AŞIQ BAYRAMƏLİ və ONUN SƏRRAF QASIMLA DEYİŞMƏLƏRİ - (Elmi-ədəbi məqalə) Müəllif: Professor ƏSGƏR QƏDIMOV

Bu elmi məqalə 2020-ci ildə “XX əsr Naxçıvan ədəbi mühiti” mövzusunda Naxçıvanda keçirilən respublika elmi konfransının materiallarından ibarət olan kitabın ilk səhifələrində öz əksini tapmışdır. 

👉 Məqaləyə bax ➤ (PDF)   

Məqalənin müəllifi: Professor ƏSGƏR QƏDIMOV  


Aşıq Bayraməli və onun Sərraf Qasımla deyişmələri

Aşıq Bayraməli 1935-ci ildə Naxçıvanın Xəlilli kəndində anadan olmuşdur. Erkən yaşlarından aşıqlığa həvəs göstərmiş, şıxmahmudlu Aşıq Quludan aşıqlıq sənətini öyrənmiş və gənc yaşlarından aşıqlıq sənətinə başlamışdır. Aşıq Bayraməli Azərbaycanda keçirilən aşıq qurultaylarında iştirak etmiş, Moskvada keçirilən festivalda medala layiq görülmüşdür. Aşıq Bayraməli Şahbuzun Badamlı kəndindən olan Güllər adlı bir qızla evlənib ailə qurmuş, Kəmalə və Nazilə adlı iki qızları olmuşdur. Bu qızlar hazırda Bakının Binə qəsəbəsində yaşayırlar. Aşıq Bayraməlinin ədəbi irsindən hafizələrdə bir şeiri və haqqında bir rəvayət qalmışdır. Bu şeir Aşığın Naxçıvana həsr etdiyi “Gülür” rədifli qoşmasıdır. Bu qoşma təsdiq edir ki, Aşıq Bayraməli daha çox tərənnümçü üslubda yazan aşıqlardan olmuşdur. Çünki bu qoşmada aşıq Bayraməli Naxçıvana olan sevgisini və Naxçıvan yurdunun gözəlliyini vətənsevərlik mövqeyindən tərənnüm edir:

 

Naxçıvanım Araz üstə mayakdır,

Qucağında tarla gülür, çöl gülür.

Ona eşqim bir çağlayan bulaqdır,

Ağ sədəfli sazımdakı tel gülür.

 

Çiçək açır qəlbimdəki arzular,

Bu günlərə neçə nəğməm, sözüm var.

Daha gözəl olacaqdır bu diyar,

Gün xoş keçir, ay sevinir, il gülür.

 

Aşığın saxlayıb böyütdüyü ögey qızı Sona xanım Baxşəliyeva Aşıq Bayraməli haqqında yadında qalan bir şeiri haqqında belə bir məlumat verdi: “Bir gün Aşıq Bayraməli Naxçıvanda Qahab kəndinə dəvət olunub orada məclis aparır. Bu zaman üzdən çox çirkin olan Qahab qadınlarından biri Aşıq Bayraməliyə yanaşıb deyir ki, aşıq, mən qoyun-keçi saxlayıram, ərim mənə qiymət vermir. Məni tərif edə bilərsən? Aşıq Bayraməli baxır ki, bu qadın çox çirkindir, özü də acgöz kimi süfrədə nə var yeyir. Öz ürəyində deyir ki, mən bu çirkinin nəyinə tərif deyim? Neçə var, elə də deyəcəyəm. Aşıq Bayraməli məclisdə həmin qadına belə bir dırnaqarası “tərif” deyir:

 

Ala gözlü nazlı ceyran,

Boyun qanqaldan artıqdır.

Bir otruma on dörd çörək,

Qarnın çuvaldan artıqdır.

 

Dırnaqların şana-şana,

Az qalıb dırçatsın dama.

Sənin o xor-xor yatışın

Fermada kəldən artıqdır.

 

Yamanca olmusan harın,

Başına bəladır qarın,

Səni nə tərif eyləyim,

Tərifin etsin öz yarın.

 

Aşıq Bayraməlinin ədəbi irsi mühafizə olunmasa da, onun yaradıcılığının bir sıra nümunələri Naxçıvanın aşıq-şairlərindən olan şahbuzlu Aşıq Sərrafın dastan yaradıcılığında və onun Aşıq Bayraməli ilə olan müştərək deyişmələrində az da olsa, qalmışdır. Aşığın əlimizə Sərraf Qasımla olan bir deyişməsi gəlib çatmışdır. Bu dastan-deyişmə Azərbaycan məhəbbət dastanlarından olan “Əsli və Kərəm” dastanının motivləri əsasında qələmə alınmış milli ruhlu əsər olmaqla yanaşı, aşıq poeziyasının milli məsələyə yeni ictimai-siyasi və sosial baxışını özündə əks etdirən dəyərli nümunəsidir.

Dastan-deyişmə Aşıq və şair Sərraf Qasımın milli ruhumuzu özündə əks etdirən aşağıdakı sözlərilə başlayır: “Azərbaycan xalqına qarşı XX əsrin axırlarında, ermənilərin azərbaycanlılara qarşı axırıncı deportasiya təcavüzləri zamanı Naxçıvan folklorunda gələcəyə yol göstərən nurlu bir başlanğıc yarandı. O vaxt yaşayan, bu gün isə artıq dünyada olmayan naxçıvanlı Aşıq Bayraməli və hal-hazırda Şahbuzun Aşağı Qışlaq kəndində yaşayan Aşıq Sərraf Qasım tərəfindən ölməz, maraqlı və həmişəyaşar “Əsli-Kərəm” məhəbbət dastanına “Kərəm köçdü” versiyası əlavə edildi. “Kərəm köçdü” versiyası o dövr və bundan sonra gələn bütün zaman və əsrlərdə Azərbaycan üçün çox dəyərli olacaqdır. “Kərəm köçdü” versiyası mənəvi, tərbiyəvi, nəsihətamiz və ibrətamiz olmaqla Azərbaycan xalqına, xüsusilə də həyata təzə atılıb ailə quran gənclərimizə bir doğru yol ola bilər.

Versiya Naxçıvanda oxunmuşdur. “Kərəm köçdü” versiyası bədahətən yarandığı, ərsəyə gəldiyi o dövrdən indiyə qədər Naxçıvan folklorunda qorunur”.

Dastan-deyişmənin Aşıq Sərrafın ürək sözlərini ifadə edən bu giriş hissəsi təsdiq edir ki, XX əsrin 80-90-cı illərindən başlayaraq Qorbaçovun Sovet quruluşunu dağıtmaq məqsədilə “perestroyka” siyasəti altında İttifaq miqyasında qeyri-xristian respublikalarda milli qırğınlar törədib xalqları bir-biri ilə qarşıdurmaya qoymasının nəticəsi olaraasın ermənilərin “dənizdən-dənizə” siyasəti yenidən baş qaldırdı, Azərbaycanda ruslar və ermənilər tərəfindən “Qanlı Yanvar” qırğını törədildi, sonra da torpaqlarımızın 20 faizdən çox ərazisi zəbt olundu. Ölkə daxilində rus şovinizminin dəstəyi ilə törədilən qırğınlar və qəsbkarlıq siyasəti Azərbaycanda şeir və sənət adamlarını, o cümlədən, xalq aşıqlarımızı da milli cəhətdən oyatdı. Aşıq Sərraf və Aşıq Bayraməli tərəfindən yaradılmış “Kərəm köçdü” versiyası da belə bir siyasi gərginlik şəraitində ortaya çıxdı. Bu versiyanı yaratmaqda hər iki aşıq-şair xalqa demək istəmişlər ki, soykökünüzə qayıdın, erməni düşmənlərimizin qızları ilə ailə qurub təmiz türk qanınızı murdarlamayın.

Dastan-deyişmə üç hissədən ibarətdir. Birinci hissə “Kimə və nəyə “Kərəm köçdü” deyirlər?” süjeti üzərində qurulmuşdur. Dastan-deyişmənin bu hissəsi belə başlayır: “Sizə kimdən, hardan xəbər verim? Aşıq Sərraf Qasımdan və Aşıq Bayraməlidən. Onlar bir gün Naxçıvanda bir toyda oxuyurdular. Toyarası, fasilələrin birində Aşıq Sərraf Qasım buyurdu: – “Aşıq Bayraməli, ey mənim ustadım, “Kərəm köçdü” deyirlər. O “Kərəm köçdü” nədir? Mənə dərk etdir ki, nə məqsədə, Kərəm hara köçüb? Nə üçün “Kərəm köçdü” deyirlər?”

Aşıq Sərrafın bu sorğusu dastan-deyişmənin başlanğıc zəminidir. Bu bədii zəmindən sonra deyişmə başlanır, Aşıq Sərraf soruşur, Aşıq Bayraməli ise bu sorğuya cavab verir.

 

Aldı Aşıq Sərraf:

Aşıq Bayraməli, cavab istərəm,

Söylə, nəyə Kərəm köçdü deyirlər?

O hansı ölkədir, hansı məkandır,

Orda kimə hərəm köçdü deyirlər?

 

Aldı Aşıq Bayraməli:

“Kərəmi” havalar içində olan

Bir havaya “Kərəm köçdü” deyirlər.

Aşıq Sərraf Qasım, Alosmanda bil,

Əsliyə ol hərəm köçdü deyirlər.

 

Bu sual-cavabdan sonra dastan-deyişmədə sorğu-cavablar “Əsli-Kərəm” dastanının motivləri üzərində qurulur:

 

Aldı Aşıq Sərraf:

Ərzurumda boran qopdu yallarda,

Ac qurdlar törədən qilü-qallarda.

O kim idi dayanmadı yollarda?

Söylə, nəyə birəm köçdü deyirlər?

 

Aldı Aşıq Bayraməli:

Ərzurumda boran qopdu yallarda,

Ac qurdlar törədən qilü-qallarda.

Qara keşiş dayanmadı yollarda,

O karvana birəm köçdü deyirlər.

 

Aldı Aşıq Sərraf:

Əsli nə içində yatdı o gecə?

De, nə itdi, de, nə batdı o gecə?

Cadu üfürmüşdü Keşiş o köçə,

Belə köçə haram köçdü deyirlər.

 

Aldı Aşıq Bayraməli:

Əsli sehr içində yatdı o gecə,

Eşq itdi, məhəbbət batdı o gecə.

Nemətsiz yüklənib gedən o köçə

Halalı yox, haram köçdü deyirlər.

 

Dastan-deyişmənin bu hissəsindən sonra tərsa qızı Əsliyə aşiq olub milli adət-ənənəsindən uzaq düşən və buna görə də müsibət və bəlalara düçar olan Kərəmin məzəmməti verilir.

 

Aldı Aşıq Sərraf:

De, kim qurtarmadı kimin qəsdindən?

De, kim düymələndi kimin dəstindən?

Kim utansın vüqarından, şəstindən,

Nəyimizə çarəm köçdü deyirlər?

 

Aldı Aşıq Bayraməli:

Kərəm qurtarmadı Keşiş qəsdindən,

Əsli düymələndi Keşiş dəstindən.

Kərəm, utan vüqarından, şəstindən,

Dərdimizə çarəm köçdü deyirlər.

 

Aldı Aşıq Sərraf:

Xilaf çıx Əsliyə verdiyin vədə,

Məyus etdi məni içdiyin badə.

Xan yurdunda, istəyirdim Gəncədə,

Kərəm, səfa sürəm, köçdü deyirlər.

 

Aldı Aşıq Bayraməli:

Baş əymə girdiyin məbədə, Kərəm,

Alma sehrlərdən sən hədə, Kərəm,

Qəlbən istəyirdim Gəncədə, Kərəm,

Səndən vəfa görəm, köçdü deyirlər.

 

Dastan-deyişmənin Kərəmi məzəmmət süjeti elə qurulmuşdur ki, sonrakı səhnələrdə həm Aşıq Sərrafın, həm də Aşıq Bayraməlinin milli adət-ənənəyə sədaqət mövqeyindən Kərəmə olan məzəmməti daha bariz şəkildə ifadə olunaraq ictimai məzəmmət səviyyəsinə qalxır.

 

Aldı Aşıq Sərraf:

Sərraf Qasım deyər: Kərəm, utan sən,

Yola qayıt, olma zatın atan sən,

Əslidən, Keşişdən, Kərəm, usan sən,

Kərəm gətir aram, qaçdı deyirlər.

 

Aldı Aşıq Bayraməli:

Bayraməli, qoru Kərəm çeşməni.

Gəl, ey Kərəm, soyundan sev seçməni,

Əslini xar olsun, sevir düşməni,

Qara Keşiş xaram, qaçdı deyirlər.

 

Bu ictimai məzəmmətdən sonra dastan-deyişmənin ikinci hissəsi başlayır. Bu hissə ibrətnamə xarakteri daşıyır və sevib-sevilmək həddinə çatan Azərbaycan gənclərinə tövsiyə kimi səslənir. Bu tövsiyə hər iki aşığın timsalında el ağsaqqallarımızın gənclərimizə olan öyüd-nəsihətidir. Çünki bu tövsiyə dastan-deyişmədə ermənilərin tarix boyu Azərbaycana olan düşmənçilikləri və gələcək gənclərimizin bu düşmənçiliyi dərk etmələri, qan yaddaşımızı unutmamaları haqqında ağsaqqal el müdriklərinin nəsihətləri kimi səciyyələndirilir. Hər iki aşıq belə bir ibrətamiz tövsiyədən çıxış edirlər ki, erməni təcavüzünün törətdiyi qanlı səhnələrin shidi olan xalqımız, görəsən, yenə tərsa qızlarına meyl edib milli adət-ənənəsini unudacaqlarmı? Bu ideya dastan-deyişmənin ikinci hissəsində hər iki aşıq-şairlərin xalqımıza, gənclərimizə təlqin etmək istədikləri nəsihət və tapşırığın mərkəzində dayanaraq Kərəmi məzəmmət üslubu ilə poetik vəhdətdə verilir və erməni Qara Keşişin türk oğlu Kərəmin başına gətirdiyi müsibətlər sadalanır:

 

Aldı Aşıq Sərraf:

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

İş bilənlər, gedişatı yozanlar

Bu sevginin sonu puçdu deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

 

Aldı Aşıq Bayraməli:

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Əsli ilə Keşiş Kərəm başına

Ağlasığmaz oyun açdı deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

 

Aldı Aşıq Sərraf:

Kərəm yolda döndü şikəst qollara,

Dözə-dözə yaman müşkül hallara.

Kərəm sora-sora düşdü yollara,

Keşiş ordan-burdan keçdi deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

 

Aldı Aşıq Bayraməli:

Kərəm diyar-diyar Osmana yetdi,

İrandan adlayıb, Turana getdi.

Dünya oldu ona virana, itdi,

Xalqdan özün Kərəm seçdi deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

 

Aldı Aşıq Sərraf:

Əslinin qaçmağın, Kərəm, içində

Dərdinə çevirmə, Kərəm, içində.

Kür-Arazdan keçdi Kərəm, içində

Ağır elli bərəm köçdü deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

 

Aldı Aşıq Bayraməli:

Keşişin sehrinə çox əl çalmısan,

Əslini sevməklə çox alçalmısan,

Ey xan Kərəm, gör nə günə qalmısan,

Uzaqlara vərəm köçdü deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

 

Bu səhnələrdən sonra dastan-deyişmənin bu hissəsi Aşıq Sərrafın Kərəmin timsalında Azərbaycan gənclərinə olan nəsihət və tövsiyəsinin millilik baxımından bədii mənzərəsini daha bariz şəkildə canlandırır. Aşıq Sərraf bir el ağsaqqalı kimi Kərəmlərə öz elinin, öz yurdunun Leyli, Gülgəz, Nuray və Pəri kimi şux gözəllərinə aşiq olmağı, dədə-baba adətlərindən uzaq düşməməyi, soykökünə bağlı olmağı tövsiyə edir:

 

Aldı Aşıq Sərraf:

Kərəm, gözəl Leylin, şux Pərin də var,

Gülgəzin, Nurayın, Ülkərin də var,

Soyundan qız sevib eyləməsən ar,

Şirin badə Kərəm içdi deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

 

Bu hissədə Aşıq Bayraməlinin Kərəmlərə olan ağsaqqal tövsiyəsi açıq şəkildə verilir və ermənilərin xalqımızın, Vətənimizin başına gətirdikləri müsibət və bəlalar açıqlanır.

 

Aldı Aşıq Bayraməli:

Kərəm, ermənilər bizim düşməndi,

Millətimiz bu dostluqdan peşmandi,

Nəs əllərlə Vətənimiz talandı,

Bizə olan, Kərəm, qəsddi deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

 

Dastan-deyişmənin bu hissəsində Aşıq Sərrafın Kərəm kimilərinə olan nəsihəti qəzəbə çevrilir və o, bir el ağsaqqalı kimi milli mənsubiyyətindən ayrılıb erməni qızlarına aşiq olmağı namussuzluq kimi dəyərləndirir.

 

Aldı Aşıq Sərraf:

Ermənilər bizə oxuyur meydan,

Yurdda yurdsuzların gəl halına yan.

Sərraf Qasım deyər: dərin anla, qan,

Namussuzluq, Kərəm, bəsdi deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

 

Hər iki aşıq deyişmənin bu hissəsində Kərəmlərin erməni qızlarına bənd olmalarını milli xəyanət, valideynlərinə, ata-baba adətlərinə xilaf çıxmaq kimi dəyərləndirirlər.

 

Aldı Aşıq Bayraməli:

Ziyad xanı, xan Banunu atmısan,

Əslinin qoynunda şirin yatmısan,

Millətini erməniyə satmısan,

Boynundakı, Kərəm, suçdu deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

 

Aldı Aşıq Sərraf:

Əslinin eşqini niyə danmırsan?

Ərimirsən, əyilmirsən, sınmırsan.

Napak ünvanlardan heç utanmırsan?

Boynundakı, Kərəm, xaçdı deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

 

Dastan-deyişmənin ikinci hissəsinin sonunda Aşıq Bayraməlinin erməni təcavüzündən sonra millətimizin artıq ayılması, olanlardan ibrət götürüb milli mənsubiyyətini dərk etməsi qənaətinin təsviri verilir.

 

Aldı Aşıq Bayraməli:

Aşıq Bayraməli, səda qüdrətdən

Gələntək xar oldu Əsli nemətdən.

Nəticə alındı dərin ibrətdən,

Əlaqəni Kərəm kəsdi deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

 

Bundan sonra dastan-deyişmənin üçüncü hissəsi verilir. Bu hissədə də nəsihətamiz, didaktik üslub vardır. Lakin bu hissədə hər iki aşıq-şair milli dərketmə mərhələsini keçib ayılan insanlarımızın yeni həyata başlayacaqları çağlara münasibətlərini bildirirlər. Bu yeni milli oyanış çağı Kərəmlərin keçmiş əməllərindən peşman olub düşmənlərini tanıması və onların yeni həyat tərzidir. Bu hissədə Aşıq Sərraf Kərəmlərin Ziyad xan yurdunda xan olması arzusuna yeni poetik məna verir.

 

Aldı Aşıq Sərraf:

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Mehrin salar ulusuna, elinə,

Xaçpərəstlə Kərəm dostdu deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

 

Dastan-deyişmənin bu hissələrində də əvvəlki hissələrdə olduğu kimi, nəsihət və məzəmmət boyaları güclüdür.

 

Aldı Aşıq Bayraməli:

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

Görsələr ki, dərgahına düz gedir,

Haram badə Kərəm içdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

 

Dastan-deyişmədə Kərəmlərin yeni həyat və yaşam tərzinə, Azərbaycanın yeni müstəqilliyi dövründə gənclərimizin yeni milli zəmində ailə qurmasına və xoşbəxt ömür sürmələrinə dərin inam hissi vardır. Aşıq Sərraf bu inamı belə ifadə edir.

 

Aldı Aşıq Sərraf:

Yanığın, sınığın, Kərəm, sağalar,

Ermənilər bundan dərin dağ alar,

Kərəm Gəncəsində təzə çağ olar,

Eldən özün Kərəm seçdi deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

 

Lakin bunun üçün yeni gələn nəsil öz xalqı, el-obası ilə qol-boyun olmalı, canında xalqının ağrı-acısını hiss etməli və düşmənə qarşı birgə mübarizə aparmalıdır.

 

Aldı Aşıq Bayraməli:

Xalqınla qol-boyun olmayınca sən,

Soy yar sevib kamın almayınca sən,

Dini məhbubluğa dolmayınca sən,

Doğru yolu Kərəm açdı deməzlər,

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

 

Aldı Aşıq Sərraf:

Xalq olmasa canındakı ağrında,

Didərginlər yaşamasa bağrında,

Düşmənləri öldürməsən uğrunda,

Dar qurdurub Kərəm asdı deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

 

Dastan-deyişmədə Azərbaycan gənclərinin ermənilərin törətdikləri cinayətlərə, yurdumuzun düşmənlər tərəfindən viranəyə çevrilməsinə, ağsaqqallarımızın, ana və bacılarımızın, körpələrimizin müsibətlərə düçar olmalarına həssaslıqla yanaşmaları və milli dəyərlərimiz əsasında həqiqi vətəndaş səviyyəsinə yüksəlməsi tövsiyə olunur.

 

Aldı Aşıq Bayraməli:

Şəhid olub, torpağında sən yatsan,

O zirvəyə Vətənində sən çatsan,

Kafir məhəbbətin qəlbindən atsan,

Ayılıbdı Kərəm, məstdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

 

Aldı Aşıq Sərraf:

Çıxart erməniyə dair faktları,

Yüz ildə dağılan yurd, tifaqları

Birləşdir Vətəndə ittifaqları,

Yaxşı işə, Kərəm, pisdi deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

 

Aldı Aşıq Bayraməli:

Yurddaşsızdı, qalıb yurdlar virana,

Müsibətsiz deyil yurdda bir ana.

Düşmən üstdə çevrilməsən borana,

Qasırğatək Kərəm əsdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

 

Aldı Aşıq Sərraf:

Sərraf Qasım deyər: yaşıyan olsan,

Düşməni kökündən qaşıyan olsan,

Ağır millət daşın daşıyan olsan,

Sənin ömrün, Kərəm, puçdu deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

 

Aldı Aşıq Bayraməli:

Aşıq Bayraməli, layiq üz ağa.

Kərəm, bir də bizi salma sazağa.

Qanıb sən düşməsən eldən uzağa,

Qədəmlərin, Kərəm, nəsdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

 

Mövzu və ideyasına görə aşıq poeziyasının dəyərli nümunəsi olan və milli türkçülük ruhunda qələmə alınan bu dastan-deyişmə çağdaş Naxçıvan aşıq mühitinin Azərbaycanın ictimai və siyasi hadisələrinə böyük qayğı və həssaslıqla, aydın milli mövqedən yanaşmasını təsdiq etməklə yanaşı, ədəbi yaradıcılıq əlaqələrini də özündə ehtiva edir.

 

 

✦ ─── ✦ ─── ✦

 

 

ƏDƏBİYYAT

1.      Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru, I c.. “Sabah” nəşriyyatı, 1994

2.      Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru, üç cilddə, I c.. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2010

3.      Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru, üç cilddə, II c.. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2011

4.      “Əsli və Kərəm” dastanı. Azərbaycan dastanları, 5 cilddə, 2-ci c.. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1966

5.      Qasımlı Məhərrəm. Ozan aşıq sənəti. Bakı, 2003

6.      Qədimov. Aşıq Məmmədcəfər. “Şərq qapısı” qəz., 7 dekabr 1977

7.      Qədimov Əsgər. Aşıq Nəcəfalı Naxçıvan ensiklopediyası, I c., 2005, s.38

8.      Nəbiyev Azad. Naxçıvan folklor mühiti. “Azərbaycan” qəz., 10 oktyabr 2010

 

 

SUMMARY

Asgar Gadimov

ON ONE OF THE REPRESENTATIVES OF THE XX CENTURY NAKHCHIVAN ASHUG ENVIRONMENT (ASHUG BAYRAMALI)

The scientific paper deals with Ashug Bayramali’s life and creative activity, one of the representatives of the XX century Nakhchivan ashug environment. It also discusses the ashug’s epos-wrangling dedicated to the armenian agression written together with the poet Sarraf Gassim.


Key words: ashug, Ashug Bayramali, Nakhchivan, environment, Ashug Sarraf Gassim

 

 

РЕЗЮМЕ

Аскер Гадимов

ОБ ОДНОМ ПРЕДСТАВИТЕЛЕ НАХЧЫВАНСКОЙ АШУГСКОЙ СРЕДЫ ХХ ВЕКА (АШУГ БАЙРАМАЛИ)

В научной статье говорится о жизни и творчестве представителя Нахчыванской ашугской среды ХХ века Ашуга Байрамали и его дастане-состязании, написанном вместе с ашугом и поэтом Саррафом Гасымом, посвященном армянской агрессии.


Ключевые слова: Нахчыванская ашугская среда, ашуг, состязание, дастан.


Açar sözlər: Naxçıvan aşıq mühiti, aşıqlıq sənəti, ədəbiyyat, Aşıq Bayraməli, şeir

 



▬▬▬ ▬▬▬


⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 



Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)