SAZIN SEHRİNDƏ: Sərraf Qasımın və oğlu Əyyubun yaradıcılıq yolu

Məqaləni çap edən qəzetin adı:

“QABAQCIL” qəzeti

Məqaləni hazırlayan yazarın adı:

Şirzad QULİYEV

Məqalənin qəzetdə çap olunduğu tarix:

11.11.1989

▬▬▬ ▬▬▬

Ulu Azərbaycanımızın axarlı-baxarlı guşələrindən birində — Aşağı Qışlaq kəndində el-oba hörməti qazanmış Sərraf Qasım Rüstəmovun ailəsində bir uşaq dünyaya göz açır. Qohum-qardaş, dost-tanış, kənd ağsaqqalları Sərraf Qasıma göz aydınlığı, xeyir-dua verib deyirlər: “Elə et ki, övladın dədəmiz Qorqudun sənətini davam etdirsin”.

Yeri gəlmişkən …

Sərraf Qasım Rüstəmov saz-söz vurğunudur, “Sərraf” təxəllüsü ilə qoşmalar, gəraylılar, təcnislər yazır. Yerli və respublika mətbuatında ara-sıra çıxışlar edir. Yaxşı saz çalmaq bacarığı olsa da, el məclislərində deyil, yalnız özü və yetirmələri üçün ifa edir. El havalarını beş barmağı kimi bilir. Sərraf Qasım Lenin adına Sovxozda baş zootexnik işləyir. O, işinin öhdəsindən bacarıqla gəlir, boş vaxtlarında isə bu qədim el sənəti ilə məşğul olur. Qazax, Gəncə, Tovuz, Salyan, Gədəbəy, Kürdəmir aşıqları ilə daim əlaqə saxlayır, onlara qonaq gedir, xətrini istəyən aşıqlar isə Sərraf Qasımın qonağı olurlar.

... Sərraf Qasım el-obanın sözündən çıxmadı. Səhər-axşam körpə balasının başı üstündə «Kərəm gözəlləməsi», «Baş sarıtel», «Ruhani» və digər el havalarını çaldı. Uşaq böyüdükcə sazın sehri qətrə-qətrə, pərdə-pərdə onun qanına və damarlarına hopdu.

Uşağa Əyyub adını da el-oba ağsaqqalları qoymuşdu. O, böyüdükcə atasının sazını qucağına alar, tellər səsləndikcə sanki o da qol-qanad açardı. Kənddəki orta məktəbin birinci sinfinə qədəm qoyanda Əyyub üç el havasını sazda sərbəst çalırdı. Bax, beləcə ata sazını dınqıldada-dınqıldada Dədə Qorqud irsinə yiyələnirdi...  

İndi o, Aşağı Qışlaq kənd orta məktəbinin VIII sinfində oxuyur. Kolanı kənd yeddiillik musiqi məktəbinin isə tar üzrə IV sinfində təhsil alır. Əyyub hər iki qədim musiqi alətinə böyük maraq göstərir. O, Dədə Qorqud yadigarı olan saza daha çox bağlanıb. «Divani», «Naxçıvani», «Dübeyti», «Yanıq Kərəmi», «Əzaflı Dübeyti», «Ruhani», «Sarıtel», «Baş sarıtel», «Cəlili» və sair kimi el havalarını onun ifasında adam dinlədikcə dinləmək istəyir. Əyyubun şirin avazla oxumağı da var. Aşıq Ələsgərin, Dədə Şəmşirin, Aşıq Alının, Qurbaninin, Aşıq Hüseyn Bozalqanlının, atası Sərraf Qasımın və başqa el sənətkarlarının onlarca qoşmalarını bilir. Heç təsadüfi deyil ki, o, dəfələrlə rayon və muxtar respublika şənliklərində sazı ilə iştirak etmişdir. Onun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Lap bu yaxınlarda o, rayonumuzun tanınmış aşıqları ilə birlikdə Naxçıvan televiziyasında çıxış etmişdir.

Əyyub özündən kiçik qardaşı Teyyub və bacısı Göycəyə də bu qədim el sənətinin sirlərini öyrədir. Arzusu budur ki, ailə ansamblı yaratsın.

Sərraf Qasım deyərdi:

— “Yeganə arzum budur ki, uşaqlarım bu qədim el sənətini yaşatsınlar. Bircə o günü görsəydim... Görsəydim onlar sərbəst saz çalır, daha heç bir fikrim olmazdı”.

Səndə saza, sözə bu qədər istək hardandır? — sualına o, belə cavab verdi:

— “Gəncədə təşkil olunan aşıq məclislərinin birini də qaçırmazdım. Aşıq Hüseyn Cavan, Dədə Şəmşir, Aşıq İmran, Aşıq Pənah, Aşıq Hüseyn Saraçlı o məclislərin vuran ürəyi idilər. Heyif onlardan. Arzum budur mənim övladlarım da onlar kimi bu sənəti yaşatsınlar və nəsildən-nəsilə ötürsünlər”.

 

Şirzad QULİYEV



▬▬▬ ▬▬▬



⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)