SƏRRAF QASIM YARADICILIĞINDA AŞIQ ƏLƏSGƏR ƏNƏNƏSİ - (Elmi-ədəbi məqalə) Müəllif: AYTƏN CƏFƏROVA

Bu elmi məqalə 2021-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin “Elmi Əsərlər Toplusu” jurnalının Aşıq Ələsgərə həsr olunmuş xüsusi nömrəsində çap olunmuşdur.

Məqalənin müəllifi: Filologiya üzrə fəlsəfə doktoru AYTƏN CƏFƏROVA 

👉 Məqaləyə bax ➤ (PDF)



Sərraf Qasım yaradıcılığında Aşıq Ələsgər ənənəsi



Aşıq yaradıcılığı Azərbaycan şifahi xalq ədəbiyyatının ən məhsuldar qollarınan biri olaraq xalq fəlsəfəsindən tutmuş inkişaf etmiş mədəni müstəviyədək yaranan folklor faktorudur. Aşıqlar “el içində oturub, el içində duran” folklor informasiyasını yaddaşda qoruyub elə xalqa ötürən, xalq təəssübünü qoruyan, onun mənafeyini sidq ürəklə hər şeydən üstün tutan ilahi vergili şəxsiyyətdir. Bu baxımdan aşıq el şənliklərinin əsas aparıcı şəxsi kimi təkcə şənliyi idarə etmək vəzifəsini daşımırdı, həm də bundan istifadə edərək xalqda mənəvi-əxlaqi dəyərləri qorumaq üçün müxtəlif poetik vasitələrlə bunu həyata keçirirdi. Belə görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan aşıq yaradıcılığında silinməz və hətta əbədi imza qoyan Aşıq Ələsgər – Dədə Ələsgərdir ki, onun ənənəsini davam etdirmək, onun üslubunda yazıb-yaratmaq sonrakı dövr aşıqlarının da arzusu olub. Bəzi zamanlarda bir çox aşıqlar bu arzularına yetişmiş, Ələsgər ənənəsindən bəhrələnərək yazıb-yaratmışlar. Onlardan biri də çağdaş Naxçıvan aşıq mühitinin dəyərli nümayəndəsi Aşıq Sərraf Qasımov idi. Sərraf Qasım Aşıq Ələsgər irsi ilə ruhlanaraq Aşıq Ələsgər yaradıcılığına xas olan obraz və motivlərdən bəhrələnmiş və onlardan məqsədli şəkildə istifadə etmişdir. 


İstər Aşıq Alıya, Ələsgərə və istərsə də Aşıq Ədalətə, digər söz ustalarına həsr etdiyi şeirləri Sərraf Qasımovun aşıq yaradıcılığına, el sənətinə nə qədər ürəkdən bağlı olduğunu təsdiq edir. Sərraf Qasım Naxçıvan aşıq mühitinin tanınmış sənətkarlarından biri olub. İstedadı və bacarığı ilə dövrünün tanınmış aşığı olan Sərraf Qasımov yaradıcılığı boyunca özündən əvvəlki məşhur aşıqlarla yanaşı, dövründə fəaliyyət göstərən aşıqların da yaradıcılıqları ilə mükəmməl şəkildə tanış olmuşdur. Odur ki, aşığın yaradıcılığında dövründən əvvəl fəaliyyət göstərən məşhur aşıqların təsiri aydınca duyulmaqdadır. Sərraf Qasımla həmin aşıqların dövrü arasında müəyyən qədər fərq olsa da, çox zaman onların yaradıcılıqlarından bəhrələndiyi üçün həmin aşıqları ustadı hesab etmişdir. Və ustadı hesab etdiyi aşıqlardan biri də hər zaman yaradıcılığına və şəxsiyyətinə heyranlıq duyduğu Dədə Ələsgər olub. Düzdür, Sərraf Qasımın mühiti Naxçıvan aşıq mühiti idi. Bu mühitin Azərbaycan aşıq yaradıcılığında Göyçə aşıq mühiti qədər genişşaxəli yeri olmasa da, müxtəlif dövrlərdə onun yetişdirdiyi, Azərbaycan aşıq yaradıcılığına dəyərli töhfələr bəxş edən yaradıcı şəxsiyyətləri olmuşdur. Elə onların davamçılarından biri kimi Sərraf Qasım da Naxçıvan aşıq mühitinə öz dəsti-xəttini, imzasını

şərəflə həkk edən şəxsiyyətlərdəndir.

Sərraf Qasım aşıqlığın dərin qatlarına enmək, bu müqəddəs sənətin sirlərini öyrənmək üçün digər mühitlərin həm ustad, həm də təzə fəaliyyətə başlamış gənc aşıqları ilə dostluq əlaqələri yaradırdı. Elə Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı illərdə də bu sahədəki geniş fəaliyyəti məlumdur. Bu baxımdan prof. Ə.Qədimov yazır: “Bu mühitdə Aşıq Sərraf Gəncə aşıqları ilə yaxın dostluq etmiş, onlarla birlikdə el şənliklərində iştirak etmişdir. Gəncə mühitində Aşıq Cuma, Aşıq Mayıs, Aşıq Teymur, Aşıq Zeynal, Aşıq Qədir, Aşıq Hümmət, Aşıq Abazər, Aşıq Eldar, Aşıq İsmayıl, Aşıq Qaraçıoğlu və başqaları Sərraf Qasımla yaxın dostluq etmiş, toylarda onun şeirlərini saz üstündə oxumuşlar” [6, s. 8]. Mükəmməl aşıq kimi yetişməyində Gəncə aşıqlarının və mühitinin böyük rolu olmasına baxmayaraq Sərraf Göyçə aşıq mühiti nümayəndələri ilə də mütəmadi olaraq əlaqələr yaratmışdır.

Sərraf Qasımın ədəbi irsi təsdiq edir ki, o, müasiri olduğu Naxçıvan aşıqlarından seçi-lərək aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeirlər yazmışdır.

Sərraf Qasımın sazın ilkin variantı olan, qədim türk düşüncəsinin simvolik aləti olan qopuz haqdakı düşüncələrinin də qaynağı, mənbəyi vardır. Qoşmadan göründüyü kimi, Sərraf Qasım qopuzu “sazın ilki” adlandırır. Dədə Qorqud dünyasından dövrünə ərməğan olan bu müqəddəs alətin türkçülüyə Tanrı tərəfindən böyük töhfə olduğunu fəxrlə vurğulayır. Təbiidir ki, bu dünyagörüşün, qavramanın da səbəbkarı, qaynaq mənbəyi vardır: qopuzu Dədə Qorqud yadigarı adlandırmaq məhz Dədə Ələsgərin aşıqlıq sənətini əlçatmaz zirvə kimi qəbul etməsindən qaynaqlanan məqam idi. Dədə Ələsgər dünyasına, şeiriyyətinə vurğun olan Sərraf da öz dəyərləndirmələrində məhz Ələsgər məktəbinə istinad edəcəkdi və bu istinadları da Sərrafın mükəmməlliyini birə-beş artırırdı.

Qeyd edək ki, Göyçə aşıq məktəbində öz yenilməz və silinməz imzasını həkk edən, bununla da bütöv Azərbaycan aşıq mühitində nəinki məktəb, hətta mühit səviyyəsində yara-dıcılıq imzası qoyan Ələsgər aşıqlığı müqəddəs sənət adlandırmışdır. Məhz belə yanaşması onun məktəbindən dərs alan sonrakı dövr aşıqlarının da şüarına çevrilmişdi. Aşıqlıq vergisinin “şəriətdən təriqətə” gedən yolda sınanmış bir sənət olması prinsipi ilə yaşayan və fəaliyyət göstərən Dədə Ələsgərin şüarı sonrakı dövr aşıqların da yetişməsinə çox böyük təkan və töhfə oldu.

Şəriətdən təriqətə doğru şərəfli yolları keçib dərya olmaq istəyənlərin haqqın özündən qopub gələn bir ümman qarşısında baş əyəcəyini, öz mətləblərini yuxuda alan Dədə Ələsgər çox gözəl anlayırdı:

 

Ölməyincə bu sevdadan,

Çətin dönəm, usanam.

Həqiqətdən dərk almışam,

Təriqətdi söz qanam.

Şahi-mərdan sayəsində,

Elm içində ümmanam.

Dəryaların qaydasıdı,

Ümmana baş endirir [4, s.75].

 

Dədə Ələsgər aşıqlığın “şəriət-təriqət-mərifət-həqiqət” mərhələləri ilə sınanmış möcü-zəvi sənət, Tanrı vergisi olmağını yaratdığı əsərlər vasitəsilə təsdiqləyirdi. Eləcə də ustadın şəyirdləri, onun “söz bağçasından su içən” Aşıq Sərraf kimi davamçıları da aşıqlığa, söz aləminə dərin ehtiramla yanaşaraq bir-birindən dəyərli incilər yaratmışlar. Dədə Ələsgərdən sonra onun davamçıları Azərbaycan təbiətinin gözəllikləri, bu gözəlliklər ucbatından Vətən göylərinin, vüqarlı dağlarının başının qilü-qaldan əskik olmamasını Ələsgər təbiri ilə deməyi özlərinə fəxr bilirdilər. Bu baxımdan diqqət edək Aşıq Ələsgər lirikasında sevilən məqama malik olan “Dağlar” rədifli qoşmalara:

 

Bahar fəsli, yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı,

Tutmaz bir-birindən aralı dağlar [1, s. 15]

 

– deyən Ələsgərin məlum “Dağlar” qoşmasında bahar fəsli zamanı gül-gülüstana dönən dağların əzəməti, vüqarı aşığın təbini coşdurur, bu gözəllik məcmusunu aşıq həyatın əsrarəngiz möcüzəsi kimi obrazlaşdırır.

Bəli, istər Vətən gözəlliklərinin şövqlü, coşqun təsviri, istərsə də Vətən dağlarının başının qara buludlarla örtülməsindən yaranan qəlb göynərtisi Dədə Ələsgər “Dağlar”ı vasitəsilə o qədər aydın obrazlaşdırılır ki, “Dağlar” artıq tamlaşmış bir obraz kimi milli yaddaşa həkk olunur: həm gözəlliklərin mücəssəməsi “Dağlar” kimi, həm də yadellilərin tapdağına çevrilərək miskinləşən Vətəni ifadə edən “Dağlar” kimi. Məhz bu qədər həssas duyğular məcmusu olan “dağlar” obrazı Ələsgər məktəbinin bulağından “su içən” aşıqların da yaradıcılığının bəzəyi olmuşdur. Və bu baxımdan Naxçıvan aşıq mühitində də bu mövzuya ara-sıra təsadüf edirik. Bunlardan ən bariz nümunəni məhz Sərraf Qasım yaradıcılığında izləyirik. Qeyd edək ki, Sərraf Qasım təbiət gözəllikləri, Vətənin möcüzəvi, əsrarəngiz məkanları haqqında bir-birindən təbii və yaddaqalan şeirlər ərsəyə gətirmişdir: “Qalasıdır”, “Şahbuzun”, “Araz”, “Yaylaq”, “Dağlar” şeirlərində Vətən gözəlliklərini real boyalarla vəsf edir.

Qeyd etdiyimiz kimi, Aşıq Sərrafın lirikasında təbiət mövzusu da əsas mövzulardandır. “Dağlar” rədifli şeirində Vətən təbiətini, onun əzəmətli dağlarının yaz fəslində al-əlvanlığını aşiq coşqusu ilə nəzmə çəkən aşıq payız vaxtı bu dağların büsatının pozulmasına dözə bilmir. O, Vətən dağlarını hər zaman güllü-çiçəkli el-oba məskəni kimi görmək istəyir. Odur ki, dağlara xitab edərək deyir:

 

Nədən payız fəslin qəlb sıxan olur?

Düşünürəm özüm-özümə, dağlar.

Mələşməyir ağ, qaragöz quzular,

Düzülmür düzümdən-düzümə, dağlar.

 

Hər tərəf bülbülsüz, hər çəmən gülsüz,

Hər tərəf lal kimi, hər tərəf dilsiz.

Hər tərəf obasız, hər tərəf elsiz,

Qüssədən yaş gəlir gözümə, dağlar.

 

Hanı səndə laylay deyən analar?

Ayna göllər donub, üzmür sonalar.

Yazda gəlib sinən üstə qonalar

Sözün varsa, söz de sözümə, dağlar.

 

Hər zaman beləcə arsızsan, arsız,

Yazda ilqarlısan, payız ilqarsız.

Mən səni görəndə yoldaşsız, yarsız,

Dözmürəm, səndəki dözümə, dağlar [7, s.29].

 

Diqqət etsək, Sərraf Qasımın “Dağlar”ındakı mövzu elə Ələsgərin ikinci “Dağlar”ındakı mövzudan qaynaqlanır. Müxtəlif tarixi dövrlərdə Vətən dağları qan-qada, ağrı-acı ilə qarşı-laşmışdır. Dədə Ələsgərin zamanında başı bəlalar çəkən Vətən dağları Sərrafın zamanında da ağrını-acını yaşamaqdadır. Və bu doğma yurdunun başına gətirilən ağrı-acıdan doğan təəs-süfünü, qəlb təlatümünü Ələsgər payız fəsli ilə müqayisə edir. Payızın bağları, dağları viranə qoyduğu kimi yad gəlişi, nəzəri də Vətən dağlarına payız acısı, payız solğunluğu, payız qəm-qüssəsi gətirir. Hər iki qoşmada cəmiyyətin dayağı olan qadının gözəlliyi ilə qoşalaşmış təbiət möcüzələrindən məhrum olan “miskin dağlar”ın halı ürək yanğısı ilə təsvir olunur:

 

Aşıq Ələsgər:

Hanı bu yaylaqda yaylayan ellər?!

Görəndə gözümdən car oldu sellər.

Seyr etmir köysündə türfə gözəllər,

Sancılmır buxağa güllərin, dağlar! [1, s. 37].

 

Sərraf Qasım:

Hanı səndə layla deyən analar?

Ayna göllər donub, üzmür sonalar.

İnanmıram bir də sənə qonalar,

Sözün varsa, söz de sözümə, dağlar! [7, s. 29].

 

Göründüyü kimi, qadın ayağı dəyməyən dağların viranəyə dönməyindən yaranan qəlb göynərtisinin mükəmməl ifadəsi Dədə Ələsgərdən başlayaraq Sərraf Qasım yaradıcılığında da uğurla davam etdirilir.

Və ya igidlər oylağı məğrur dağların viranəyə dönməyi Dədə Ələsgəri nə qədər ağrı-dırsa, “Hər tərəf obasız, hər tərəf elsiz, Qüssədən yaş gələr gözümə, dağlar” deyən Sərraf da Vətəninin elsiz-obasız qalmasına qan ağlayır.

Ümumiyyətlə, qeyd edək ki, elə Aşıq Ələsgər yaradıcılığından tanış olan “Dağlar” rədifli qoşmaların kökündəki məhz “Kitabi-Dədə Qorqud”dakı “dağ” kultuna hörmətdir. Bu da öz növbəsində başlanğıcını qədim türk düşüncəsində kultçuluq ənənəsində mövcud olan “dağ” kultundan götürür. Bu barədə professor M.Qasımlı yazır ki: “...Təkcə “dağ” obrazına müraciətin Dədə Qorqud adlı ozanın dilindəki poetik xitab çeşidləri ilə aşıq ədəbiyyatındakı “Dağlar” rədifli yüzlərlə şeirin tutuşdurulması bu baxımdan yetərlidir” [5, s. 7].

Sərraf Qasım öz yaradıcılığında ustad aşıqların üslubuna böyük hörmət bəsləmişdir. Təkcə yaradıcılıq qaynağı Dədə Ələsgər məktəbi deyil, o cümlədən digər – Qurbani, Xəstə Qasım, Sarı Aşıq və s. kimi görkəmli aşıqların da yaradıcılığına rəğbətlə, sanki bir mürid həssaslığıyla yanaşmışdır. Odur ki, biz aşığın yaradıcılığını incələdikcə bu yanaşmanı aydın müşahidə edirik. Eləcə də Ələsgər yaradıcılığına vurğunluğunu aşıq az qala hər addımda qürurla ifadə edir.

Göründüyü kimi, Sərraf Qasım söz ustadları görkəmli aşıqları görmədiyi, onlarla bir dövrdə yaşamaq nəsibi olmadığı üçün çox heyifsilənir. Amma Ələsgər nəslindən olan in-sanlarla ünsiyyəti aşığa təsəlli verir: onlardan Ələsgər haqqında aldığı məlumatlar, Ələsgərli xatirələr Sərrafın qəlbini rahatladır. Sanki Ələsgər ətrini onun şəcərəsinə məxsus olan insan-larda, onların Ələsgərli söhbətlərindən alaraq ilhama gəlir.

 

Dür də mənəm, dürdanə də.

İrsim Ələsgər irsidir,

Söz xəzinəm var sinəmdə

İrsim Ələsgər irsidir [6, s. 326].

 

Sərraf Qasımın Aşıq Ələsgərə olan sevgisi təkcə onun yaradıcılığını böyük sevgi ilə mütaliə etməsi, əzbərləməsi, öz repertuarında ən mötəbər el məclislərində ondan istifadə etməsi və yaratdığı şeirlərində Aşıq Ələsgər ruhunu yaşatması ilə bitmirdi. Sərraf Qasım sanki Ələsgər ruhu ilə yaşayan nəfəs alan bir şəxsiyyət idi. Odur ki, aşıq hər zaman Dədə Ələsgərlə bağlı axtarışlarında davam edirdi: onun haqqında yeni məlumatlar toplamağa, aşığın nəvəsi, sağ qalan qohumları ilə ünsiyyətə var qüvvəsi ilə can atırdı. Bununla da Sərraf hər zaman qəlbini didib-parçalayan “Ələsgərin müasiri olmamağı haqda kəskin təəssüf hissini” sön-dürməyə, qəlbini ovutmağa çalışırdı. Bu baxımdan Sərraf Qasım mütəmadi olaraq Ələsgərin nəvəsi və qohumları ilə əlaqələr saxlayırdı. Yaradıcılığında Aşıq Ələsgərə həsr etdiyi qoşmaları ilə yanaşı onun şəcərəsinə məxsus insanlara həsr etdiyi şeirləri də vardır. Bununla yanaşı, Aşıq Ələsgərin nəvəsi və qohumları da Sərrafdakı bu böyük sevgini yüksək dəyərləndirmiş, Ələsgərin nəvəsi Aşıq Haqverdi də Sərraf Qasım Göyçəyə gələrkən onu xoş üzlə, sevinclə qarşılamış, maraqlı “Xoş gəldin”lə Sərraf Qasımı salamlamışdır: 


Qədəm qoyub ulu bu mahala sən,

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Ürəyində Ələsgərin sevdası,

Beş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

 

Sərraf Qasım da öz növbəsində Aşıq Haqverdinin bu xoş münasibətini özünəməxsus tərzdə belə cavablandırmışdır:

 

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgərgilə.

Ürəyimdə Ələsgərin sevdası,

Beş gəldim Göyçəyə Ələsgərgilə.

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgərgilə.

 

Bənddən göründüyü kimi, Sərraf Qasımın Göyçəyə hər gəlişinin səbəbi Ələsgər ruhunu duymaq, hiss etmək, özünün ifadə etdiyi kimi, “Ələsgər sevdası” olmuşdur. Göyçə mahalı Sərraf Qasım üçün “Ələsgərgil” anlamında obrazlaşmış, Göyçəni “Ələsgərin evi” adlandır-mışdır. Şeirdə Sərraf Ələsgər yurdunda kəsdiyi hər tikənin bal şərbəti qədər şirin olduğunu vurğulayır. Çünki bu çörək, bu tikə Ələsgər yurduna məxsusdur. Bu tikəni Sərraf ən əziz tikə hesab edir. Sərraf Qasım özünü yaradıcılığının hər anında “Ələsgərin şəyirdi” adlandırır:

 

Sərraf Qasım talibdir o talibə,

Ələsgər şagirdi, fəxri qalibə.

Cahada, Hacıya, Aşıq Talıba

Tuş gəldim Göyçəyə Ələsgərgilə.

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgərgilə [8].

 

Bu baxımdan biz, Sərraf Qasım yaradıcılığında da Aşıq Ələsgər ənənəsinə xas olan sözə ehtiyat və ehtiramla yanaşma məqamını izləyirik. Sərraf Qasım ifadə olunmuş sözü artıq el malı hesab edir, onu ifadə etməzdən öncə dərin diqqət tələb olunmasını anlayır. Söz nə qədər mənalı olarsa, bir o qədər hörmət qazanar. Buna baxmayaraq, Sərraf Qasım nə qədər söz üzərində diqqətli olsa da, Ələsgər nəfəsi dəymiş hər sözün bütün sözlərdən üstün olduğunu yazır. Öz sözlərinin, söz elminin də Ələsgər sözü yanında heç olduğunu böyük təvazökarlıqla ifadə edir.

Aşıq Sərraf Ələsgərə olan rəğbətini, sevgisini ustad sənətkarın əshabələrinə ünvanladığı şeirlərində də şövqlə ifadə edir, o insanların Ələsgər şəcərəsinə məxsus olduqları üçün böyük bəxt sahibi adlandırır.

Məlum olduğu kimi, Dədə Ələsgər sazın-sözün sehrini özündə saxlamağa çalışma-mışdır. Bu sirri öz şəyirdlərinə də aşılmağın vacib olduğunu hər zaman düşünmüşdür. Odur ki, ustad aşığın saysız şəyirdləri – xələfləri olmuşdur. Şəyirdlərin, onu yaxından tanıyan digər qocaların söylədiklərinə görə, Aşıq Ələsgərin evində onun şəyirdlərinin, saza-sözə həvəs göstərənlərin və ocağın şairlərinin iştirakı ilə tez-tez ədəbi-bədii məclislər keçirilərmiş. Bu məclislərdə sazlar işə düşər, çal-çağırdan sonra isə keçmiş ustad aşıqların, el şairlərinin şeirləri ilə yanaşı, yaşamaqda olan söz sənətkarlarının diqqəti cəlb edən əsərlərinə hərə öz müna-sibətini bildirərmiş… Ələsgər sənətinin hərarətində ərsəyə gələn şairlər: xüsusən, onun oğlanları, qardaşı və qardaşı oğlanları böyük ustadın bir sıra şeirlərinə bənzətmələr qoşduğu


kimi, onun yaratdığı sənət incilərinə oxşar şeir düzəltmək üçün də güclərini sınamış, hətta bunlardan daha çətin şeir nümunəsi yaratmağa təşəbbüs edənləri də olmuşdur [2, s. 230].

 

Cismani babandır, bilir el-obam,

Ələsgər mənimsə mənəvi babam.

Onsuz isinmərəm, ona möhtacam,

Qəlb atəşi sönməz közümdür, qoru.

 

Sərraf Ələsgəri təkcə ustadı, sələfi saymır, onu özünün mənəvi babası adlandırır. Yaratdığı şeirlərindən də göründüyü kimi, Sərraf Ələsgər ruhu ilə yaşayan aşıq olub. Həm də Sərraf Ələsgəri əbəs yerə “baba” adlandırmır. Folklorşünas, prof. H.İsmayılovun da söylədiyi kimi, baba folklorumuzda geniş funksiya icra edən, sakral daşıyıcılığa malik müqəddəs şəxsiyyətdir. Bu münasibətlə alim yazır ki: “Əski türk inam sistemindən gələn “baba” ortodoksal sufizm mərhələsində “xoca”dır, “pir”dir, “mürşid”dir; sakral dünya ilə mistik təmasda olan müqəddəs şəxsiyyətdir. Bu tipli şəxsiyyətlərin yerləşdiyi məkan “ocaq”dır. O, birbaşa Tanrı savçısı “ata”nın davamıdır. İnam sistemində (İslam çevrəsində) o, təriqət başçısıdır, övliyadır. Tanrı eşqi ilə yaşayan türkün əski inam daşıyıcısıdır. Ədəbi fəaliyyət sistemində isə o, el şairidir; ilahi türkülər qoşur, Tanrıya qovuşmaq ideyasını tərənnüm edir… [3, s. 160]. Məhz Sərraf Qasım da “ozan”, “dədə”, “baba” kimi titullarının qədim türk dün-yagörüşündə hansı mövqedə olduğuna dərindən bələd olan bir şəxsiyyət kimi Dədə Ələsgərə yanaşı olaraq “baba” titulunu da ünvanlayır.

Ustad aşığı “Dədə Ələsgər” adı ilə məşhurlaşdıran fəxri titulu onun el arasında ən nüfuzlu şəxsiyyətlərdən olduğunu ifadə edir. Lakin Sərraf Qasım ustada xalq tərəfindən veril-miş “Dədə” titulu ilə yanaşı “Baba” titulunu da ünvanlayır və bu münasibətlə də ustadı özünün “mənəvi babası” adlandırır.

Sərraf Qasımın Ələsgər şəxsiyyətinə bağlılığı, tükənməz sevgisi onun şəcərəsindən olan insanlarla bağlı olan münasibətində də öz ifadəsini tapır. Ələsgər ocağından pərvəriş aldıqları üçün onları xoşbəxt bəndələr hesab edirdi və elin, xalqın hər zaman bu nəslə böyük hörməti olduğunu Aşıq Ələsgər haqda yazdığı “Kimi” qoşmasında bir daha vurğulayırdı:

 

Ələsgər nəslinə el hörməti var,

Telli sazın, sözün Allahı kimi.

Unutmarıq, hər vaxt ulu bilərik,

Onları sənətin bir şahı kimi.

 

Bu ocaqda od alıbdır hər zaman,

Nəcəfi, Talıbı yetirib haman.

Saz çalıb, söz qoşub təbidar İman,

Hikmət dünyasının sabahı kimi [8].

 

Göründüyü kimi, Sərraf Qasım Ələsgərin varislərində irsi istedadın olmasını da təbii sayır. Çünki Ələsgər ocağında doğulub, dünyaya qədəm qoyan, Ələsgər ocağının hənirini duyan bir insan bu əbədi irsi istedaddan yan keçə bilməz.

Sərraf Qasım Göyçəyə hər gəlişində müqəddəs məkan kimi Aşıq Ələsgərin məzarını mütləq ziyarət edərdi. Hər dəfə ziyarət edəndə yaşadığı hissləri, keçirdiyi Ələsgər həsrətli duyğuları misralara köçürərdi.

Bəli, Azərbaycan aşıq sənətinin ölməz sənətkarı Ələsgərin hər bir yaradıcılıq məhsu-lunda müxtəlif mövzularla bağlı məqamlar böyük uğurla qələmə alındığından sonrakı dövr aşıqları da onun yaradıcılığını özlərinə məktəb bilmiş və Ələsgər məktəbinin yetirmələri olan


neçə-neçə aşıq öz yaradıcılıqları ilə Azərbaycan aşıq yaradıcılığına qiymətli incilər bəxş etmişdilər. Bu baxımdan Naxçıvan aşıq mühitinin nümayəndələrindən də Ələsgər məktəbinin yetirmələri kimi fəaliyyət göstərmiş aşıqlar məlumdur. Onlardan çağdaş Naxçıvan aşıq yaradıcılığında öz dəsti-xətti olan Sərraf Qasımın yaradıcılığı da diqqətçəkəndir. Araşdırdıqca məlum olur ki, Sərraf Qasım ustadı, müəllimi bildiyi Aşıq Ələsgərə sidq ürəklə, bütün varlığı ilə bağlı olduğundan, elə bu baxımdan hər şeirində Dədə Ələsgər ruhu da aydın duyulmaqdadır.

 


✦ ─── ✦ ─── ✦



ƏDƏBİYYAT

 

1.  Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 s.

2.  Ələsgər İ. Haqq aşığı Ələsgər: Monoqrafiya. Bakı: Maarif, 1999, 264 s.

3.  İsmayılov H. Azərbaycan folklorunun regional xüsusiyyətləri. Bakı: Səda, 2006, 336 s.

4.  İsmayılov İ. Azərbaycan aşıq sənətinin ata, baba, dədə mərhələləri / Azərbaycan şifahi xalq Ədəbiyyatına dair tədqiqlər. 12 kitab, Bakı: Səda, 2002, s. 156-164.

6.  Qasımlı M. Azərbaycan aşıq ədəbiyyatı. Bakı: Şərq-Qərb, 2019, 200 s.

7. Qədimov Ə. XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları. II c., Naxçıvan: Əcəmi, 2017, 446 s.

8.  Sərraf Qasım. Bu, Sərraf Qasımın söz qalasıdır. Bakı: Ağrıdağ, 2003, 103 s.

 

 ASHUG ALASGAR’S TRADITION IN SARRAF QASIM’S CREATIVITY

 

Ashug art is one of the most productive branches of oral folk literature of Azerbaijan and is a factor of folklore from folk philosophy to advanced cultural level. Ashug is a man of people who preserves the information of folklore in the memory, pass it to the people and sin-cerely takes people’s interests. From this point of view, the ashug, as the main leading figure of the folk festivals, was not only responsible for managing the festivities, but also protected the moral values of the people by various poetic means. One of such prominent personalities is ashug Alasgar – Dada Alasgar, who left an indelible mark in the works of Azerbaijani ashug art. It was the dream of the ashugs of the later period to continue his tradition, to create in his style. At some times, many ashugs achieved these dreams and wrote using the Alasgar tradi-tion. One of them was Ashug Serraf Gasimov, a valuable representative of the modern Nakhchivan ashig environment. Inspired by the legacy of Ashug Alasgar, Serraf Gasim took advantage of the images and objects inherent in Ashug Alasgar’s work and used them pur-posefully.

 

Keywords: ashig, folklore, tradition, creativity, people, moral value, style, information


Açar sözlər: aşıq, folklor, ənənə, yaradıcılıq, xalq, mənəvi-əxlaqi dəyər, üslub, informasiya.



▬▬▬ ▬▬▬


⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 




Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)