SƏRRAF QASIMIN YARADICILIĞI - (Yazıçı Süleyman Rzazadənin müəllifliyi ilə)

  

Məqaləni çap edən qəzetin adı:

“ƏDALƏT VƏ HƏQİQƏT” qəzeti

Məqaləni hazırlayan yazarın adı:

Süleyman RZAZADƏ

Məqalənin qəzetdə çap olunduğu tarix:

21.12.2019

▬▬▬ ▬▬▬

Görkəmli Azərbaycan şairi Rüstəmli Sərraf Qasım Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində, zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur.

 

Mahalım Naxçıvan, özüm şahbuzlu,

Tanınsın qoy yurdum dedim Gəncədə.

Aşağı Qışlaqdır kəndimin adı,

Mən yerimi nişan verdim Gəncədə.

 

Sərraf Qasım 1939-cu ildə dekabrın 31-də Yeni il gecəsində dünyaya gəldiyi üçün bəzi mənbələrdə onun 1 yanvar 1940-cı il tarixdə dünyaya gəldiyi qeyd edilmişdir. Sərraf Qasım Hicri Qəməri təqvimi ilə isə Zilqədə ayının 19-da, yəni İshaq peyğəmbərin doğum günündə dünyaya gəlmişdir. Bu fakt isə Sərraf Qasımın peyğəmbər xislətli bir insan olmasına və peyğəmbər kimi bir həyat yaşamasına öz mənəvi təsirini göstərmişdir.

Dünyaya göz açan gələcək şairin adı valideynləri tərəfindən Qasım qoyulur. Gənclik yaşlarında poeziya aləminə daxil olan gənc şair “Sərraf” təxəllüsünü qəbul etdiyi üçün sonradan öz pasport və vəsiqələrində adını dəyişərək “Sərraf Qasım”, soyadının sonluğunu isə dəyişərək “Rüstəmli” edir.

Sərraf Qasımın anası Göycə evdar bir xanım, atası Əyyub kişi isə kənd təsərrüfatı işləri ilə məşğul olan zəhmətkeş, mömin və şair təbiətli bir insan olmuşdur. Sərraf Qasımın anası 1973-cü ildə, atası isə 1948-ci ildə vəfat etmişdir. Sərraf Qasımın babaları naxçıvanlı olduğu üçün o, əsl naxçıvanlı olmuş və hər zaman özünü belə təqdim etmişdir.

Sərraf Qasım uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında keçirmişdir. O, 8 yaşına çatanda atasını itirmiş və bundan sonra ali məktəbə qəbul olunanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür.

Sərraf Qasım 1947-1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1-8-ci siniflərdə), 1955-1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9-10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959-1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasına yiyələnmişdir. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq zootexnik ixtisası üzrə alimlik dərəcəsi əldə etmiş və diplom almışdır. Onu da qeyd edək ki, Sərraf Qasım Azərbaycan Respublikasının tanınmış şairləri ilə müqayisədə ən gənc yaşlarında, yəni 27 yaşında alimlik dərəcəsi əldə etmiş bir şair olmuşdur. Texnikumda və ali məktəbdə təhsil almaqla yanaşı, bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuş və buna görə də müvafiq diplomlara və şəhadətnamələrə layiq görülmüşdür. Ümumiyyətlə, Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və yaradıcı bir şəxs kimi yetişməsinə səbəb olmuşdur.

Ötən 2018-ci ilin fevral ayında Sərraf Qasım ömrünün 78-ci baharında dünyasını dəyişdi. Yaşasaydı 2020-ci ildə 80 illik yubileyini qeyd edəcəkdi.

 

Oxuyub-oxuyub Sərraf olmuşam,

O bir Yaradandan dərs almışam mən.

Həqiqətdə özü bir, adı min bir,

O Sirri-Sübhandan dərs almışam mən.

 

Ömrünü aşıq-saz sənətinin təbliğinə həsr edən və çağdaş Naxçıvan aşıq məktəbinin banisi kimi tanınan Sərraf Qasım 1996-cı ildə isə Şahbuz rayonunun Kolanı kənd Orta İxtisas Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı və yetirmələrinin səyləri ilə yaranan Saz Məktəbində bir saz müəllimi kimi işə götürülmüş, lakin bundan sonra o, bir rəsmi saz müəllimi kimi Kolanıda deyil, öz evində yaratdığı Saz Məktəbində rəsmi surətdə saz fənnindən dərs keçməyə başlamışdır.

Gənc vaxtlarından düzgün və etibarlı bir insan kimi tanınan Sərraf Qasım ləyaqətli əmək fəaliyyəti ilə məşğul olduğuna görə müxtəlif mükafatlara, tərifnamələrə - “1978-ci ilin sosializm yarışının qalibi” döş nişanı və “10-cu beşillik zərbəçisi” döş nişanı kimi döş nişanlarına layiq görülmüşdür.

Azərbaycan aşıq sənəti tarixində və poeziyasında öz dövründə bir çox ilklərə imza atmış Sərraf Qasımın ardıcıllıqla əhatəli və zəngin yaradıcılıq fəaliyyəti olmuşdur.

 

Olmamışam var aşiqli,

Olmuşam ilqar aşiqli.

Məclislərin yaraşığı,

Sazlı-sözlü, şənliyəm mən.

 

Nə qədər ki, ölməmişəm,

Xalqımı sevməkdi peşəm.

Sərrafam, təəssübkeşəm,

Şənliyəm mən, mənliyəm mən.

 

Mən Sərraf Qasımam, ömrə gülərəm,

Ölüm fərzdir, mətləb üstə gələrəm.

Bir gün yaranmışam, bir gün ölərəm,

Ölməz bu əmanət sözümdür, saxla.

 

Sərraf Qasımın yaradıcılığı hər bir yaradıcı insana örnəkdir desək, yəqin ki, yanılmarıq. Çünki bu yaradıcılıqda öyrəniləsi şeylər çoxdur.

 

Süleyman RZAZADƏ,

AYB və AJB-nin üzvü,

“Qızıl qələm” mükafatı laureatı



▬▬▬ ▬▬▬



⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 



Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)