SƏRRAF QASIMIN ÖMÜR YOLU - (Elmi-ədəbi məqalə) Müəllif: TAHİRƏ BAĞIROVA

Bu elmi məqalə 2024-cü ildə “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının 1 nömrəli buraxılışında çap olunmuşdur. 

Məqalənin müəllifi: Filologiya üzrə fəlsəfə doktoru TAHİRƏ BAĞIROVA 

👉 Məqaləyə bax ➤ (PDF)


Aşiq, bura Nuh çıxan,

Qədim adı “Nuhçıxan”.

Nuh babama bağlı ad,

Olub indi “Naxçıvan”.

Sərraf Qasım.

 

Sərraf Qasımın ömür yolu


Çağdaş Naxçıvan Aşıq məktəbinin banisi unudulmaz və istedadlı el sənətkarı,söz sərrafı Sərraf Qasım əlinə qələm,sinəsinə saz aldığı ilk vaxtlardan etibarən həyatının sonunadək xalqa, vətənə məhəbbət duyğusu ilə yazdı,yaratdı.

Xalqımızın qədim tarixi ilə bağlı olan, əsrlər keçdikcə müasirliyə qovuşan aşıq sənəti folklorumuzun təsdiqidir. Dərin məzmunlu, zəngin sənət növü kimi formalaşan aşıq yaradıcılığı Naxçıvanda ta qədimdən inkişaf edib, saz və söz yaradıcılığı sahəsində aşıq sənətinə misilsiz töhfələr verib.Azərbaycan şairi,çağdaş Naxçıvan aşıq məktəbinin banisi Sərraf Qasım Şahbuz aşıq mühitinin uzun illər ərzində saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib. Rüstəmli Sərraf Qasım Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur .Orta təhsili öz doğma kəndində alan Sərraf Qasım,1962-1967-ci illərdə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tam ali təhsili alaraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir.

Uşaqlıqdan saza, sözə həvəs göstərən Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada müxtəlif sənət adamlarından və ustadlardan öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir.Gəncə mühiti Sərraf Qasımın savadlı bir alim və saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur.

Sərraf Qasım tələbəlik illərindən aşıq şeirləri və dastanlar yazmağa başlamış, tanınmışAzərbaycan aşıqlarından olan Məzahir Daşqın, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Ədalət Nəsibov, Aşıq Mayis Gəncəli və s. kimi bir çox aşıqlarla yaradıcılıq əlaqələri quraraq, onların bəziləri ilə yaxından dostluq etmişdir. Sərraf Qasım gənc yaşlarından şeirləri bu kimi aşıqlar tərəfindən bütün ölkədə bir çox el məclislərində səsləndirməyə başlamış və onun bir şair kimi tanınmağına səbəb olmuşdur.İlk şeirlərini “Qışlaqlı” təxəllüsü ilə yazmağa başlayan Sərraf Qasım aşıq və şeir məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının məsləhəti əsasında tətənəli bir mərasimdə öz təxəllüsünü dəyişərək, “Sərraf” (Sərraf Qasım) təxəllüsünü qəbul etmişdir.

Sərraf Qasım eyni zamanda həm peşəkar şair, həm də ustad aşıq və haqq aşığı olmuşdur. Bir çox aşıqlardan fərqli olaraq, Sərraf Qasımın aşıqlıq etməsi, əsasən aşıq-saz sənətini öyrənib, təmənnasız olaraq bu sənəti başqalarna öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur. Sərraf Qasım Sovet dövründə Şahbuz rayonunda müxtəlif iş yerlərində öz ixtisasına uyğun işlərdə rəsmi əmək fəaliyyəti ilə məşğul olmuş, lakin bununla da yanaşı o,ədəbi fəaliyyətini də davam etdirmiş, eyni zamanda Naxçıvan mühitində könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə, bu sənəti başqalarına öyrətməyə başlamış və nəticədə bu sahədə çox əhəmiyyətli və genişmiqyaslı səmərəli xidmətlər göstərmişdir.

Sərraf Qasımın doğma kənd evi, Sovet dövründə Naxçıvanda dövlət məktəblərində saz sənətinin tədrisinin qadağan olunduğu bir dövrdə böyük bir aşıq məktəbi kimi tanınmağa başlamışdır.

Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq məktəbinin inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XXəsrin ikinci yarsında Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna, o cümlədən Naxşıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyinə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfndən Çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandirilmlşdır.

1960-cı illərdən etibarən saz-söz snətini dərindən öyrnməyə başlamış Sərraf Qasım hər dəfə Naxçıvana öz el-obasına gələndə saz həvəskarlarının, bu sənəti öyrənmək istəyənləri evində başına toplayaraq,öz biliklərini onlara da öyrədərdi və onun bu ‘sahədə gördüyü işlər getdikcə daha geniş vüsət alardı.

Sərraf Qasımdan əvvəl və onunla eyni dövrdə də Naxçıvanda bir çox istedadlı qocaman və yaradıcı aşıqlar olub. Onların da bu sahədə bir çox önəmli xidmətləri və bir çox şəyirdləri olub. Lakin aşıq-saz sənətinin təbliğ və tədris oluması sahəsində Sərraf Qasımın gördüyü işlərin həcmi onların gördüyü işlərdən bir neçə dəfə artıq və daha çox olub və Naxçıvan zonasında böyük bir aşıq məktəbinin yaranması ilə nəticələnib. Ən əsası isə Sovet dövründə Naxçıvanda demək olar ki, heç bir yerdə və həmçinin dövlət təhsil müəssisələrində saz fənni keçirilməyib, hətta qəti şəkildə qadağan olunmuşdu. Ancaq buna baxmayaraq Sərraf Qasım aşıqlıq sənətini Naxçıvanda yaymaq və həvəskarlara öyrətmək fikirinə düşmüşdü.Məhz buna görə də Naxçıvanda bu sənəti öyrənmək istəyən şəxslər Sərraf Qasım kimi ustadlara müraciət edərdilər. Saz sənətini öyrənmək istiyənlər və yaşından asılı olmayaraq bu sənəti öyrənmək istəyənlər Naxçıvanın ayrı-ayrı bölgələrindən olsalar da, yolları uzaq olsa da, saz ifaçılığını və bu sənətin sirlərini dərindən öyrənmək üçün Şahbuz rayonunun Aşağı Qışlaq kəndinə Sərraf Qasımın evinə üz tutardılar. Sərraf Qasım isə hər zaman olduğu kimi təmənnasız olaraq onlara bu sənədi öyrədər və heç vaxt ona üz tutanları qapısından naümid qaytarmazdı.

Sərraf Qasımın qapısı hər zaman pənah gətirən adamınüzünə açıq idi, o, hətta imkan daxilində bu şəxslərə saz alıb verərdi. Zaman keçdikcə bu insanların sayı da artır və bununla da Sərraf Qasımın yaratdığı aşıq-saz məktəbinin təməli Sərraf Qasımın yaşadığı onun doğma kənd evində qoyulmuşdur.

Beləliklə də saz sənətini öyrənməklə yanaşı, Naxçıvan mühitində öz sazı və sözü ilə aşıq sənətinin geniş təbliği ilə məşğul olan Sərraf Qasımın doğma kənd evi çağdaş Naxçıvanın ən böyük aşıq-saz məktəbi kimi tanınır.Sərraf Qasımın xalq arasında tanınmış bir şair olması isə onun belə bir məktəb yaratmasında daha çox hörmət və uğur qazanması ilə nəticələnir.

Sərraf Qasımın dəstəyi və səbəbkarlığı və onun bəzi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildən etibarən Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır.

Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar, yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər.Hazırda Naxşıvanda fəaliyyət göstərən aşıqların və saz müəllimlərinin böyük əksəriyyəti, təməli Sərraf Qasım tərəfindən bu qeyri-rəsmi aşıq-saz məktəblərinin yetirmələridilər.

Qeyri-rəsmi və könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verən Sərraf Qasım, Şahbuz rayonunun mədəniyyət rəhbərliyinin israrı ilə 1996-cı ildə rayonun Kolanı Uşaq Musiqi Məktəbinin tərkibində yaranan saz məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş və bundan sonra o, öz ənənəsinə uyğun olaraq, Kolanı saz məktəbində qeydiyyatda olan şagirdlərə öz evində yaratıdğı məktəbdə rəsmi surətdə saz sənətini tədris etməyə başlamışdır.Bununla da uzun illər ərzində qeyri-rəsmi şəkildə saz sənətinin tədrisi ilə məşğul olan Sərraf Qasım, artıq bir rəsmi saz müəllimi kimi öz evində yaratdığı Saz Məktəbində dərs keçməyə başlamışdır.

Sərraf Qasıma yaratdığı bu məktbdə uğur qazanması üçün ən böyük maddi və mənəvi dəstək verən şəxs, qardaşı Aşıq Müslüm olmuşdur. Yaşca Sərraf Qasımdan böyük olan Aşıq Müslüm Rüstəmov, hələ saz sənətini öyrənməzdən əvvəl gözəl bir tar ifaçısı və tarzən olmuşdur. Sərraf Qasım Saz Məktəbi yaratdıqda isə Aşıq Müslüm tarla vidalaşaraq, saz sənətini öyrənmyə maraq göstərmişdir.O, aşıq-saz sənətinin bütün incəliklərini qardaşı Sərraf Qasımdan öyrənərək, ustad aşıq səviyyəsinə çatmış bir sənətkar kimi saz sənətini öyrənmək üçün qardaşının yaratdığı bu məktəbə üz tutan şəxslərin bir qisminə bu sənəti öyrətmişdir.

Sərraf Qasım bir çox hallarda gündüzlər vaxtı olmadığına görə axşamlar və gecələr vaxtını buna sərf edərdi. Gecələr səhərə kimi saz sədaları Sərraf Qasımın evindən eşidilərdi. Sərraf Qasım heç bir maddi-maraq güdmədən və yalnız milli dəyərlərimizdən olan aşıq-saz sənətinin yaşadılması məqsədilə öz biliklərini şəyirdlərinə və sənət yoldaşlarına öyrətməyə çalışardı.Sərraf Qasım hər zaman şəyirdlərinə, tələbələrinə deyərdi ki, “sizin mənə verəcəyiniz haqq və bəxşiş o ola bilər ki, sız də gedib öz bölgənizdə, ətrafınızda kimlərəsə bu sənəti öyrədəsiniz və onlara da tapşırasınız ki, onlar da bu sənəti başqalarına öyrətsinlər, yalnız o zaman siz mənə haqqınızı vermiş olarsınız.

Sərraf Qasımın ustad aşıq səviyyəsinə çatan və saz müəllimi kimi fəaliyyət göstərən bir çox yetirməsi olmuş, onların hamısı saz sənətinin sırlərini Sərraf Qasımdan öyrənərək, ustadının istədiyi kimi bu sənəti başqalarına öyrətməklə məşğul olmuşlar. Sərraf Qasımın həmin tanınmış yetirmələrindən mərhum Vahid müəllim Qurbanov – ( rəsmiNaxşıvan Muxtar Respublikasının ilk rəsmi sazmüəllimi), mərhum Aşıq Müslüm Rüstəmov – (tanınmış Naxşıvanlı ustad aşıq), mərhum aşıq Abdulla Fətəliyev –(tanınmış Naxşıvanlı ustad aşıq), Aşıq və şair Çərkəz Fətəliyev – (Əməkdar müəllim), Aşıq Zülal Məmmdov – (tanınmış Naxçıvanlı ustad aşıq), Aşıq Aydın Cəfərov – (tanınmış Naxçıvanlı ustad aşıq), Teymur müəllim Hüseynov – (Kolanı Saz Məktəbinin ilk müəllimi), Aşıq İxtiyar Seyidov- ( tanınmış Naxçıvanlı sazbənd və saz müəllimi), Aşıq Zahir Hüseynov –(Kolanı Saz Məktəbinin digər bir müəllimi), Aşıq Əli Şahbuzlu – (Kolanı Saz Məktəbinin daha bir müəllimi) və bunlar kimi bir çox başqa aşıq və müəllimlərin adını xüsusilə çəkmək mümkündür.

Sərraf Qasımın hal-hazırda peşəkar aşıq səviyyəsinə çatan və Naxçıvan mühitində aşıq yaradıcılığının inkişafına böyük əmək sərf edən Aşıq Tural Bağırov (Aşıq Abdullanın yetirməsi), Aşıq Şirin Şirinzadə (Aşıq Zülal və Aşıq İxtiyarın yetirməsi), və bunlar kimi bir çox digər aşıq və saz müəllimlərinin adlarını da xüsusilə vurğulamaq lazımdır.

Uzun illər ərzində Naxçıvan mühitində aşıq-saz sənətinin könüllü şəkildə təbliği və tədrisi ilə məşğul olan Sərraf Qasım, eyni zamanda bu sənətin dövlət tərəfindən dəstəklənməsi və saz fənninin dövlət təhsil müəssisələrində tədris oluması istiqamətində böyük səylər göstərmişdir. Nəhayət Vahid Qurbanov kimi onun yetirmələrinin ciddi səyləri ilə 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır.

Sərraf Qasım Azərbaycanın klassik aşıq-şair məktəblərinin layiqli bir davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə istifadə edən, həcm baxımından isə ən zəngin dastan yaradıcılığına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik şairlərdən biri olmuşdur. Xalq-aşıq şerinin bütün incəliklərinə dərindən bələd olan Sərraf Qasım, aşıq poeziyasının əksər fotmalarında şeirlər qələmə almışdır.Müxtəlif növ bayatı, qoşma,cığalı qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müsəddəs, müstəzad, divani, ayaqlı divani və dodaqdəyməzlər, eləcə də dördlük, beşlik, yeddilik, onikilik, ondördlük, onbeşlik, onyeddilik kimi müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir.

Sərraf Qasım çox sadə və təvazökar bir insan, gününü, güzəranını el içində keçirən bir el sənətkarı olmuşdur.Sərraf Qasım öz dövründə Naxçıvan ədəbi mühitinin görkəmli bir nümayəndəsi kimi Azərbaycanın müxəlif bölgə aşıqları ilə ən geniş yaradıcılıq əlaqələrinə malik olan bir şəxs kimi tanınmışdır. Tədqiqatçıların qənaətinə görə həmin dövrdə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri, şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.

Sərraf Qasım ömrünü öz yaradıcılığı ilə yanaşı, əsasən xeyirxah işlər görmək və dini ibadət və ayinlərini yerinə yetirmək kimi bəyənilən məşğuliyyətlərə həsr etmişdir. Sərraf Qasım 9 fevral 2018-ci il tarixd 78 yaşında öz doğma kənd evində sübh namazını qılıb, bir surə Quran oxuduqdan sonra ürək infarktı keçirərək, dünyasını dəyişmişdir. Sərraf Qasım elə həmin gün Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur.


Xülasə

Zəngin sənət növü olan aşıq yaradıcılığı Naxçıvanda ta qədimdən formalaşıb inkişaf edib. Naxçıvan aşıq mühiti saz və söz yaradıcılığı sahəsində aşıq sənətinə qiymətli töhfələr verib.

Məqalədə Sərraf Qasımın ömür yolu araşdırılmışdır. Çağdaş Naxçıvan aşıq mühitinin banisi Sərraf Qasım saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib. Sərraf Qasım aşıq poeziyasının müxtəlif janrlarında dəyərli əsərlər müəllifi kimi şöhrətlənib. Araşdırmalardan məlum olub ki, Naxçıvan aşıq və şairləri arasında Sərraf Qasım şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.



 ✦ ─── ✦ ─── ✦


 

Ədəbiyyat

1.      Səfərov Y. “Naxçıvan aşıq-ədəbi mühiti”.- Bakı,2009, səh.,10-17

2.      Səfərov Y. “Əsərləri”,-Naxçıvan aşıq mühiti, -11 cild.- Naxçıvan-2017, səh.,58-81.

3.      İsmayılov H. Aşıq yaradıcılığı : mənşəyi və inkişaf mərhələləri.-Bakı,Elm,2002, səh.,314

4.      Qasımlı M. “Ozan-aşıq sənəti”. –Bakı, Uğur, 2011, 304 s.

5.      Güntac Şahməmmədli. -”Saz-söz sənətimizin 80 yaşlı Sərrafı.- Nuhçıxan,2019. 6 .Naxçıvan folkloru. – Bakı “Sabah”, 1994, səh., 309-326.


Açar sözlər: Aşıq, saz, Sərraf Qasım, ömür yolu

 

Образ жизни Саррафа Гасима

Богатый вид искусства творчество ашуга формировалось и развивалось в Нахичеване с древних времен.Cреда ашуга Нахичевана внесла ценный вклад в искусство ашуга в области саза и его творчества. В статье рассматривается жизнь Саррафа Гасима.Сарраф Гасим, основатель Нахичеванской среды, научил любителей искусства секретам ашуг – саза .

Сарраф Гасим прославился как автор ценных произведений в различных жанрах ашугскойпоезии. Исследовании показало, что среди Нахичиванских ашугов и поетов не было другого человека который вел ашугских диалоги и стихи другимипоетами создавал эпосы чем СаррафГасым.

Ключевые слова: Ашук, саз, СаррафГасым, образ жизни

 

The life path ofSarrafGasim Summary

A rich art form,ashiq creativity has been formed and developed in Nakhchivan since ancient times .The environment ofNakhcivanashuq has given valuable gifts to the art of ashuq in the field of sazcreation.The article examines the life of SarrafGasim.SarrafGasim, the founder of the Nakhcivanashug environment, taught the secrets of the art ofashuq-saz to sazlovers.SarrafGasim gained fame as the author of valuable works in various genres of love poetru. According to our research, among Nakhchivan ashiq and poets, there was no other person who had dialogues and poems with other poets and ashiq and created epics than SarrafGasim

Keywords: Ashik, saz, Sarraf Gasim ,exchange, life path.

 


▬▬▬ ▬▬▬


⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 


Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)