ZAHİR HÜSEYNOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR
✅ ZAHİR HÜSEYNOV
Kolanı Kənd Uşaq Musiqi Məktəbinin sabiq saz müəllimi, el ağsaqqalı, Sərraf Qasımın yaxın dostu və şəyirdi
✦─── ✦─── ✦
Zahir Hüseynovun Sərraf Qasım haqqında səmimi söhbətləri
✦─── ✦─── ✦
Sərraf Qasımın yetirməsi və yaxın dostu, Kolanı Kənd Uşaq Musiqi Məktəbinin saz müəllimi Zahir Hüseynovun 3 hissədən ibarət xatirələri ustadın həm nurani şəxsiyyətini, mənəvi dünyasını, həm də zəngin bədii irsini və yaradıcılığını birinci mənbədən işıqlandırır. Bu söhbətlərdə Sərraf Qasımın Naxçıvanda təmənnasız təməlini qoyduğu saz məktəbi haqqında məlumatlar, ona "Sərraf" təxəllüsünün verilmə tarixçəsi, ibadət və xeyriyyəçilik əməlləri, eləcə də yetirmələrinə göstərdiyi ustad qayğısı geniş surətdə əks olunmuşdur. Eyni zamanda, Xalq şairi Zəlimxan Yaqub kimi görkəmli söz xiridarlarının Sərraf Qasım sənətinə və onun dərin mənalı bağlamalarına verdiyi yüksək dəyər xüsusilə vurğulanmış, həmçinin Zahir Hüseynov öz ustadı Sərraf Qasımı zəmanənin Ələsgəri adlandırmışdır.
Zahir Hüseynovun ustad sənətkarın ömür yolu və sənət dünyası haqqında 10 fevral 2019-cu il tarixində ekskluziv olaraq “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytı üçün səsləndirdiyi bu dəyərli xatirə söhbətlərini aşağıda video və mətn formatında diqqətinizə təqdim edirik.
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
✦ 1-ci hissə ✦
Sərraf Qasımın şəxsi həyatı barədə
Mən deyərdim ki, Sərraf Qasım haqq aşığıdır, haqq şairidir. Onun hər kəlməsi Allahın adı ilə başlayardı. Kim ona yaxın gedərdisə, kim ona salam verərdisə, deyərdi: “Namaz qıl, oruc tut, haqqını tanı”.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində işləmiş Abutalıb Qasımov adlı bir şəxs var idi. O da bu son zamanlarda rəhmətnə gedib. O, Sərraf Qasımın vəfatını eşidib gəlmişdi. Abutalıb müəllim deyirdi ki, “Məndə Sərraf Qasımın bir dini kitabı var, mən həccə gedib-gəlmişəm, mən Sərraf Qasımın kitabını həccə gedib-gələndən sonra əldə etmişəm, əgər bilsəydim ki, Sərraf Qasımla tanış olub bu kitabı əlimə keçirəcəm, mən heç həcc ziyarətinə getməzdim, gəlib burada Sərraf Qasımı ziyarət eldərdim”.
Sərraf Qasım İmam Hüseyn aşiqi, tam mənası ilə Allah qulu idi. Sərraf Qasımın dilindən çıxan hər kəlmə haqq sözü, Allah, İmam və Peyğəmbər kəlamları idi:
Sığınmışam dərgahına mən sənin,
Niyyətimi eylə hasil, ay Allah!
Dada yet deyirəm, Sənə təvəkkül,
Eyləmə sən məni müşkül, ay Allah,
Niyyətimi eylə hasil, ay Allah!
Ömrüm, günüm keçib, çox azdır vaxtım,
Yox dolu xəzinəm, yox tacı-taxtım,
Oyanmır iqbalım, oyanmır baxtım,
Qoymur bir şad olum nisgil, ay Allah,
Niyyətimi eylə hasil, ay Allah!
Sərraf Qasım deyər, mən kəlam verim,
Namazda təşəhhüd, həm salam verim.
Beş gözəl bağını açdır, mən görüm,
Sevindirsin məni beş gül, ay Allah,
Niyyətimi eylə hasil, ay Allah!
Sərraf Qasımın niyyəti hər zaman Allah ilə idi. Kim ona yaxın gedərdi, kim ona salam verərdi, deyərdi ki, “Namaz qıl, oruc tut, haqqını tanı”. Eyni zamanda Sərraf Qasım neçə-neçə insanlara namazı öyrədib. “Namazın yoxdursa Allah-taala səni bağışlamaz”. Onun kəlmələri, dediyi nəsihəti bu idi. Deyərdi ki, “Namaz qıl, oruc tut, Allahı tanı, necə ki mən o yolu tutmuşam, sən də o yolu tut”. Mən eşitməmişəm ki, bir nəfər Sərraf Qasımdan inciyə. Ondan inciyən ola bilməzdi.
Sərraf Qasım Sovet dövründə universiteti bitirib Gəncədən qayıdandan sonra bir müddət rayon sovxozunun sədri vəzifəsində işləyir. Mə heç vaxt eşitmədim ki, bir işçi, bir çoban, bir naxırçı, bir fəhlə onun dilindən incisin, ondan narazılıq etsin. Şəxsiyyətdə şəxsiyyət idi, mərifətli və qanacaqlı bir insan idi. Necə ki, o haqq adamı idi, elə də haqq aşığı idi, haqq şairi idi. Aşağı Qışlaq kəndində mərasim evi tikilirdi. Biz o mərasim evinin tikintisi üçün nə qədər pul yığıb vermişdiksə, Sərraf Qasım onun ikiqatını vermişdi. O, belə səxavətli bir insan idi.
Mən Sərraf Qasımın vəfatına inanmırdım, inana bilmirdim. Ancaq Sərraf Qasım özünün vəfat vaxtını, dəqiqəsini, saniyəsini bilirdi. Allah-taala ona o talantı vermişdi. Sərraf Qasımın kimə borcu var idisə, yazmışdı və ya vermişdi. Vaxtının tamam olduğunu bildiyi üçün kimə deyəcəyi sözü, nəsihati var idisə hamısını yazıb qoymuşdu. Hər şeyi hazır etmişdi. Sanki dəqiqəsinə qədər bilirdi ki, vəfat vaxtı gəlib çatıb. Allah-taala ona bu istedadı vermişdi. Allah Sərraf Qasıma qəni-qəni rəhmət eləsin, qəbri nur ilə dolsun.
🎬 Aşağıdakı pleyerə klikləyərək Zahir Hüseynovun bu səmimi söhbətlərini onun öz dilindən dinləyə bilərsiniz: (1-ci hissə)
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
✦ 2-ci hissə ✦
Sərraf Qasımın yaradıcılığı barədə
Sərraf Qasım Naxçıvan Muxtar Respublikasında saz məktəbi yaradıb. Mənim saz öyrənməyimin baisi Sərraf Qasım olub. Sərraf Qasım mənim ustadım olub, eyni zamanda mənim kimi bir neçə saz müəllimlərinin və aşıqların ustadı olub. Sazın ifa olunmasını, bütün saz havalarını mənə Sərraf Qasım öyrədib. Eyni zamanda mən o yolu davam etdirmişəm. Sərraf Qasımın sözü ilə bərabər sazını da yaşatmışam. Onun mənə çox hörməti keçib. Sərraf Qasımın sayəsində mən 11 il Kolanı Kənd Uşaq Musiqi Məktəbində saz müəllimi işləmişəm.
Sərraf Qasım öz evini bir məktəbə çevirmişdi. Onun evi bir məktəb idi. Biz onun evini məktəb bilirdik. Məndən başqa neçələri də o evdə saz öyrənib, söz öyrənib, bu sənəti yaşadıblar. Məndən başqa Sərraf Qasımın yanına Yuxarı Qışlaq kəndindən Aşıq Abdulla Fətəliyev, Şair Çərkəz Vətənoğlu, Məhəmməd Səfərov kimi şəxslər gələrdilər. Eyni zamanda mən də onlarla bərabər Sərraf Qasımın yanına gedərdim. Məni belə görəndən sonra, onlar da Sərraf Qasımdan öyrənmək istədilər. Sərraf Qasım evini məktəb eləmişdi. O, təmənnasız surətdə bizə saz sənətini öyrədib. Mən heç kimdən eşitməmişəm ki, Sərraf Qasım kiməsə saz öyrədə, söz öyrədə və ondan təmənna uma. Mən heç kimdən bunu eşitməmişəm. 3-4 il ərzində o mənə saz sənətini öyrədib, özü də təmənnasız surətdə. Bununla yanaşı, hələ o özünə aldığı sazı da mənə hədiyyə eləyib. Sərraf Qasım Şahbuzda yaşayan rəhmətlik Vahid müəllimə də saz hədiyyə eləyib. Sərraf Qasım bu yolu qoruyanlara, bu xalq yaradıcılığını yaşadanlara həmişə böyük hörmət bəsləyərək, hədiyyələr verib.
Sərraf Qasım haqq aşığı idi, haqq şairi idi. Sərraf Qasım yazdığı şeirlərlə, hərəkəti ilə, insanlığı ilə, mərifəti ilə, dediyi tövsiyələr ilə Dədə Ələsgər ilə qoşadır. Mən Sərraf Qasımı zəmanənin Ələsgəri sayıram. Sərraf Qasım gənc yaşlarında olarkən, orta məktəbdə oxuyanda şeir yazmağa başlayır. Lakin gedib Gəncədə ali təhsil almağa başlayanda Sərraf Qasıma əsas təb oradan gəlir. Sərraf Qasımın şairliyi oradan başlayır, oradan Sərraf Qasım şairlər cərgəsinə düşür, aşıqlar cərgəsinə düşür. Sərraf Qasımın sözlərini Gəncəli Aşıq Maisdən çox bilən yox idi. “Sərraf” təxəllüsünü ona rəhmətlik Borsunlu Məzahir Daşqın, eyni zamanda Aşıq Mais Gəncəli və əlavə bir neçə digər aşıqlar veriblər. Söz sərrafı olduğuna görə ona bu təxəllüsü veriblər.
Bərdədə balabançı Bəhram adlı bir sənətkar olub, Sərraf Qasıma peşəkar saz ifaçılığını ilk dəfə o öyrədib. Sərraf Qasım deyərdi ki, “Bərdədə işləyəndə mənim orada aşıqlarla çox sıx ünsiyyətim olurdu, aşıqlar gələrdi onlarla söhbət eləyərdik”. Balabançı Bəhram həm saz çalırdı, həm balaban çalırdı. Sərraf Qasım deyərdi ki, “Mənə saz ifaçılığını Bərdəli balabançı Bəhram öyrədib”. Balabançı Bəhram bizim kəndə də bir dəfə gəlmişdi. Sərraf Qasım eyni zamanda Arpaçaylı Aşıq Həmid ilə də tanış olub, onu özünə ustad kimi qəbul eləyib, eyni zamanda yazdığı sözlərdən də ona göndərib. Aşıq Həmid də bizim kəndə gəlmişdi. O da Sərraf Qasımın sözlərindən oxuyardı. Onda Sərraf Qasım hələ cavan idi, universitetdə oxuyurdu. Aşıq Həmid deyərdi ki, “Mən Sərraf Qasımla tanışam, o, mənə də öz şeirlərini göndərib”. Aşıq Həmid həmin vaxt eyni zamanda Sərraf Qasımın “Azərbaycan xəritəsi” poemasını ifa elədi. Çox gözəl ifa elədi. Onun bu ifası məni də çox həvəsləndirdi. Həmin poemanı mən də əzbərləmişəm.
Sərraf Qasımın özü nəql edər, deyərdi ki, “Gəncədə təhsil alarkən gördüm ki, bir elan yazıblar. Getdim elanı oxudum ki, Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə konsert keçiriləckdir. Mən də bir tamaşaçı kimi getdim konsertdə oturdum. Baxdım ki, konsertdə xalq çalğı alətlərindən əsər-əlamət yoxdur. Çalğı alətlərinin hamısı caz alətləridir, ifa olunan mahnıların hamısı caz mahnılarıdır, caz oyunlarıdır. Heç geyimləri də müsəlman geyimi deyil, azərbaycanlı geyimi də deyil”. Sərraf Qasım deyir “Mən həmin vaxt götürüb öz ustadım Aşıq Həmidə belə bir məktub yazdım”. Bunu Sərraf Qasımın öz dilindən eşitmişəm, yadımda qalanları deyəcəm. Deyir “Ustadıma belə bir şeir yazdım”:
Yüz suallı bir cavabda,
Söz önünü bilməliyəm,
Üstü geyim, qırxıq qoyun,
Caz oynunu bilməliyəm.
O da mənə cavab yazdı ki, “Gedib elə bir şəraitə düşmüsən ki, sən orada caz oyununu da bilməlisən, qaz oyununu da bilməlisən, söz önünü də bilməlisən”.
Sərraf Qasım Aşıq Həmidi özünə ustad hesab edirdi. Mənim yadımdadır, 78-ci il idi, bazar günü idi, gördüm ki kəndimizə iki nəfər gəlir, qonaq idilər. Gözlədim, gəldilər, yaxınlaşdılar, salamlaşdıq. Baxdım ki, biri aşıqdır, sazı var, cavan oğlandır. Görüşdük. Mən onları evə dəvət elədim. Hələ bir gündə bizdə, mənim evimdə qonaq qaldılar. Soruşdum ki, “Hara gedirsiniz? Nə yaxşı gəlmisiniz, xoş gəlmisiniz”! Birinin adı Zərraf Kərəm idi. Cavan oğlan idi, 28 yaşı var idi. Yanında da Nəriman adlı bir balabançısı var idi. Dedi ki, “Biz Göyçədən Qazaxa toya getmişdik. Orada bizə dedilər ki, Sərraf Qasımın sözlərindən oxuyun”. Deyir ki, “Biz Sərraf Qasımın adını birinci dəfə idi ki eşidirdik. Səndemə Sərraf Qasımın adı, Sərraf Qasımın şeirləri Gəncə-Qazax zonasında dillərdə əzbər imiş, ancaq bizim bundan xəbərimiz yox imiş. Biz də Sərraf Qasımın adresini öyrənib, onu görmək üçün bura gəlmişik”. Dedim ki, “Düz adresə gəlmisiniz”. Mən onlara bir dəftərdən ibarət Sərraf Qasımın şeirlərini verdim. Eyni zamanda onları bir gün ərzində öz evimdə qonaq elədim. Onu da da deyim ki, o cavan oğlan əlil idi, görmürdü. Mən ona sual elədim. Soruşdum ki, “Bu əlillik sonradan olub, yoxsa necə”? Dedi ki, “Anadangəlmə mənim gözlərim görmür, anadangəlmə əliləm”. Çox gözəl saz çalırdı. Mən inanmırdım ki, belə bir əlil adam belə gözəl saz çalsın. Dedi ki, “Allah-Taala mənim gözümü alıb, ancaq mənə güclü bir zəka verib, sənin bir dəfə dediyin şeiri mən əzbərdən qaytarıb sənə deyə bilərəm”. Ləqəbi Zərraf Kərəm idi.
Sərraf Qasım Gəncədə oxuyanda qardaşı Müslümə bir saz gətirmişdi. Gəncədən gətirmişdi. Mən də saz sənəti ilə maraqlanıb, Sərraf Qasımdan saz sənətini öyrənəndə həmin saz ilə ifa edib, öyrənmişəm. Daha sonra Sərraf Qasım həmin sazı mənə bağışladı. Mənim həvəsim olduğu üçün, havaları öyrənə bildiyim üçün, ifa eləməyi bacardığım üçün o sazı mənə bağışladı, hədiyyə elədi. Həmin saz indi də qalır. Mən həmin sazla toy məclislərinə də getmişəm. Ustadım Sərrraf Qasımın hesabına getmişəm. Allah Sərraf Qasıma qəni-qəni rəhmət eləsin. Sərraf Qasım mənim müəllimim, ustadım və ən bacarıqlı aşıq olub. Sərraf Qasım mənə bu sazı öyrədəndən sonra mən onun sözlərini də öyrənməyə, əzbərləməyə başladım. Mən çox adamın şeirlərini öyrənirdim. Ancaq Sərraf Qasım mənə ən yaxın bir aşıq və şair olduğu üçün mən mütləq onun sözlərini də öyrənməli idim. Çünki o həm mənim ustadım idi, həm də söz sərrrafı idi. Mən Sərraf Qasımın şeirlərinin bir çoxunu əzbərdən bilirəm. Sərraf Qasım mənə bu sazı öyrədəndən sonra mən onunla yaxın dost olmuşam. Biz yaxın dost olmuşuq. Allah ona qəni-qəni rəhmət eləsin!
🎬 Aşağıdakı pleyerə klikləyərək Zahir Hüseynovun bu səmimi söhbətlərini onun öz dilindən dinləyə bilərsiniz: (2-ci hissə)
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
✦ 3-cü hissə ✦
Zəlimxan Yaqubun Sərraf Qasım haqqında söylədiyi sözlər barədə
Mən Sərraf Qasımı zəmanənin Ələsgəri sayıram. Çünki Sərraf Qasım yazdığı şeirləri ilə, hərəkəti ilə, insanlığı ilə, mərifəti ilə, dediyi tövsiyələri ilə Dədə Ələsgərə bərbarə bir şəxsdir. O, Dədə Ələsgərlə qoşadır. Mən Sərraf Qasımı zəmanənin Ələsgəri sayıram. Gənc yaşlarında Gəncədə ali təhsil almağa başlayanda Sərraf Qasıma əsas təb oradan gəlir. Sərraf Qasımın şairliyi oradan başlayır. Oradan Sərraf Qasım şairlər cərgəsinə düşür, aşıqlar cərgəsinə düşür. Sərraf Qasımın sözlərini Gəncəli Aşıq Maisdən çox bilən yoxdur.
Şahbuzun Kolanı kəndindən olan rəhmətlik Əhliman müəllim Sərraf Qasımın qələm dostlarından biri idi. O da şair idi, şeir yazırdı. Əhliman müəllim deyirdi ki, bir gün gedib Zəlimxan Yaqubun qəbuluna düşdüm. Getdim Sərraf Qasımın kitabını Zəlimxanın stolunun üstündə gördüm və təəcübləndim. Zəlimxan isə mənə dedi ki, “Bəli, Sərraf Qasım da Şahbuzlu şairlərdəndir, mən onun şeirlərini oxuyuram, ancaq bir məna çıxarda bilmirəm. Onun şeirləri çox qəlizdir, şəri cəhətdən dərin mənalıdır, çox bağlamalıdır. Şeirlərinin bağlamaları var. Mənim özüm də bədahətən şeir yazıram, bədahətən söz deyirəm, ancaq bu yolu tuta bilmirəm”. Rəhmətlik Əhliman müəllim belə deyərdi. Deyərdi ki, Zəlimxan Yaqub deyib ki, “Sərraf Qasımın bu kitabını Həsən Mirzə mənə verib. Mən də buna baxıram. İndi mən istəyirəm, çalışıram ki, onunla görüşüm”. Zəlimxan Yaqub deyib ki, “Həsən Mirzə bu kitabı mənə verəndə mən bunun yazılarına, şeirlərinə baxdım dedim ki, bu sözlər sanki klassik şairlərin, Xəstə Qasımın, ya da Abbas Tufarqanlının sözləridilər. İndiki zəmanədə belə sözlər, belə şeirlər yaza bilən şəxs yoxdur. Bu kimi sözləri ancaq klassik şairlər, klassik aşıqlar yazıblar”. Həsən Mirzə isə deyib ki, “Ünvan budur: Şahbuz rayonunun Aşağı Qışlaq kəndi, Sərraf Qasım bu ünvanda yaşayır. Onun adresini mənə Gəncəli Aşıq Mayis verib”.
Eyni zamanda deyir, biz orda Sərraf Qasımın bir neçə şeirinə baxdıq. Orda Sərraf Qasımın şeyx ilə söhbəti var idi. Deməli şeyx Özbəkistandan gəlib məscidləri yoxlayır. Sərraf Qasım da təsadüfən ora gedir. Sərraf Qasım orada şeyxə belə deyir, ona bir neçə sual verir:
Ey şeyx ağa! O nədir ki, yarı haram, yarı halal,
Bir-birindən başdır, hansı səyyadın şikarı halal?
O kimdir ki, naxış vurur, nə ilə, nə cəlal qurur?
Neçə min qoşunla durur pirində sərdarı halal?
Sərraf Qasımın belə bağlamalarını oxuyandan sonra Zəlimxan Yaqub deyib ki, “Belə sözləri ancaq klassik aşıqlar, klassik şairlər yaza bilərdi”. Ancaq Həsən Mirzə ona deyib ki, “Mən bu kitabı Gəncəli Aşıq Maisdən almışam, ünvanı da ondan almışam”. Zəlimxan Yaqub da deyib ki, “Allah qismət eləsin, inşallah onunla görüşmək fikirim var”.
🎬 Aşağıdakı pleyerə klikləyərək Zahir Hüseynovun bu səmimi söhbətlərini onun öz dilindən dinləyə bilərsiniz: (3-cü hissə)
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder