SƏRRAF QASIM - ömrünü aşıq-saz sənətinin təbliğinə həsr edən və çağdaş Naxçıvan aşıq məktəbinin banisi kimi tanınan ustad sənətkar
Məqaləni çap edən qəzetin adı: | "ZAMANLA BİRGƏ" qəzeti |
Məqaləni hazırlayan yazarın adı: | Süleyman RZAZADƏ |
Məqalənin qəzetdə çap olunduğu tarix: | 17.01.2020 |
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
Azərbaycan folklorunun ən aparıcı qollarından biri sayılan aşıq sənəti bu sənətlə bağlı olan şifahi xalq yaradıcılığının müxtəlif sənət sahələrini təşkil edir. Folklor mühiti Azərbaycanın konservativ aşıq mühitlərindən olduğu üçün burada aşıq sənəti xalqın estetik zövqünü təmin edən, onun bədii-estetik və ənənəvi əxlaqi tələbatını tam ödəyən canlı sənət fenomeni kimi özünü göstərmişdir. Bu baxımdan aşıq sənəti ayrıca olaraq həm bir inzibati ərazi vahidi, həm də bir etnik-mədəni sistem olaraq təkcə bir bölgəyə məxsus cəhət deyil. Aşıq sənətinin bu mühitdə sözün bütün mənalarında öz klassik məzmununu qoruyub saxlaması bütövlükdə Qərb folklor mühitinə aid xüsusiyyətdir.
Genezisi etibarilə türk etnik-mədəni sistemində formalaşan sənət və mədəniyyət hadisəsi kimi seçilən, tipoloji baxımdan oxşar struktur elementlərini mühafizə edən Azərbaycan aşıq sənəti etnik-mədəni sistemin özəlliklərini özündə qoruyub saxlayan bir sənət fenomeni kimi bu gün də geniş yayılmışdır. Aşıq mühitinin sənət özəllikləri, mətn arsenalının poetik tutumu və onun struktur komponentləri - rəqs, musiqi, havacat sistemi ayrıca bir sistem hadisəsi olmaqdan daha çox, regional kulturoloji sistemin tərkib hissəsi kimi özünü göstərir. Azərbaycan folklorşünaslığında və onun müəyyən mərhələlərində aşıq sənətinin toplanılması, tərtibi, nəşri və araşdırılması folklorşünaslığımızın əsas strateji istiqamətlərindən birini təşkil etmişdir.
Azərbaycan aşıq yaradıcılığı tarixində aşıq sənətinin regional strukturu müxtəlif prinsiplər əsasında araşdırılmışdır. Ayrı-ayrı regional aşıq sənəti haqqında kifayət qədər tədqiqat aparılsa da, bu tədqiqatlarda aşıq sənətinin poetika məsələləri birtərəfli öyrənilsə də, bu sənətin regional strukturunun elmi şərhi az tədqiq olunmuşdur.
Azərbaycan folklorşünaslığında ayrıca elm səviyyəsinə qalxmış aşıq yaradıcılığı sahəsində Azərbaycan aşıq sənətinin regional strukturunu və elmi izahını professor H.İsmayılovun elmi araşdırmalarında bariz şəkildə öz əksini tapmışdır. Azərbaycan aşıq mühitləri və bu mühitin regional spesifik münasibətlər haqqında H.İsmayılovun mülahizəsi nəzəri modelləşdirmə baxımından son dərəcə qiymətlidir.
Uzaq illər və dövrlər yaradıcılığımıza dolaşdığı üçün bir çox aşıqların bitkin tərcümeyi-hallarını və bədii irslərini tam halda toplamaq mümkün olmamışdır. Yaradıcılıqlarını toplamağa cəhd edilmiş ustadların əksəriyyəti nəinki təkcə xalqımıza deyil, hətta folklorşünaslara belə yaxşı bəlli deyil. Çünki o dövrdə ermənilər Azərbaycan-türk mədəniyyətini təmsil edən aşıqların tanınmasında maraqlı deyildilər. Hətta bəzi hallarda buna mane olmağa cəhd edirdilər. Lakin el arasında, el şənliklərində onların adları hörmətlə çəkilmiş, sözləri saz havacatlarında ifa olunmuş, beləliklə də unudulmamış, adları günümüzə qədər gəlib çıxmışdır. Bu gün də aşıq sənətini layiqincə təmsil edən aşıqlarımız çoxdur. Onlardan biri də bu sənətdə sözünü demiş mərhum Sərraf Qasım olmuşdur.
Görkəmli Azərbaycan şairi Rüstəmli Sərraf Qasım Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində, zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur.
Mahalım Naxçıvan, özüm şahbuzlu,
Tanınsın qoy yurdum dedim Gəncədə.
Aşağı Qışlaqdır kəndimin adı,
Mən yerimi nişan verdim Gəncədə.
Sərraf Qasım 1939-cu ildə dekabrın 31-də Yeni il gecəsində dünyaya gəldiyi üçün bəzi mənbələrdə onun 1 yanvar 1940-cı il tarixdə dünyaya gəldiyi qeyd edilmişdir. Sərraf Qasım Hicri Qəməri təqvimi ilə isə Zilqədə ayının 19-da, yəni İshaq peyğəmbərin doğum günündə dünyaya gəlmişdir. Bu fakt isə onun peyğəmbər xislətli bir insan olmasına və peyğəmbər kimi bir həyat yaşamasına öz mənəvi təsirini göstərmişdir.
Dünyaya göz açan gələcək şairin adı valideynləri tərəfindən “Qasım” qoyulur. Gənclik yaşlarında poeziya aləminə daxil olan gənc şair “Sərraf” təxəllüsünü qəbul etdiyi üçün sonradan öz pasport və vəsiqələrində adını dəyişərək “Sərraf Qasım”, soyadının sonluğunu isə dəyişərək “Rüstəmli” edir.
Sərraf Qasımın anası Göycə evdar bir xanım, atası Əyyub kişi isə kənd təsərrüfatı işləri ilə məşğul olan zəhmətkeş, mömin və şair təbiətli bir insan olmuşdur. Sərraf Qasımın anası 1973-cü ildə, atası isə 1948-ci ildə vəfat etmişdir. Sərraf Qasımın babaları naxçıvanlı olduğu üçün o, əsl naxçıvanlı olmuş və hər zaman özünü belə təqdim etmişdir.
Sərraf Qasım uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında keçirmişdir. O, 8 yaşında çatanda atasını itirmiş və bundan sonra ali məktəbə qəbul olunanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür.
Sərraf Qasım 1947-1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1-8-ci siniflərdə), 1955-1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9-10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959-1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasına yiyələnmişdir. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq zootexnik ixtisası üzrə alimlik dərəcəsi əldə etmiş və diplom almışdır. Onu da qeyd edək ki, Sərraf Qasım Azərbaycan Respublikasının zootexnik alimləri ilə müqayisədə ən gənc yaşlarında, yəni 27 yaşında alimlik dərəcəsi əldə etmiş bir şair olmuşdur. Texnikumda və ali məktəbdə təhsil almaqla yanaşı, bir çox digər peşə, ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuş və buna görə də müvafiq diplomlara və şəhadətnamələrə layiq görülmüşdür. Ümumiyyətlə, Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və yaradıcı bir şəxs kimi yetişməsinə səbəb olmuşdur.
Ötən 2018-ci ilin fevral ayında Sərraf Qasım ömrünün 78-ci baharında dünyasını dəyişdi. Yaşasaydı 2020-ci ildə 80 illik yubileyini qeyd edəcəkdi.
Oxuyub-oxuyub Sərraf olmuşam,
O bir Yaradandan dərs almışam mən.
Həqiqətdə özü bir, adı min bir,
O Sirri-Sübhandan dərs almışam mən.
Ömrünü aşıq-saz sənətinin təbliğinə həsr edən və çağdaş Naxçıvan aşıq məktəbinin banisi kimi tanınan Sərraf Qasım 1996-cı ildə isə Şahbuz rayonunun Kolanı kənd Orta İxtisas Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı və yetirmələrinin səyləri ilə yaranan Saz Məktəbində bir saz müəllimi kimi işə girmişdir, lakin bundan sonra o, bir rəsmi saz müəllimi kimi Kolanıda deyil, öz evində yaratdığı Saz Məktəbində rəsmi surətdə uşaqlara saz fənnindən dərs keçməyə başlamışdır.
Gənc vaxtlarından düzgün və etibarlı bir insan kimi tanınan Sərraf Qasım ləyaqətli əmək fəaliyyəti ilə fərqlənmiş, çoxlu fəxri fərmanlara, mükafatlara, tərifnamələrə - “1978-ci ilin sosializm yarışının qalibi” döş nişanı və “10-cu beşillik zərbəçisi” döş nişanı kimi döş nişanlarına layiq görülmüşdür.
Azərbaycan aşıq sənəti tarixində özünəməxsusluğu ilə yaddaşlarda bir çox ilklərə imza atmış Sərraf Qasımın ardıcıllıqla əhatəli və zəngin yaradıcılıq fəaliyyəti olmuşdur.
Olmamışam var aşiqli,
Olmuşam ilqar aşiqli.
Məclislərin yaraşığı,
Sazlı-sözlü, şənliyəm mən.
Nə qədər ki, ölməmişəm,
Xalqımı sevməkdi peşəm.
Sərrafam, təəssübkeşəm,
Şənliyəm mən, mənliyəm mən.
Mən Sərraf Qasımam, ömrə gülərəm,
Ölüm fərzdir, mətləb üstə gələrəm.
Bir gün yaranmışam, bir gün ölərəm,
Ölməz bu əmanət sözümdür, saxla.
Sərraf Qasımın yaradıcılığı hər bir yaradıcı insana örnəkdir desək, yəqin ki, yanılmarıq. Çünki bu yaradıcılıqda öyrəniləsi şeylər çoxdur. Aşıq Sərraf Qasım klassik Azərbaycan poeziyasına, folklor ədəbiyyatımıza yaxından bələd bir sənətkar olmuşdur. Yeri gəldikcə ustad sənətkarların əsərlərinə maraqlı nəzirələr də yazmışdır. O, aşıqlıq sənətinin bütün sinkretik cəhətlərini özlərində əks etdirən aşıq idi. Müasir dildə desək, aşıq həm şeir qoşur, həm də havacat yaradır. Dastan söyləyərkən isə aşıq aktyor kimi roldan-rola girir. Hər bir obrazı öz ədası, dili ilə danışdırıb dinləyiciyə çatdırır. Aşıq dastan söyləyəndə, yaxud lirik şeirlərinin ifasında, saz havacatının tələbinə müvafiq ayaq uydurur, rəqs edir, ustadnamə deyir, nəsihətlər verir, mənsub olduğu millətin adət-ənənəsini, ləyaqətini və s. xüsusiyyətlərini qoruyur. Sərraf Qasım həm də aşıqlıq sənətinin çətin və mürəkkəb qolları sayılan qıfılbənd, təcnis, dastan yaratmaq, cığalı şeirlər qoşmaq, müəmmaları tapmaq və həmçinin sazda məharətlə çalmaq, eləcə də gözəl avazla, şirin, təsirli və yanıqlı səslə oxumaq, dastan söyləmək və bu sənəti gənc nəslə öyrətmək kimi sənətləri də özündə birləşdirir. Bu gün müasir aşıqlarda da bu cəhətlərin hamısı ən yüksək səviyyədə özünü büruzə verməkdədir. Onu da qeyd edək ki, aşıqlar yalnız gəraylı, qoşma, təcnis, ustadnamə, duvaqqapma, dastan söyləyən və yaradan el nəğməkarları kimi yox, həm də müdrik şəxsiyyət, ağıl ağsaqqalı, humanist, hər şeydən xəbərdar, yoxsula, kasıba əl tutan, dərdinə şərik olan, ərzini yuxarılara çatdıran, yol göstərən, məsləhət verən qayğıkeş bir şəxs kimi də tanınmışlar. Sərraf Qasım da Naxçıvan elində sayılıb-seçilən belə sənətkarlardan biri olmuşdur və bundan sonra da o, hər zaman qəlblərdə yaşayacaqdır.
Süleyman RZAZADƏ,
AYB və AJB-nin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim ➤
Yorumlar
Yorum Gönder