla idi. Biz üç aşıq idik. O vaxtlar yeniyetmə idik, 20 yaşlarında biz bu regionda aşıqlığa başladıq. Bizim ustadlarımız var idi. Biz onlara ustad deyirdik. Çünki bizdən yaşda çox böyük idilər - Aşıq Fərrux və Aşıq Hidayət. Onlar yaşlı aşıqlar idilər. Sonra biz üç gənc aşıq işə başladıq. Müəyyən el tədbirlərində, televiziya tədbirlərində iştirak etdik. Biz təzə idik, naşı idik, nəyi bilmirdiksə, nəyi öyrənmək istəyirdiksə, Sərraf Qasıma müraciət edirdik. Sərraf Qasım bizim üçün bir məktəb idi.
Düzdür, 40-cı illərdən təqribən səksəninci illər arasında Naxçıvanımızda aşıq sənətində böyük adamlar olub - Aşıq Bayraməli, Aşıq Qulu və s. kimi aşıqlar. Amma o arada bir boşluq var idi. Sonralar bir boşluğa çevrilmişdi. Sərraf Qasım idi, Sədərəkdən Ağ Aşıq idi. Sonra Aşıq Əli var idi Şərurun özündən. Müəyyən aşıqlarımız var idi. Deməli, Sərraf Qasım yetmişinci illərdən üzübəri bizim üçün böyük bir örnək oldu. Beləliklə də Sərraf Qasım Şahbuz aşıq məktəbinə bir təkan verdi. Biz ondan bəhrələndik, ondan öyrəndik, eləcə də onun sözlərindən öyrəndik.
Bizim rayonumuzda Aşıq Əli adında bir aşığımız var. Aşıq Əli də saz sənətini uşaqlıq-cavanlıq vaxtlarından Sərraf Qasımın evində öyrənib. Mənim ustad saydığım, bacımın həyat yoldaşı olan Aşıq Zülal da Sərraf Qasımın evinə gedərək, orada ondan dərs alıb və sazı öyrənib. Sərraf Qasımın həmkəndlisi olan Zahir müəllim də Sərraf Qasımdan bəhrələnmişdi. Sonralar Zahir müəllim də uşaqlara və gənclərə saz sənətindən dərs keçməyə başladı. Sonra təqribən doxsanıncı illərin əvvəli idi, Vahid Qurbanov Şahbuz rayonunda ilk dəfə musiqi məktəbində saz təlimləri təşkil elədi. Həmin dövrə qədər nə var idisə, kim nə öyrənmişdirsə, Sərraf Qasımdan bəhrələnmiş və öyrənmişdir. Zahir müəllim də Sərraf Qasımdan öyrənmişdir. Saz sənətini öyrənmək istəyən uşaqlar və gənclər ya Zahir gilə, ya da Sərraf Qasım gilə gedərdilər. Bizim Şirin Şirinzadə adında cavan və çox istedadlı bir aşığımız var, hazırda Bakı şəhərində yaşayır. Şirin Şirinzadə Zülal müəllimin yanında, sonra isə İxtiyar müəllimin yanında təhsil alıb və saz sənətini öyrənib. Mən demək istəyirəm ki, burada bir məktəb var idi, o da “Sərraf Qasım məktəbi” idi. Sonralar Vahid Qurbanov Şahbuzda saz dərnəyi açdı. Tanıdığımız gənc aşıqlardan və müəllimlərdən olan Zeynəb müəllim də Vahid Qurbanovun yetirmələrindən olub. Hazırda neçə-neçə belə gənc müəllimlərimiz var ki, musiqi məktəblərində və kolleclərdə dərs deyirlər. Onların bir çoxu Vahid Qurbanovun tələbələri olublar. Vahid Qurbanov ilk saz dərnəyini açdıqdan sonra hamı Şahbuzda musiqi məktəbinə toplaşdı və sonra Kolanı Musiqi Məktəbində onun şöbəsi açıldı. Sonradan Biçənək kəndində də belə bir şöbə açıldı. Həmin dövrə qədər, Vahid Qurbanov tərəfindən saz dərnəyi açılana qədər kim nə bəhrələnmişdirsə, hamı Sərraf Qasımdan bəhrələnmişdi.
✦ 2-ci hissə ✦
Aşıq Aydın Cəfərovun “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytı ilə söhbətləri:
(07.03.2020)
Gəncədə aşıqlar içərisində Koroğlu aşıqlarından biri sayılan Aşıq Mayıs Gəncəli çox məşhur bir aşıq olub. Atam Nəriman məni göndərmişdi Gəncəyə Aşıq Mayıs Gəncəli ilə görüşməyə. Orada Aşıq Mayıs Gəncəli mənə dedi ki, Sərraf Qasım çox gözəl bir el şairidir, Sərraf Qasım burada, Gəncədə tələbə idi, hər gün Aşıqlar qəhvəsinə gələrdi, hər dəfə Aşıqlar qəhvəsinə bir təzə şeirlə gələrdi, biz o şeirləri hər gün oxuyardıq, hər məclisdə oxuyardıq. Həmin dövrdə, Məzahir Daşqının işlədiyi dövrdə Gəncədə olan aşıqların hamısı, deməli, Aşıq Mayıs Gəncəli, Aşıq Cuma, Aşıq Teymur, sonra Məzahir Daşqının özü olub və s. kimi aşıqların hamısı hər zaman Sərraf Qasımın şeirlərini oxuyublar. Dedi ki, Sərraf Qasım hər gün bizə yeni bir şeir verib, biz hər gün Sərraf Qasımdan yeni bir şeir alıb oxumuşuq.
Sonralar bir gün mən Aşıq Zülal ilə birlikdə gedib Aşıq Teymur Cavanla da görüşdüm. Teymur Cavan da Sərraf Qasım haqqında belə sevə-sevə danışdı. Eləcə də sonradan biz Borçalı aşıqları ilə bir yerdə olanda onlar Sərraf Qasımın Hüseyn Saraçlı ilə deyişməsini bizə danışırdılar. Sonradan Hüseyn Saraçlının dastan kitabında Hüseyn Saraçlının Naxçıvan səfərində Sərraf Qasımın Hüseyn Saraçlı ilə deyişməsini gördüm.
Demək, orada Aşıq Mayıs Gəncəli mənə şəxsən özü dedi ki, Sərraf Qasıma “Sərraf” təxəllüsünü biz vermişik. Orada bu sözü şəxsən mənə Aşıq Mayıs Gəncəlinin özü deyib. Dedi ki, “Sərraf” təxəllüsünü Sərraf Qasıma biz burada vermişik. Dedi ki, həmin vaxt Məzahir Daşqın burada Gəncə Mədəniyyət Evinin müdiri idi. Bax, belə bir söhbətdə və məclisdə, Məzahir Daşqın olan bir məqamda burada Sərraf Qasıma biz hamımız ona “Sərraf” təxəllüsünü vermişik.
O dövrdə Şahbuzda da Sərraf Qasımın şeirlərini oxuyublar, ancaq o vaxt şeirlərində onun təxəllüsü olmayıb, Qasımın şeirləri kimi səslənib, tam xatırlamıram, ancaq Qasım deyiləndə hamımız Xəstə Qasımın nəzərdə tutulduğunu başa düşmüşük. Onun şeirlərinin Xəstə Qasımın şeirləri olduğunu zənn eləmişik. Çünki o dövrdə mənim ağlıma gəlməzdi ki, Sərraf Qasım bizim rayonda yaşaya-yaşaya onun bu cür şeirləri olsun. Bəli, mən cavanlığımdan Sərraf Qasım haqqında bunları eşitmişəm.
Sonralar biz ikimiz də bir sahədə işlədiyimizə görə bir-birimizlə tez-tez görüşərdik. Sərraf Qasım hər dəfə rayona yolu düşəndə, rayon məscidində namaz qılmağa gələndə, Yuxarı Remeşin kəndinə kiminsə yolu düşəndə mənə öz xüsusi yazısı ilə gözəl bir şeir yazıb göndərərdi, həmişə bir şeir göndərərdi. Ondan sonra mən baxdım gördüm ki, Sərraf Qasım nə yazırmış!? Şəxsən mən hələ indi başa düşürəm ki, Sərraf Qasım nə yazırmış!?
Allah ona rəhmət eləsin. Mən hər dəfə ona müraciət edəndə, ondan istəyəndə, məclislərdə oxumağım üçün hər dəfə ondan bir şeir almışam, nəsə bir şey istəmişəm. O da sevə-sevə onu mənə verib. Allah ustadımıza rəhmət eləsin. Vallah, mən bu gün şəxsən özüm özümü qınayıram ki, ustadımla mənim niyə bu qədər zəif əlaqəm olub!? Amma mən bilirdim ki, elə bir zaman gələcək ki, bu insanın irsi araşdırılacaq.
✦ 3-cü hissə ✦
Ustad Sərraf Qasımın Aşıq Aydın üçün etdiyi vəsiyyəti
Son vaxtlar artıq Sərraf Qasım yaşlandığı üçün saz sənəti ilə bir o qədər də məşğul olmurdu. O, artıq məclislərdə dini söhbətlər apararaq insanları maarifləndirməklə məşğul olurdu. Heç vaxt yadımdan çıxmaz. Deməli, bir gün mən Aşağı Qışlaq kəndində sazla toy aparırdım, məclisdə oxuyurdum. Mən həmin məclisdə, o tayda oxuyarkən, Sərraf Qasım da bu tayda mənə qulaq asırmış. O, toydan gələnlərdən soruşur ki: “Oxuyan kimdir?” Deyirlər ki: “Aşıq Aydındır.”
Deməli, məclis başa çatır. Mən məclisdən çıxıb gəldim ki, Sərraf Qasım evlərinin yanında, yolun kənarında oturub məni gözləyir. Mən də piyada idim. Gəldim ustadla görüşdüm. Dedim: “Ustad, salam!” Dedi ki: “Salam, ay Aşıq Aydın, səni gözləyirdim. Səsin gəldi qulağıma. Soruşdum ki, bu oxuyan kimdir? Dedilər ki, Aşıq Aydındır.”
O, məni öz evlərinin həyətinə dəvət etdi. Bir az söhbət etdik. Söhbət əsnasında Sərraf Qasım belə bir ifadə işlətdi. Mənə dedi ki: “Gənc aşıqlarımız və yetirmələrimiz çox olsa da, heyif ki, Aşıq Zülal artıq bu el-obadan köçdü getdi, buralardan qaçdı getdi, rəhmətlik Aşıq Abdulla da rəhmətə getdi.”
Ustadımın sözlərini olduğu kimi deyirəm. Dedi ki: “Aşıq Aydın, artıq bu el-obada aramızda qalan əsas aşığımız sənsən. Artıq bu işləri sənə həvalə edirəm. Çalış burada, bu el-obada bu aşıq sənətini qoru, bu sənətin yaşadılması yolunda cavanların qayğısına qal, onlara dəstək ol.”
Bax, bu sözləri Sərraf Qasım mənə deyib. Həmin vaxt aramızda baş tutan bu söhbət mənim üçün çox böyük əhəmiyyətə malik olan bir söhbət idi. Bu söhbət ustaddan mənə edilən bir nəsihət və vəsiyyət idi. Allah ustada rəhmət eləsin! Mən də böyük ustadın vəsiyyətini yerinə yetirmək üçün nə qədər ki Naxçıvandayam, aşıq sənətinin yaşadılması uğrunda əlimdən gəldiyi qədər uşaqlarla, gənclərlə bu sahədə məşğul oluram, müəyyən qədər onlara köməklik etməyə çalışıram, bildiklərimi bu eldə, bu obada paylaşıram. Sərraf Qasımın adını da hər zaman yaşatmağa çalışıram.
✦─── ✦─── ✦
🎬 Aşağıdakı pleyerə klikləyərək Aşıq Aydın Cəfərovun Sərraf Qasım haqqında verdiyi müsahibəni izləyə, onun bu səmimi söhbətlərini öz dilindən dinləyə bilərsiniz:
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder