AŞIQ SƏRRAF QASIMIN YARADICILIĞININ POETİK XÜSUSİYYƏTLƏRİ - (Elmi-ədəbi məqalə) Müəllif: ŞAHNABAD İSMAYIL
Bu elmi məqalə 2024-cü ildə AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” elmi-ədəbi jurnalının 3 nömrəli buraxılışında çap olunmuşdur.
Məqalənin müəllifi: Filologiya üzrə fəlsəfə doktoru ŞAHNABAD İSMAYIL
Aşıq Sərraf Qasımın yaradıcılığının poetik xüsusiyyətləri
Giriş: Dilin dərin qatlarına varmaq, ümumxalq danışıq dilindən bacarıqla istifadə etmək Azərbaycan aşıq mühiti nümayəndələrinin çoxunun yaradıcılığında müşahidə olunur. Bəzilərində dil qatlarının dərinliklərindən istifadə, xalq danışıq dilinin ədəbi dilə uyğun söz və ifadələrindən peşəkar şəkildə istifadə qabarıqdırsa, bəzilərində isə bu məsələ məhduddur.
Naxçıvan aşıq mühiti özünün tarixi etibarilə qədimdir. Burada müxtəlif dövrlərdə peşəkar və ifaçı aşıqlar yaşayıb fəaliyyət göstərmişlər. Orta əsrdən eti-barən Naxçıvan aşıqlarının fəaliyyəti daha gözəçarpan şəkildə inkişaf istiqamətin-də olub. Orta əsr aşıqlarından Ordubadlı Aşıq Kərim, Aşıq Süleyman, Ululu Kə-rim və b. fəaliyyət göstəriblər. Onların hər birinin yaradıcılığı Azərbaycan aşıq mühitinə dəyəri olan töhfədir. Və bu ədəbi örnəklərdə həmin dövrün ictimai-siya-si, mədəni hadisələrinə qarşı xalq münasibətini ifadə edən məsələlər qabardılmış-dır. Çünki aşıq el ağsaqqalı, el atasıdır. Xalqın dərdindən anlayan, onun səsini mə-sul insanlara yaradıcılıq silahı olan şeirləri vasitəsilə çatdırmaqdan hec bir vəchlə çəkinməyən cəsarətli şəxsiyyətdir. Bütün bunlarla yanaşı həmin aşıqların yara-dıcılığında xalqın mənəvi sərvəti olan dili ilə bağlı məqamlar da öz əksini tapır. Elə haqq sözü söyləməkdən heç də çəkinməyən adları çəkilən aşıqların, onlardan da əvvəlki dövrlərdə yaşayıb yaradan Azərbaycanın (Aşıq Alı, Dədə Ələsgər və s. kimi) görkəmli aşıqlarının yaradıcılığından bəhrələnərək formalaşan müasir dövr Naxçıvan aşıqları da xalq dili, o cümlədən klassik ədəbi dilimizin imkanlarından peşəkarlıqla istifadə edərək bir-birindən dəyərli əsərlər ərsəyə gətirmişlər.
Araşdırma obyektimiz müasir dövr Naxçıvan aşıq mühitinin istedadlı nüma-yəndələrindən olan Aşıq Sərraf Qasımın yaradıcılığıdır. Aşıq-şairin dili olduqca anlaşıqlı, xalq dil-üslub qaydalarına uyğundur. Aşığın dilində öz sələflərinin yara-dıcılıq ənənələrinə, dil-üslub xüsusiyyətinə bələdliyini ifadə edən ərəb-fars kəl-mələrindən istifadəni müşahidə etsək də milli mənşəli sözlərimizin mövcudluğu, əsasən də müqayisə zamanı üstünlüyü təqdirəlayiq haldır. Araşdırma zamanı aşı-ğın yaradıcılığında saf, təmiz; yar-yoldaş, qoyum-qardaş leksik sinonimlərindən istifadəni müşahidə edirik:
Min cəfanı çəkdim, qədir bilmədin,
Hayıf oldum sənə, qul etibarsız.
Vicdanım önündə safam, təmizəm,
Nə edim, olursan, ol, etibarsız [3, 17]
Və ya:
Sərraf Qasım deyər: ax gözümdən yaş,
Kimə bel bağlayım, kim olsun sirdaş?
Dost-müsahib, qohum-qardaş, yar-yoldaş,
Dövlət etibarsız, pul etibarsız [3, 17]
Yuxarıdakı misradan da bəlli olduğu kimi, alınma mənşəli leksik sinonim-lərdən də aşığın yaradıcılığı xali deyildir.
Aşığın başqa bir şeirində də biz leksik sinonimləri izləməkdəyik: Namus, ar [3, 9], həya, ləyaqət [3, 9], abır, ismət [3, 17] və s.
Sinonimlər Sərraf Qasım yaradıcılığında aşığın yaradıcılıq üslubuna uyğun olaraq yerli-yerində işlədilir. Aşıq belə ifadələri işlədərək mükəmməl sinonimlik cərgəsi yaratmaqla təkcə gözə, qulağa xoş gələn əsər yaratmağı məqsəd olaraq seçməyib, həm də xalqa çatdırmaq istədiyi əxlaqi-fəlsəfi məsələləri məhz si-nonimlik cərgəsinin mükəmməlliyindən istifadə edərək çatdırmağı düşünmüşdür:
Məni yurdumdan qovan var,
Deyir: - nə yurdun, yuvan var,
Nə ədalət, nə divan var,
Əyrim keçir, düzüm keçmir [3, 66]
“Sözdür” adlı qoşmasında sözün dəyəri, kəsəri, dünyanın ən böyük varından, dövlətindən üstün olduğunu oxucuya çatdırmaqla dilinin zənginliyini təmin edən sinonimlərdən də yerli-yerində istifadəyə nail olmuşdur:
Sənin şan, şöhrətin, var, dövlətin pul,
Mənim şan-şöhrətim, dövlətim sözdür.
Sənin təmtərağın, hər zinətin pul,
Mənim təmtərağım, zinətim sözdür [3, 13].
Üçüncü və dördüncü missralardakı təmtəraq – zinət sözlərini aşıq mətn daxilində sinonim kimi istifadə etmişdir. Bu da aşığın mənsub olduğu dilin daxili qayda-qanununa bələdliyini bir daha sübut edir.
Sərraf Qasımın şeirlərində klassik ədəbi dildə işlənən sinonimlərə də təsadüf edirik:
Verdim ona mən canımı,
Tapdım ləlü-mərcanımı.
Yarın canı yar canımı,
Oda yaxdı narın-narın [3, 67].
Aşıq təkcə qoşma və gəraylılarında deyil, təcnislərində, yeri gələndə yara-dılması heç də asan olmayan, ustaddan çox böyük məharət tələb edən cığalı təc-nislərində də sinonimlərdən istifadə etmişdir:
Mən aşiqəm, qəmim çox,
Dərdlinin dərd, qəmi, həm ələmi çox.
Şəhidlər başın kəsmiş, Qılınc dəlmiş nizə, ox.
Hüseyn, Əbbas, Əkbər, nə də Qasim yox,
Ancaq haqdan yardım, haqq umar, ağa [5, 301]
Dərd, qəm, ələm – sözləri burada sinonimlik cərgəsi yaratmış sözlərdir. Bu-rada hər üç söz alınma sözdür. Bu sözlərin sinonimlik yaratmasına səbəb onların eyni mənşəli olması deyildir. Bu sözlərin sinonimlik cərgəsi yaratması ona görə mümkün olmuşdur ki, sözlər ayrı-ayrılıqda həm incə məna çaları, həm üslubi məqamı, həm də işlənmə yerlərinə görə düzgün seçilmişdir. Bunlar bir-birindən məhz bu cəhətlərə görə ayrılır. Buna görə də bu sözlər sinonimdir.
“Çarəsizin çarəsini, dərdini, Dərmanını bilən, a yazıq, yazıq” [3, 13] – misra-larındakı çarə-dərd sözlərini də aşıq mətndaxili sinonimlər kimi istifadə etmişdir.
Və ya mətn daxilində bir-biri ilə sinonimlik təşkil edən sözlər də aşığın ya-radıcılığında müşahidə olunur. Onlar əgər mətndən – şeirdən çıxarılarsa sinonim-likləri mümkün olmaz:
Sərraf Qasım deyər: ağır, pis günüm,
Çatıb daha olmaz dərddən diskinim.
Çöşküyüb üstümə, getmir çiskinim,
Dolaşır köksümdə duman, ağırıyır [3, 16].
“Yarğanlar yaranar sellə, daşqınla” – misrasında da sel, daşqın sözlərini aşıq fikrinin ifadəsində ustalıqla seçərək mətndaxili sinonimlər kimi istifadə et-mişdir. Göründüyü kimi, Aşıq Sərraf Qasım dilimizin şəffaflığını qorumaq üçün milli mənşəli sinonim cütlüklərinə daha çox üstünlük vermişdir.
Sinonimlər Sərraf Qasım yaradıcılığında təkcə bir aşıq dilinin söz ehtiyatı ki-mi təqdim olunmur, onlar həm də ümumiləşərək ədəbi dil hüququna yüksəlmişdir.
Əvvəldə də qeyd etdiyimiz kimi, dilimizdə işlənən, klassik ədəbiyyat üçün də xarakterik olan ərəb-fars kəlmələri Sərraf Qasım yaradıclığından da yan keç-məyib. Odur ki, aşıq yaradıcılığı üçün xarakterik olan ərəb-fars mənşəli alınmalar Sərraf Qasımın şeirlərində də çoxdur:
İnsafın, mürvətin, qəlbin olmasa,
Könül bir şüşədir, əzməyə nə var [3, 30].
Qeylü-qal, fitnə, fəsad [3, 34] sinonimlərini biz klassik ədəbiyyatdan üzübəri müasir ədəbiyyatda da, o cümlədən Sərraf Qasım yaradıcılığında da izləməkdəyik.
Ə.Dəmirçizadə də bu münasibətlə belə yazır: “Alınma sözün sinonim olması üçün sinonimlik əlamətlərini kəsb etməsi vacibdir. Yəni ümumiləşdirici bir əsas məna ilə daxil olduğu cərgədəki digər sinonim sözlərdən müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir və bu xüsusiyyətlərinə görə də üslubi məqamda və frazeoloji tərkibdə əvəzedilməz yeri olmalıdır ” [2, 125].
Sərraf Qasım yaradıcılığının leksikasını araşdırarkən omonimlərin də işlən-məsı məsələsinə diqqət etdik.
Dilçilikdə səs tərkibi baxımından eyni, məna etibarilə isə müxtəlif olan söz-lər – omonimlər hər biri dilin müəyyən qədər tərkibində mövcuddur. Qeyd etmək lazımdır ki, omonimlər bəzən məntiqi cəhətdən yaxın, bəzən də heç bir yaxınlığı olmayan anlayışları ifadə edir. Omonimləri təyin edərkən, əlbəttə, tarixiliyi də nəzərə almaq lazımdır [1, 14].
Dilçilik ədəbiyyatında omonimlər mənşəyinə görə iki qrupa ayrılır:
Dilin öz daxili imkanları vasitəsilə, yəni sözlərdəki çoxmənalılıqdan törə-yən omonimlər.
Başqa dillərdən keçmiş sözlər vasitəsilə əmələ gələn omonimlər [1, 14] Bədii ədəbiyyatda başqa leksik qruplar kimi omonimlərin də müəyyənləşməsində istifadəçinin – şair və ya yazıçının fərdi üslubu və xalq dilinin lüğət tər-kibi əsas rol oynayır.
Sərraf Qasım yaradıcılığında sinonimlərə nisbətdə omonimlərin işlənməsi elə də zəngin deyildir. Buna baxmayaraq, aşıq bu leksik vahidlərdən də üslubuna məxsus şəkildə istifadə etmişdir. Onu da qeyd edək ki, omonimlərdən şeir dilində istifadə etmək, sözün həqiqi mənasında yaradıcı insandan məharət, sözün in-cəliyinə diqqət bacarığı tələb edir. Və Aşıq Sərraf Qasım da yetərincə peşəkar şair olduğundan sözün bu tələbinə ustalıqla əməl etmişdir və leksik omonimlərin işlənməsində ehtiyat nümayiş etdirmişdir:
Bax, uca dağlara, gör dağ üstündən,
Əskik olmaz köhnə qar dağ üstündən.
Sağalmamış hələ bir dağ üstündən,
Yenidən qəlbimi dağlama, gözəl [3, 15].
Qoşmadakı dağ sözlərinin omonimliyi göz önündədir. İkinci və üçüncü misralarda dağ sözü coğrafi məkanı, üçüncü və dördüncü misralardak dağ sözü isə qızdırılmış dəmirlə insanın və ya heyvanın bədəninin hansısa yerinin yandırıl-masını ifadə edir.
Yaradılması ustaddan məharət tələb edən cığalı təcnislərində omonimlərə təsadüf edirik. Bu təcnislər aşıq Sərraf yaradıcılığında, sözün əsl mənasında, yük-sək peşəkarlıqla ərsəyə gələn şeirlərdir. Və bu şeirlərin də dil-üslub xüsiyyətləri aşığın xalq dilinin dərinliklərinə bələdliyini özündə təcəssüm etdirməkdədir:
Təzə nübar təzə bağdan ver, alım,
Təzə bağda var yaşılım, var alım.
Sərraf Qasım fəxr eləyər, var Alım.
Aşıq deyər, var alım,
Var yaşılım, var alım.
Dəfinəsi dağılmaz,
Seçim elə var alım [3, 64].
İlk misralardakı al sözləri birinci misrada almaq feilini, ikinci misrada isə al-qırmızı, qıpqırmızı mənasını ifadə edir. Üçüncü misradakı Alı sözü (Aşıq Alı) kişi adıdır, birinci və ikinci misralardakı alım sözləri ilə morfoloji omonimlik təşkil etməkdədir. Aşığın yaradıcılığındakı omonimlər yuxarıda haqqında sitat verdiyimiz omonimlər qrupunun birincisinə - yəni dilin öz imkanları hesabına yaranmış omonimlər qrupuna daxildir.
Aşıq Sərraf Qasımın yaradıcılığında fonetik omonimlərin, yəni omofonların da işlədilməsi müşahidə olunur. Bu məsələ də təbiidir. Eyni fonetik tərkibli eyni cür səslənən sözlər xarakter etibarilə bir-birilə qafiyə təşkil edir. Məhz bu baxımdan, xalq yaradıcılığı, aşıq ədəbiyyatında omonimlər inkarolunmaz dil faktıdır. Görünüş etibarilə bir-birinə bənzəyən bu sözlərin aşıq yaradıcılığına məxsus şeirlərdə qarşılaş-dırılması ahəngdarlığı artırır, mənanı olduqca qüvvətləndirir, oxucunun və ya din-ləyicinin zövqünü oxşayır, oxucunun diqqət və nəzərini ifadə edilən fikrə cəlb edir:
Dindi köksün üstə saz əllərilə,
Əl verib görüşdüm yüz əllər ilə.
Ceyran bulağında gözəllər ilə,
Oxşadın baharı, ay Dədə Şəmşir [3, 26].
İstedadlı söz ustadı Aşıq Sərraf Qasım çox böyük peşəkarlıq nümayiş etdirmişdir: seçilən sözləri omonim kimi uyğunlaşdırmışdır. Bu da aşığın şeirlərinə mükəmməl bədii nəticələr, emosionallıq, ifadəlilik gətirmişdir:
Sağa, sola çevir, gətir çölə tut,
Qaldır, sona uçub, düşsün gölə tut.
Onu şirin dindir, şirin dilə tut,
Qoyma öz gözündən ceyranı, dağlar [3, 44].
Sinonimlər kimi antonimlər də dilin, əsasən də bədii dilin ən qüvvətli ifadə vasitələrindən olub, fikrin emosional və obrazlı ifadəsində əsas rol oynayır.
Sərraf Qasımın şeirlərində mütləq antonimlərlə yanaşı olaraq nisbi, yəni mətndaxili antonimlərə də təsadüf edilir. Əlavə edək ki, aşığın şeir dilindəki anto-nimlər dilmizin özünə məxsus sözlər və alınma sözlər vasitəsilə yaradılmışdır: gec-tez [3, 75], əyri-düz [3, 66], var, yox [3, 31], xoşbəxt -bədbəxt [3, 13], mərd-namərd [3, 86], namərd-mərd [3, 42] və s. Odur ki, aşığın yaradıcılığındakı anto-nimləri:
1. Dilimizin öz sözləri hesabına yaranan antonimlər
2. Alınma sözlər vasitəsilə düzələn antonimlərə ayırmaq mümkündür. Dilimizin öz sözləri hesabına düzələn antonimləri aşığın şeirlərində müşa hidə edirik:
Gec-tez o əcəl bilincə,
O nə vaxt bizə gəlincə.
Dostluqda varam ölüncə,
Nəzərindən salma məni [3, 75]
Və ya:
Məni yurdumdan qovan var,
Deyir: nə yurdun, nə yuvan var.
Nə ədalət, nə divan var,
Əyrim keçir, düzüm keçmir [3, 66].
Alınma sözlər hesabına yaranan antonimlər də Sərraf Qasımın yaradıcılığın-da yetərincədir:
Söyləsin, qoy bilək, niyə doğulub,
Bu dünyaya gələn ay yazıq, yazıq.
Ölüm haqdır, xoşbəxt olub öləsən,
Bədbəxt olub ölən, ay yazıq, yazıq [3, 13].
Dərin fəlsəfi mahiyyət daşıyan bu şeirdə dünya, həyat, yaşam, ölüm və s. ki-mi insanı düşündürən əxlaqi-fəlsəfi məsələləri aşıq xoşbəxtlik və bədbəxtlik tə-zadları vasitəsilə əsl peşəkar qələminin məhsulu olaraq təqdim edir. Odur ki, növbəti bəndə də diqqət edək:
Dur dostun daşı yanında,
Hər işin aşı yanında.
Kişi mərd kişi yanında
Qoyma namərd gədalansın [3, 86].
Göründüyü kimi, Aşıq Sərraf Qasım həm dilimizin öz imkanları hesabına, həm də dilimizidə aktiv işlənmə hüququ qazanmış alınma sözlər hesabına yarana-raq mövcud olan mütləq antonimlərdən yüksək peşəkarlıqla istifadə etmiş, mənalı və maraqlı bədii təzadlar yaradaraq əxlaqi-fəlsəfi mahiyyət kəsb edən fikirlərini poetikləşdirmişdir.
Nəticə: Aşıq Sərraf Qasımın yaradıcılığının – şeirlərinin dil-üslub xüsusiy-yətlərini araşdırarkən aşığın zəngin dil meyarlarının olduğu məlum oldu. Araşdır-ma, əsasən, leksik istiqamətdə aparıldığı üçün aşığın şeirlərinin leksikası nisbətən əhatəli şəkildə təhlil süzgəcindən keçirildi. Əsasən də sinonimlər, omonimlər, antonimlərin sözügedən şeirlərdə işlənməsini müəyyən edərkən bu leksik vahid-lərdən aşığın yüksək peşəkarlıqla istifadəsi təsdiq olundu. Bu vahidlərin yerli-ye-rində istifadəsi, əsas fikrin ifadəsində düzgün seçilməsi bədii estetika və aşığın üs-lubu baxımdan maraq doğurdu. Araşdırma zamnı məlum oldu ki, sinonimlər aşı-ğın şeirlərində daha fərqli və çoxdur. Dilinin zənginliyi, üslubunun mükəmməlliyi bu dil vahidlərindən istifadədə aşığa, demək olar ki, kömək etmişdir. Qeyd edək ki, omonimlərdən istifadə aşığın şeirlərində sinonim və antonimlərlə müqayisədə daha zəifdir. Lakin bu heç də o demək deyildir ki, aşığın yaradıcılığında bu leksik vahidlərin işlənməsi məhduddur. Bu leksik vahidlərin işlədilməsi şeir dilində ol-duqca ehtiyat tələb etdiyindən, aşıq da bu məsələyə əməl etmiş, yeri gəldikdə omonimlərdən, omofonlardan istifadəyə şeirlərində yer vermişdir. Antonimlərdən də aşığın yaradıcılığında yüksək peşəkarlıqla istifadə olunmuşdur. Bunlar həm dilimizin öz imkanları hesabına, həm də alınmalar hesabına mövcud olan söz-lərdən seçilərək istifadə olunmuşdur. Antonimlərdən şeirlərdə, əsasən də əxlaqi-fəlsəfi mahiyyət daşıyan şeirlərində təzadlı məqamları ifadə etmək üçün zamanın-da və məqamında istifadə olunmuşdur. Bütün bunlar Naxçıvanın müasir dövr aşıq mühitinin görkəmli və istedadlı aşığı olan Sərraf Qasım yaradıcılığının zəngin leksikası olduğunu təsdiq və sübut edir.
✦ ─── ✦ ─── ✦
SUMMARY
POETIC FEATURES OF ASHIQ SARRAF GASIM'S CREATIVITY
The article examines poetic features of the creativity of Ashig Serraf Gasim, one of the talented representatives of the modern ashug environment of Nakhchivan, who benefited from the Dada Alasgar school and his work. It should be noted that the legacy of the ashug consists of both types of poetry belonging to the ashug's work, as well as valuable poems written in syllables and verses. The research in the article is mainly based on samples written in the style of ashug poetry. The fact that his poetic language is adorned with synonyms and antonyms locally and appropriate-ly confirms the rich stylistic possibilities of the talented ashug. During the research, the presence of homonyms in the poetic language of the ashug, but its weakness compared to synonyms and antonyms was revealed. The presence of synonyms, homonyms and antonyms in the poems of the ashug, which are both specific to our language and formed on the basis of derived words, has giv-en the poems both high artistic qualities. At the same time, these lexical units strengthened the meaning, and the poems decorated with these units also served to imitate the reader's artistic taste.
РЕЗЮМЕ
ПОЭТИЧЕСКИЕ ОСОБЕННОСТИ ТВОРЧЕСТВА АШИГА САРРАФА КАСИМА
В статье рассматриваются поэтических особенностей творчества Ашига Серрафа Гасыма, одного из талантливых представителей современной ашугской среды Нахчывана, воспользовавшегося школой Дада Алесгара и его творчеством. Следует отметить, что наследие ашуга состоит из обоих видов поэзии, принадлежащих ашугскому творчеству, а также ценных поэм, написанных по слогам и стихам. Исследование в статье в основном основано на образцах, написанных в стиле ашугской поэзии. Тот факт, что его поэтический язык украшен синонимами и антонимами локально и уместно, подтверждает богатые стилистические возможности талантливого ашуга. В ходе исследования было выявлено наличие омонимов в поэтическом языке ашугов, но его слабость по сравнению с синонимами и антонимами. Наличие в стихах ашуга синонимов, омонимов и антонимов, как специфичных для нашего языка, так и образованных на основе производных слов, придало стихотворениям обоих высокие художественные качества. В то же время эти лексические единицы усиливали значение, а украшенные этими единицами стихотворения также служили подражанию художественному вкусу читателя.
Ключевые слова: Ашиг Серраф Гасым, синоним, омоним, антоним, творчество, Нахчыван, лексика
Key words: Ashig Serraf Gasim, synonym, homonym, antonym, creativity, Nakhchivan, lexicon
Açar sözlər: Aşıq Sərraf Qasım, sinonim, omonim, antonim, yaradıcılıq, Naxçıvan, leksika
ƏDƏBİYYAT
1. Cavadova M. Şah İsmayıl Xətainin leksikası, Bakı, Gənclik, 1977, 256 s.
2. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: Maarif, 1979, 310 s.
3. Sərraf Qasım. Bu, Sərraf Qasımın spz qalasıdır. Bakı: Ağrıdağ, 2003, 103 s.
4. Sərraf Qasım. Hüseyn matəminə qərq olanlar gəlsin. Bakı: MBM, 2011, 570 s.
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder