MİRƏLİ KƏRİMOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

MİRƏLİ KƏRİMOV

El ağsaqqlı, Şahbuz rayonu Yuxarı Qışlaq kəndinin axundu

✦─── ✦─── ✦

Mirəli Kərimovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər 

✦─── ✦─── ✦

Hər kəlməsində hikmət və dərin bir irfan yatan Sərraf Qasım təkcə yaratdığı sənətlə deyil, həm də yaşatdığı insani dəyərlərlə yaddaşlarda dərin iz buraxmışdır. Mirəli Kərimovun onun mənəvi dünyası, halallıq sevgisi və ağsaqqallıq məqamı haqqında söylədiyi təsirli xatirələr sənətkarın uca şəxsiyyətini bütün aydınlığı ilə gözlər önünə sərir. 

Mirəli Kərimovun 09 fevral 2019-cu il tarixində Sərraf Qasımın anım mərasimində çıxış edərkən ustad şairin mənəvi ucalığı və nümunəvi ömür yolu barədə səsləndirdiyi dəyərli fikirləri aşağıda video və mətn formatında təqdim edirik: 


✦─── ✦─── ✦


Mərhum Sərraf Qasım evdən yox, eldən gedən insanlardan, şairlərdən və elm adamlarından idi. Ona görə də elə bir sahə, elə bir yer olmazdı ki, Sərraf Qasım həmin sahədə öz ağsaqqallığını eləməsin. Mən təsəvvür eləmirəm ki, doğrudan da tarix yenidən Sərraf Qasım kimi şəxsiyyətləri yetişdirsin. Amma xoşbəxtçilik burasındadır ki, yəni doğrudan bir neçə qəbil insanlar var ki, onlar dünyasını dəyişəndən sonra onların name-ye əməlləri qiyamətə qədər açıq qalar. Kimlərdir onlar? Yəni qiyamətə qədər name-ye əməlləri açıq qalan şəxslər kimlərdir? Cavabı belədir: O kəslər ki, məscid tikdirərlər, yol çəkdirərlər, məktəb tikdirərlər, ehsan quyuları qazdırarlar, ehsan ağacları əkələr. Yəni ölümlərindən sonra həmin şəxslərin ehsanlarından istifadə edilər. Eləcə də saleh övlad qoyub getmiş şəxslər. Həqiqətən də rəhmətlik Sərraf Qasım özündən sonra həm gözəl övladlar qoyub gedib, həm də bizim üçün çox böyük bir irs qoyub gedib. Əhli-beyt sevgisi, Əhli-beyt haqqında və digər sahələrdə onun yazdığı şeirlər mənə elə gəlir ki, qiyamətə qədər deyilən sözlərdən olacaq.  

Yadımdadır, bizim kənddə, Yuxarı Qışlaq kəndində bir mərasim keçirilirdi, Sərraf Qasım da həmin mərasimə gəlmişdi. Sərraf Qasım orada mənə dedi ki, Ağa, mən bir iş üçün bura gəlmişəm. Soruşdum ki, bu nə işdir belə? Bildiyiniz kimi, bizim kənddə, Yuxarı Qışlaq kəndində 75 ev var. Sərraf Qasım mənə dedi ki, Sizin bu kənddəki 75 evin hamısına gedib, onların hamısından bir-bir halallıq almaq istəyirəm. Sərraf Qasım həqiqətən də bu işi gördü. Onun bu əhvalatı haqqında hər zaman bizim kənddə söhbət açılır. Bu söhbət indi də deyilir. Deyilir ki, Sərraf Qasım Aşağı Qışlaq kəndindən Yuxarı Qışlaq kəndində gələrək, Yuxarı Qışlaq kəndindəki 75 evin yetmiş beşinə də getdi, onların hamısından bir-bir halallıq aldı. Sərraf Qasım Sovxozda işləyəndə onun işçilərinin bir çoxu Yuxarı Qışlaq kəndinin sakinləri olub. Buna görə də Sərraf Qasım onlara deyib ki, mən uzun müddət həm sovxozda, həm də digər yerlərdə sizinlə birlikdə işləmişəm, indi də müəyyən ziyarətgahlara getmək fikrim var, ona görə əgər mənim sizə qarşı hansısa səhvim, qüsurum olubsa, məni halal eləyin. Beləliklə də, Sərraf Qasım öz sağlığında tanıdığı insanlardan öz halallığını aldı. Bunu bizim bir çoxumuz etmirik, elə bilirik bəlkə sanki bu dünya bizimdir, bu dünyada həmişəlik yaşayacağıq.  

Həqiqətən də bizim məclislərimizdə Əhli-beytdən söhbət açılanda Sərraf Qasım buna çox həvəslənərdi, çox sevinərdi. O, bir neçə dəfə məclislərdə mənə irad tutaraq deyib ki, Ağa sən niyə söhbəti açıq danışmırsan? Mən isə deyərdim ki, axı elə bir hədd var ki, mən o həddən o tərəfə keçə bilmərəm. O isə deyərdi ki, yox, məsələ necədirsə, sən onu elə olduğu kimi xalqa deməlisən.

Bu gün artıq Sərraf Qasım bizim aramızda yoxdur. Sabah mən də olmayacağam, siz də olmayacaqsınız. Ona görə də bu həyatda yaxşı yaşayıb, yaxşılıq eləyib, yaxşı izlər qoyub getməyə çalışmalıyıq. Necə ki, rəhmətlik Sərraf Qasım gözəl izlər qoyub gedib, gözəl irslər qoyub gedib,  gözəl xatirələr qoyub gedib. Allah ona qəni-qəni rəhmət eləsin.  

🎬 Aşağıdakı pleyerə klikləyərək Mirəli Kərimovun bu səmimi söhbətlərini onun öz dilindən dinləyə bilərsiniz:





▬▬▬ ▬▬▬




⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim





Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)