SƏRRAF QASIMIN QOŞMALARI VƏ GƏRAYLILARI - (Elmi-ədəbi məqalə) Müəllif: TAHİRƏ BAĞIROVA
Bu elmi məqalə 2025-ci ildə “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının 2 nömrəli buraxılışında çap olunmuşdur.
Məqalənin müəllifi: Filologiya üzrə fəlsəfə doktoru TAHİRƏ BAĞIROVA
Sərraf Qasımın qoşmaları və gəraylıları
Çoxəsrlik tarixə malik olan Azərbaycan aşıq məktəbi özünəməxsus inkişaf yolu keçmişdir. Tarixin müxtəlif çağlarında yaşayıb-yaratmış bir çox istedadlı aşıq və şairlər ədəbiyyatımızın yeni mövzu və ideyalarla zənginləşməsində, bədiilik baxımından kamilləşməsində əhəmiyyətli rol oynamışlar.Yurdumuzun ən qədim bölglərindən olan Naxçıvanda da aşıq sənətinin özünəməxsus inkişaf yolu və xüsusiyyətləri olmuşdur.
Çağdaş Naxçıvan aşıq məktəbinin banisi kimi tanınan unudulmaz şair və ustad Sərraf Qasımın aşıq yaradıcılığı Naxşıvan aşıq saz və söz yaradıcılığına qiymətli töhfələr verıb. Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Naxçıvan aşıq və şairləri arasında Sərraf Qasım qədər deyişmələri, şeirləşmələri, digər şair və aşıqlarla görüşmələri olan, dastanlar,qoşmaları və gəraylılaryaradan ikinci bir şəxs olmamışdır.
Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə bələd olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin əhəmiyyətli şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyinə, Naxşıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folkloşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandırılmışdır. Rüstəmli Sərraf Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olub.
Aşıq kimi çalıb-oxumasa da el şairidir. Öncə “Qışlaqlı Qasım”, sonra “ Sərraf Qasım” təxəllüsünü seçmişdir. Onun “Beşlik”, “Yeddilik” hecalarında şeirləri çap edilib.(3, səh,10-17).
11 hecalı şeirlər - QOŞMALAR VƏ TƏCNİSLƏR:
11 hecalı, 4 misralı şeirlər - (Mürəbbelər)
SƏNİN NƏYİN VAR?
BU TOYDA
XOŞ GƏLİB
CANSAĞLIĞIDI
GƏLƏNDƏ GƏL
BU BƏYİN
AY ANA-ANA
BALA (Xoşbəxt ata)
OLSUN (Öyüd)
UNUTMA
O BƏXTƏ-BƏXTDİR
İGİD İŞİ
BAĞÇADA GÜL
XX əsrin ikinci yarsında Naxçıvan Muxtar Respublikasında aşıq sənətinin dirçəlişinə və yeni inkişaf mərhələsinə daxil olmasına ən mühüm töhfələr vermiş şəxs məhz Sərraf Qasım olmuşdur. Bundan başqa, onun başqa janrda şeirləri də vardır. “ Örnəklər” el şeiri tərzində yazılmış nümunələr sırasındadır:
Şirin xəyallara dolandırıram,
De, dolandırıram, kimi çiynimdə?
cəmi çiynimdə.
Zənn edirəm: fırtınalı cahanda,
Ümman mənəm, üzür gəmi çiynimdə,
nəmi çiynimdə.
“Xəyal” şeiri məhz bu mövzudan bəhs edir.
Əzəl gündən qədir bilən dostların,
Billəm qədrin, əhli-halam, əhli-hal,
Bu deyil xəyal.
Bu ki, xəyal deyil, bir həqiqətdir,
Dostların qəlbində qurmuşam cəlal,
Yoxdur qəm, məlal.
Şeirlərində fikir, məzmun aydınlığı, dil və üslub axıcılığı var.Sərraf Qasım eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olmuş və öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar.
Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, qoşmaları, gəraylıları, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamələr, poemalar, mərsiyələr və lirik şeirlərin yaradıcısı olan Sərraf Qasımın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur. Sərraf Qasımın yaradıcılığında onun ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmaları da maraq doğurur.
“Nə qaldı yüzə” şeirində:
Əlfə ziyarətdə halı dolandım,
Mən də bu dünyanı, Alı, dolandım.
Doxsanı topladım, nə qaldı yüzə?
Çin düzə-düzə.
Aşıq, çin düzə-düzə,
Gəzdim çin düzə-düzə.
Saydım ömrüm ilməsin,
Gecə, gün düzə-düzə.
Xalq aşığı və el şairi olmasına baxmayaraq Sərraf Qasım öz şeirlərində poeziyanın qarşısında duran vəzifələr haqqında da özünün ədəbi-tənqidi fikirlərini ifadə edir. Onun şeirlərində klassik aşıqların ustadnamələrində, ictimai məzmunlu şeirlərində müşahidə etdiyimiz hikmət və məna dərinliyi də duyulur.
Cığalı qoşmalar və təcnislər:
Aramızdan vaxtsız getdin, ay aşıq,
Qaldı ellərində sazın, Abdulla.
Bağınız verəndə təzə bar, aşıq,
Qara torpaq örtdü üzün, Abdulla.
Aramızdan vaxtsız getdin, Abdulla,
Qaldı ellərində sazın, Abdulla.
“Sənin nəyin var” adlı şeirində 1973-cü ilin bahar çağında bir qrup Azərbaycanlı alim və mütəxəssis, o cümlədən Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bir neçə nəfər müəllimi və rəhbər vəzifələrdə işləyən məzunu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən bir elmi konfransda iştirak etmək üçün Gürcüstana dəvət olunur. Gürcüstandakı bu qonaqlıq məclisində Azərbaycandan, Gürcüstandan və digər qonşu respublikalardan bütün təbəqələrdən olan adamlar, alimlər, müəllimlər, kənd təsərrüfatı işçiləri, mütəxəssislər, sənaye işçiləri və başqa sahələrin nümayəndələri iştirak edirdilər. Qonaqlıqda iştirak edən Gürcüstanlı alimlər, məclis zamanı öz doğma vətənləri olan Gürcüstanın təbiətini, tarixi abidələrini və təbii sərvətlərini həddindən artıq tərifləməklə Azərbaycanı kölgədə qoymağa cəhd edirlər. Onların bu hərəkəti Sərraf Qasıma çox pis təsir göstərir. Buna görə də, öz müəllimlərimdən icazə alıb, bu Gürcü alimlərin cavabını şeir dili ilə vermək istəyi yaranır. Məclisdəki Azərbaycanlı alimlər və ziyalılar bu fikiri dəstəkləyib, Gürcü alimlərə cavab verməyi və Azərbaycanın füsunkarlığı qarşısında onları susdurmağımı istədilər. Sərraf Qasımın alqışlarla qarşılanan “Sənin nəyin var” adlı bu şeiri ilə onlara layiqli bir cavab verməyi bacardı. Bundan sonra artıq onların əlavə deməyə heç bir sözü olmadı.
Zərdüşt övladıyam, hər daş dastanım,
Mənim şöhrət yazım, sənin nəyin var?
Qədim salnamədir, ol qobustanım,
Mənim onda gözüm, sənin nəyin var?
Bir yurdum var Məhsətili, Heyranlı,
Adı “Azərbaycan”, güllü, reyhanlı,
Mil-Muğanım qırqovullu, ceyranlı,
Mənim geniş düzüm, sənin nəyin var?
Sərraf Qasım Azərbaycanın bölgələrinin vəsfi barədə şeirlər qələmə almışdır: Sərraf Qasımın bu əsəri, həm öz zənginliyi ilə həm də müstəqil Azərbaycanın ilk poetik xəritəsi olması ilə digərlərindən fərqlənir.
“Seyrinə bir bax” / gəl gör, qardaşım
Çıx Azərbaycanın seyrinə bir bax,
Vüqarlı Şahdağın gəl gör, qardaşım.
Ordan salam söylə dost Dağıstana,
Açıbdır Dərbənddə gül, gör, qardaşım.
Babadağ, Bazardüz sanki bir cənnət,
Dost, bu yerlər alıb ellərdən qiymət,
Hər çiçəkdən cövhər süzüb təbiət,
Qonaqkənddə çəkib bal, gör, qardaşım.
Sağlamlığın qayğısına qalmaq və onun dəyərləndirən Sərraf Qasım 2 hecalı, 4 misralı qoşması:
“Cansağlığıdı” adlı şeirində:
Əzizim, ən əziz nədir dünyada,
Olsa əgər qismət, cansağlığıdı.
Maddi varlıq ilə, əvəz olunmaz,
Gözəl şirin nemət, cansağlığıdı.
Fikir eylə, gəl düşün sən öz-öznə,
Bax dolsa da həyat eşqi gözünə,
Sağaltmaz xəstəni dolu xəzinə,
Şahlıq, həm səltənət, cansağlığıdı.
Azərbaycan bölgələrinin təbiətinin gözəl füsünkar olmağını əks etdirən Sərraf Qasım:
“Gələndə gəl” qoşmasında:
Təbiət vurğunu, təbiət dostu,
Sən bizim dağlara el gələndə gəl.
Yoğur gəlişini təbəssümə qat,
Bahar gəlişilə il gələndə gəl.
İzlə durnaları: yolları səma,
Çəkib qatarını düzər nizama.
Eldən-elə gələn yetişsin kama,
Durna gəlişini bil, gələndə gəl.
8 hecalı, 4 misrali gəraylıları : “Bir bax”
Endirəndi, qaldırandı,
Hökmdardı, bəxtə bir bax.
Çox da zərli-zibalıdır,
Çevriləndə, taxta bir bax.
Bu dünyada ola düzlük,
Nə sizlikdir, nə də bizlik.
Əlacsızıq, çarəsizik,
Yoxsulluq var yoxda, bir bax.
Dostluqda mərdliyi, səmimiliyi əks etdirən gəraylı:
“Sədalansın” gəraylısında:
Könül, rübabın asta çal,
Həzin-həzin sədalansın.
Xoş qədəmli əziz dosta,
Dur, qurban kəs, qadalansın.
Sərraf Qasımın eyni zamanda sədaqəti, düzgünlüyü olmayan üzdəniraq “dostlar” haqqında “Deyilmiş” gəraylısı
Sərraf Qasım, dünya mülkü,
Çoz şirindi, onu bil ki,
Adı insan, özü tülkü,
Belələri az deyilmiş.
8 hecalı, müxtəlif misrali gəraylılar(1-ci beyti 6, digər beytləri 5 misralı olan gəraylılar) DAĞLAR (Ömür)
Ömür sazla, sözlə keçdi,
Mən zövq aldım, yola saldım.
Səndə doldum yaşa, dağlar.
Doğma, əziz, istəkli tək,
Oldun sirdaş, verdin qardaş,
Mənimlə baş-başa, dağlar.
Heç vaxt əsrləri və yaradıcılığı vasitəsilə şan-şöhrət əldə etmək həvəsində olmayan və ömrünü yazıb-yaratmağa həsr edən Sərraf Qasımın sağlığında onun 7 ədəd şeirlər kitabı çap olunmuş, lakin buna baxmayaraq, onunn əsərlərinin böyük bir hissəsi hələ də çap olunmamış vəziyyətdə qalmışdır. Bunun səbəbi isə dəftərlərə köçürdüyü əlyazmalardan ibarət olan öz şeirlərini istifadə etmələri üçün qaytarmaq şərtilə bəzi dost-tanışları və aşıq dostlarına vermiş, ancaq təəssüflər olsun ki, Sərraf Qasımın yüzlərlə şeirini özündə əks etdirən belə dəftərlərin bəziləri geri qaytarılmayıb və bununla da Sərraf Qasımın ədəbi irsinin müəyyən bir hissəsi artıq itirilib və əldən çıxıb.
Sərraf Qasımın öz yaradıcılığı ilə yanaşı, əsasən xeyirxah işlər görmək və dini ibadət və ayinlərini yerinə yetirmək kimi bəyənilən məşğuliyyətlərə həsr etmişdir.
Sərraf Qasımın 9 fevral 2018-ci il tarixdə 78 yaşında öz doğma kənd evində sübh namazını qılıb, bir surə Quran oxuduqdan sonra ürək infaktı keçirərək, dünyasını dəyişmiş, elə həmin gün də Şahbuz rayonun Aşağı Qışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur.
Xülasə
Zəngin sənət növü olan aşıq yaradıcılığı Naxçıvanda ta qədimdən formalaşıb inkişaf etmiş, bir çox istedadlı aşıq və şairlər ədəbiyyatımızı yeni növ və ideyalarla zənginləşdirmişdir. Aşıq məktəbinin tanınmış və unudulmaz şair Sərraf Qasım aşıq saz və yaradıcılığına qiymətli töhfələr verib. Məqalədə Sərraf Qasımın qoşma və gəraylıları barədə geniş məlumat verilmiş, 2 hecalı, 8 hecalı , 4 misralı qoşma və gəraylılardan nümunələr öz əksini tapmışdır.
✦ ─── ✦ ─── ✦
Ədəbiyyat
1. “Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildi, səh, 355-360 ( professor Əsgər Qədimovun araşdırması).
2. “Dərələyəz folkloru”, VIII cild; səh, 348-350 (343-345), Bakı, “Elm”, 2006, 768 səh.
3. “Sözün Sərrafı”- Hürriyyət, №2(3102), 9-11 yanvar, 2021- ci il, səh.,12
4. Güntac Şahməmmədli. Saz-söz sənətimizin 80 yaşlı Sərrafı”. Nuxçıvan: 2019 s.2
5. İsmayılov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı, Elm, 2002, səh ., 314
6. Naxçıvan folkloru.- Bakı, “Sabah” ,1994, səh., 309-326
7. Səfərov Yusif. “Əsərləri”. V cilddə, II c.,“Naxçıvan aşıq mühiti”. Naxçıvan: Əcəmi , 2017, 58-81 s.
8. Səfərov Yusif. “Naxçıvan aşıq-ədəbi mühiti”. Bakı: 2009, 10-17 s.
9. Sərraf Qasımın ədəbi irsi. Sayt: (sarrafqasim)
Açar sözlər: Aşıq sənəti, qoşmalar, gəraylılar, Sərraf Qasım
Эпосы Саррафа Касима (кошма и герайлы) РЕЗЮМЕ
Богатый вид исскусства творчество ашуга формировалось и развивалось в Нахичеване с древних вре-мен. Среде ашуга Нахичевана внесла ценный вклад в искусство в области саза и его творчества известный и незабываемый поэт школы ашугов Сарраф Касим. В статье рассматривается творчества Саррафа Касима как автор ценных произведений в различных жанрах ашугской поэзии.
Приведены примеры составляющий из 2-х и 8-и слогов и в том числе 4-х куплетов герайл и кошма Ключевые слова: творчество ашуга, жанр ашугской поэзии (кошма и герайлы) , Сарраф Касим.
Sarraf Gasim attachments and relatıves
Summary
A rich art form, ashiq creativity has been formed and developed in Nakhcivan since ancient times. The envi-ronment of Nakhchivan ashuq has given valuable gifts to the art of ashug in the field of saz creation. The article exam-ines the life of Sarraf Gasim. Sarraf Gasim, the founder of the Nakhchivan ashug environment, taught the secrets of the art of ashug-saz to saz lovers. Sarraf Gasim gained fame as the author of valuable works in various genres of love poetry. According to our research, among Nakhchivan ashug and poets, there was no other person who had dialogues and poems with other poets and ashuq and and created epics than Sarraf Gasim. Examples are given of components of 2 and 8 syllables,including 4 verses of gerail and koshma
Keywords: ashug art, ashug-saz, Sarraf Gasim, epic.
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder