SƏRRAF QASIMIN AŞIQ SƏNƏTİ HAQQINDA - (Elmi-ədəbi məqalə) Müəllif: TAHİRƏ BAĞIROVA
Bu elmi məqalə 2024-cü ildə AMEA-nın Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2 nömrəli buraxılışında çap olunmuşdur.
Məqalənin müəllifi: Filologiya üzrə fəlsəfə doktoru TAHİRƏ BAĞIROVA
Sərraf Qasımın aşıq sənəti haqqında
Tahirə Bağırova
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Annotasiya. Çağdaş Naxçıvan aşıq məktəbinin banisi kimi tanınan unudulmaz şair və ustad Sərraf Qasımın aşıq yaradıcılığı Naxçıvan aşıq saz və söz yaradıcılığına qiymətli töhfələr verib. Məqalədə Sərraf Qasımın aşıq yaradıcılığı araşdırılmışdır. Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Naxçıvan aşıq və şairləri arasında Sərraf Qasım qədər deyişmələri, şeirləşmələri, digər şair və aşıq-larla görüşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.
Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə bələd olan və öz yaradıcılıq fəaliy-yəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım Naxçıvan mü-hitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin əhəmiyyətli şəkildə təbliği və tədrisi sahə-sində mühüm xidmətlər göstərdiyinə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin ya-ranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandı-rılmışdır.
Giriş / İntroduction
Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə bələd olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım Naxçı-van mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin əhəmiyyətli şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyinə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəbləri-nin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqi-qatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq məktəbinin banisi ad-landırılmışdır. Qeyd edək ki, Rüstəmli Sərraf Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olub.
Aşıq kimi çalıb-oxumasa da, el şairidir. Öncə “Qışlaqlı Qasım” təxəllüsü ilə yazılıb-yaratmış, sonra “Sərraf Qasım” təxəllüsünü seçmişdir. Onun “Beşlik”, “Yeddilik” hecalarında şeirləri çap edilib. Bundan başqa, onun başqa janrda şeirləri də vardır. “Örnəklər” el şeiri tərzində yazılmış nü-munələr sırasındadır:
Sərraf Qasımam, şənəm,
Sözlə doludu sinəm,
Hikmətlidi xəzinəm,
Dürü düründən gözəl,
Zəri zərindən gözəl. [3, s.136]
Əsas hissə / Main Part
Çoxəsrlik tarixə malik olan Azərbaycan aşıq məktəbi özünəməxsus inkişaf yolu keçmişdir. Tarixin müxtəlif çağlarında yaşayıb-yaratmış bir çox istedadlı aşıq və şairlər ədəbiyyatımızın yeni mövzu və ideyalarla zənginləşməsində, bədiilik baxımından kamilləşməsində əhəmiyyətli rol oyna-mışlar. Yurdumuzun ən qədim bölgələrindən olan Naxçıvanda da aşıq sənətinin özünəməxsus inki-şaf yolu və xüsusiyyətləri olmuşdur. Bununla belə, tarixin müxtəlif çağlarında, xüsusən XIX-XX yüzilliklərdə bu qədim diyarda Aşıq Əli Xanım oğlu, Gülalı Məmməd, Ululu Kərim, Vayxırlı Aşıq Məmmədcəfər, Çobankərəli Cəfər, Aşıq Fətulla, Aşıq Nabat kimi istedadlı saz-söz sənətkarları ya-şayıb-yaratmışlar.
XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında aşıq sənətinin dirçəlişinə və yeni inkişaf mərhələsinə daxil olmasına ən mühüm töhfələr vermiş şəxs məhz Sərraf Qasım olmuşdur. “Şahbuz aşıq mühitinin bu görkəmli nümayəndəsi uzun illər ərzində saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib” [7].
Çağdaş Naxçıvan mühitində ilk dəfə saz məktəbinin təməlini və himini qoyan Sərraf Qasım heç vaxt bu sahədə gördüyü işlər vasitəsilə özünü göstərməyə, şan-şöhrət əldə etməyə və özünü Naxçıvan aşıq məktəbinin banisi adlandırmağa cəhd etməmişdir. Lakin tədqiqatçı alimlər tərəfindən Sərraf Qasımın çağdaş Naxçıvan aşıq məktəbinin banisi olduğu müəyyən edildikdən sonra Sərraf Qasım ömrünün son çağlarında həmin tədqiqatçı alimlərin xahişi əsasında yaratdığı bu məktəb barədə “cığalı qoşma” formasında aşağıdakı şeirini yazaraq, onlara təqdim etmişdir:
Haqdan ölməz irsdir Naxçıvanımda,
Mən Saz Məktəbinin himin qoymuşam.
Aşıq, himin qoymuşam,
Ruhən saza uymuşam.
Qorqudu, həm Cünunu
Ulu ustad saymışam. [2]
Və yaxud:
Aşıqsan əgər,
Dilə gəl dilə,
Şeyda bülbülsən,
Gülə gəl, gülə.
Sevdalı qardaş,
Eşqlə gəz, dolaş.
Uçdu yaşılbaş
Gölə gəl, gölə. [5]
Sərraf Qasımın gəraylı şəklində olan şeirləri də xoşagəlimlidir:
Sərraf Qasım, zil bəmini,
Tut, sazda çal “Dilqəmi”ni,
“Əsli” kimi “Kərəm”ini,
İstəyəni var, yanan var.
Başqa bir gəraylıda el şairi var-dövlət aşiqi yox, ilqar aşiqi, məclislər aşiqi, yaraşığı, sazlı-sözlü olduğunu dilə gətirir:
Olmamışam var aşiqi,
Olmuşam ilqar aşiqi,
Məclislərin yaraşığı,
Sazlı-sözlü, şənliyəm mən. [1]
Şeirlərində fikir, məzmun aydınlığı, dil və üslub axıcılığı var. Sərraf Qasım eyni zamanda klassik və müasir poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olmuş və onun öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar. Sərraf Qasımın təşəbbüsü ilə 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz ra-yonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır. Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar yeni yaranan saz məktəblərində müəllim işləmişlər [4, s.58-81].
Sərraf Qasımın özü də bir saz müəllimi kimi Şahbuz rayonunda yaradılmış saz məktəblərinin rəhbərləri tərəfindən həmin məktəblərdə rəsmi bir saz müəllimi kimi işləməyə dəvət olunsa da, o, artıq həm layiqli yetirmələrinin olduğu, həm də yaşlandığı üçün əvvəllər olduğu kimi, yenə də bu işlə qeyri-rəsmi şəkildə məşğul olmağa, saz həvəskarlarına könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verdiyini bildirmişdi.
Beləliklə də, Naxçıvan mühitində ilk dəfə saz fənni rəsmi olaraq Şahbuz rayonundakı musiqi məktəblərində tədris olunmağa başlanır. Şahbuz rayonunda yaradılmış saz məktəbləri qısa müddət ərzində Naxçıvan aşıq mühitində məşhurlaşır, Naxçıvan aşıqları bu məktəblərə tez-tez gəlib-gedir-lər. Bu saz məktəblərinin rəğbətlə qarşılanması getdikcə Naxçıvanın digər rayonlarında da belə saz məktəblərinin yaranmasına gətirib çıxarır.
Sərraf Qasım təkcə Naxçıvanda saz sənətini öyrətməklə deyil, eyni zamanda öz şeirləri ilə həm Naxçıvanda, həm də bütün Azərbaycan mühitində aşıq sənətinin yaşadılması və gələcək nəsil-lərə çatdırılması sahəsində mühüm rol oynamışdır.
Uzun illər ərzində Naxçıvanda aşıq sənətinin təbliği ilə məşğul olan Sərraf Qasımın naxçıvan-lı aşıqlarla yanaşı, şairlər, musiqi müəllimləri, musiqiçilər, sənətkarlar və elm-mədəniyyət xadimləri ilə də geniş yaradıcılıq əlaqələri olmuşdur.
Sərraf Qasımın qonşu ölkələr olan Türkiyə, İran və Rusiyada (Dağıstan) yaşayan bəzi azəri aşıqlar və sənət adamları ilə də yaxın yaradıcılıq əlaqələri olmuşdur. Qonşu Türkiyə və İrandan ad-larını bilmədiyimiz neçə-neçə aşıqlar Naxçıvana səfərə gələrkən Sərraf Qasımla maraqlanmış və görüşlər keçirmiş, Sərraf Qasımın şeirlərini alıb özləri ilə apararaq, öz ölkələrində həmin şeirləri el məclislərində səsləndirməyə başlamışlar. Bu qəbil aşıqlardan olan İran aşıqlarından Aşıq Oruc Na-civənd, Aşıq Əli Qaradağlı, Dağıstan aşıqlarından Aşıq Məcid və s. kimi aşıqların adını çəkmək mümkündür.
Sərraf Qasım mütəmadi olaraq Azərbaycan aşıqlarının yaradıcılığını izləmiş, aşıqlarla əlaqə saxlamış, onlarla müxtəlif vaxtlarda görüşüb şeirləşmişdir. Sərraf Qasım ilhamla yazıb-yaradan, də-yərli əsərlər müəllifi kimi tanınan istedadlı el sənətkarı, təxəllüsündə də ifadə olunduğu kimi, bir söz sərrafı və söz xiridarı olmuşdur. Sərraf Qasımın müxtəlif janrlarda şeirlərini oxuduqca onun poetik istedadının geniş vüsətinə, xalq müdrikliyinin ifadəsi olan deyimlərinə və əsərlərinin füsun-karlığına heyran qalmamaq olmur.
Aşıq, sevncin, qəmin,
Sazla sevincin, qəmin
Bölüşdüm mən xalqımın,
Gözlərdən sildim nəmin. [2]
Sərraf Qasım hər zaman Naxçıvan aşıqlarına, xüsusilə gənc aşıqlara müxtəlif formalarda dəs-tək olmağa, o cümlədən onları saz aləti ilə təmin etməyə və onlara mənəvi dəstək göstərməyə çalı-şardı. Sərraf Qasım belə aşıqlara şeirlər həsr edər və onları həvəsləndirmək üçün öz şeirləri ilə qiy-mətləndirərdi. Sərraf Qasımın sevdiyi, tərifəlayiq gördüyü və sənətini yüksək dəyərləndirdiyi naxçı-vanlı belə gənc aşıqlardan biri də Aşıq Şirin Şirinzadədir. Sərraf Qasımın söylədiyinə görə, Aşıq Şi-rinin aşıq saz havaları içərisində ifa etdiyi havalardana biri “Ruhani” havasıdır. Məhz bu səbəbdən ömrünün son çağlarında yazdığı şeirlərindən biri olan “Ağlatsın, Şirin” adlı şeirini Aşıq Şirin Şirin-zadəyə ithaf etmişdir.
Uzun illər Naxçıvanda aşıq sənətinin təbliği ilə məşğul olan Sərraf Qasımın bütün yaradıcılıq əlaqələri onun XX əsrdə təkcə Naxçıvan aşıq məktəbinin inkişafına deyil, eyni zamanda Azərbay-can aşıq sənətinin inkişafına böyük töhfələr vermiş bir sənətkar olduğunu təsdiq edir. “Sərraf Qasımın çoxşaxəli yaradıcılıq fəaliyyətinin araşdırılması ilə məşğul olan tədqiqatçı alimlər, Sərraf Qasım ilə eyni dövrdə yaşamış aşıq və şairlərlə müqayisədə Sərraf Qasımın bir çox ilklərə və yaradıcılıq uğurlarına imza atdığını üzə çıxarmışlar. Tədqiqatçılar tərəfindən müəyyən edilmiş bu faktların çoxu ilk dəfə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmlər doktoru, professor Əskər Qədimovun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun Naxçıvan aşıqları barədə apardığı araşdırma əsasında ərsəyə gələn, 2017-ci ildə bir ensiklopedik kitab kimi çap olunan “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı ikicildlik kitabda və həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda öz əksini tapmışdır” [6, s.12].
Azərbaycan poeziyasının əksər formalarında şeirləri olan Sərraf Qasım, Aşıq Ələsgər məktə-binin ən layiqli davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımın-dan klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə ifadə edən və eyni zamanda ən zəngin dastan yaradıcılığına, cığalı şeirlər və mərsiyə yaradıcılığına malik olan bir şair kimi tanın-mışdır. Belə ki, Sərraf Qasımın şəxsi arxivi tədqiqatçılar tərəfindən araşdırılarkən onun müəllifliyi ilə 20-yə yaxın aşıq dastanının (irihəcmli və kiçikhəcmli dastanların),150-dən artıq cığalı əsərin və min səhifədən artıq mərsiyələr və dini əsərlərin qələmə alındığı üzə çıxmışdır.
Şeirləri aşıqlar tərəfindən həvəslə məclislərdə oxunan Sərraf Qasımın ədəbi irsi təsdiq edir ki, o, Naxçıvan aşıqlarından fərqli olaraq, aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeirlər yazmışdır. Aşıq sənətinə bağlılıq Sərraf Qasımın bir çox şeirlərinin əsas ide-yasına çevrilmişdir.
Xalq-aşıq şeirinin bütün incəliklərinə dərindən bələd olan Sərraf Qasım aşıq poeziyasının ək-sər formalarında şeirlər qələmə almışdır. Bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs, müstəzad, cığalı müstəzad, divani, dodaqdəyməz, müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir.
Sərraf Qasım öz dövründə forma və məzmun baxımından, eyni zamanda həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzində ustalıqla şeirlər yaza bilən yeganə azərbaycanlı ustad aşıq və şair olmuşdur. Aşıq şeirləri ilə yanaşı, Sərraf Qasımın klassik poeziya ənənələrindən istifadə etməklə (o cümlədən cığalı və mənsur şeirlər və bayatılar janrında) yaratdığı mərsiyələr və növhələr də başqa-larından fərqlənməklə yanaşı, yaratdığı mərsiyələr vasitəsilə Azərbaycan mərsiyə ədəbiyyatına bir çox yeniliklər gətirmişdir.
Sərraf Qasım sənət yolunda ustad aşıqlarımızın ədəbi irsindən bəhrələnmiş və hətta özünü Aşıq Ələsgərin varisi adlandırmışdır.
Dillərdə hər sözüm gövhər,
Dür də mənəm, dürdanə də.
İrsim Ələsgər irsidir,
Söz xəzinəm var sinəmdə. [3]
Xalq arasında dastanları, qoşmaları, təcnisləri, divanələri, gəraylıları və bayatıları ilə tanınan Sərraf Qasımın şeirlərində özünəməxsus poetik sənətkarlıq məziyyətləri və dəst-xəti vardır. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nə-sihətnamələr, poemalar, mərsiyələr və lirik şeirlərin yaradıcısı olan Sərraf Qasımın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur. Sərraf Qasımın yaradıcılığında onun ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmaları da maraq doğurur.
QOŞMALAR (2 misralı qoşmalar):
O dahi önündə baş əyirəm ki,
Başladığı işlər yenilməz olsun.
O dahi önündə baş əyirəm ki,
Yolu haqq, yolları dönülməz olsun.
QOŞMALAR (4 misralı qoşmalar – mürəbbelər)
Bu atanı, Tanrı xoşbəxt yaradıb,
Sözləri şirinəm, ballıyam bala.
Sinəmdən süzülən kəlmələrimlə,
Carçıyam, həqiqət yolluyam bala.
GƏRAYLILAR (müxtəlif misralı gəraylılar):
Ömür sazla, sözlə keçdi,
Mən zövq aldım, yola saldım.
Səndə doldum yaşa, dağlar.
Doğma, əziz, istəkli tək,
Oldun sirdaş, verdin qardaş,
Mənimlə baş-başa, dağlar.
Sədaqətlə sən inancaq,
Eşqin artır, eşqə yancaq.
Sənsən, sənsən, sənsən ancaq,
Canana can, sevdada şan,
Gəldin hər an xoşa, dağlar.
MÜSTƏZAD ŞEİRLƏR (AYAQLI ŞEİRLƏR):
Zarafat eyləmə, batırar səni,
Su üzündə donmuş buzla nə işin?
közlə nə işin?
Közü buz üstünə qoysan əridər,
Yandırar əlini közlə nə işin?
yazla nə işin?
Nəticə / Conclusion
Xalq aşığı və el şairi olmasına baxmayaraq, Sərraf Qasım öz şeirlərində poeziyanın qarşısında duran vəzifələr haqqında da özünün ədəbi-tənqidi fikirlərini ifadə edir. Onun şeirlərində klassik aşıqların ustadnamələrində, ictimai məzmunlu şeirlərində müşahidə etdiyimiz hikmət və məna də-rinliyi də duyulur. Yeri gələndə gah nəsihət, gah da dünya gərdişinin doğurduğu qənaətlər onun misralarında düzümlənib poetikləşir. Başqa sözlə desək, Sərraf Qasım öz əsərlərində məzmunu for-maya, fikri, ideyanı formal sənətkarlığa qurban verməmişdir.
Tədqiqatçıların qənaətinə görə, həmin dövrdə naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri, şeirləşmələri və görüşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.
Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə 78 yaşında öz doğma kəndində dünyasını dəyişmiş və Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.
✦ ─── ✦ ─── ✦
Ədəbiyyat / References
1. https://nuhcixan.az/news/cemiyyet/23826-saz-soz-senetimizin-80-yasli-serrafi
2. https://sites.google.com/site/wwwsarrafqasim/1029-himin-qoymuşam
3. https://tdsm.az/index.php?newsid=321
4. Səfərov, Y. Naxçıvan aşıq-ədəbi mühiti. – Bakı, 2009. – s.58-81.
5. Səfərov, Y. Naxçıvan aşıqları və el şairləri. – Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, 2011, – 152 s.
6. Sözün sərrafı. Hürriyyət. № 02 (3102) 9-11 yanvar, 2021-ci il. – s.12.
7. Şahməmmədli, Güntac. “Saz-söz sənətimizin 80 yaşlı Sərrafı. – Nuhçıxan, 2019.
Açar sözlər: Aşıq sənəti, aşıq-saz, Sərraf Qasım, Naxçıvan aşıq sənəti, saz məktəbi
Sarraf Gasim on ashug creativity
Tahira Baghirova
Doctor of Philosphy in Philology
Institute of Literature named after Nizami Ganjavi ANAS
Abstract. The ashug creativity of the unforgettable poet and master Sarraf Gasim, known as the founder of the contemporary Nakhchivan ashug school, made contributions to the word and saz creation of Nakhchivan. In the article is studied the ashug creativity of Sarraf Gasim. It is known from research that there was no one else who had as much deyishmes (a kind of poem composed by ashugs), poems, had as many meetings with other poets and wrote the epics like Sarraf Gasim among the Nakhchivan ashugs and poets.
Sarraf Gasim who had taken lessons from master ashugs and poets, had been familiar with all the secrets of the ashug creativity and had made a great contribution to the development of Azerbaijani ashug literature by his creative activity did important things in preaching and teaching of ashug creativity by his saz and word in Nakhchivan environment, provided Nakhchivan ashugs with sazs (musical instruments) he bought from other regions, established the first official saz schools in Nakhchivan and trained many ashugs and teachers of saz. For these services, he was called the founder of the Nakhchivan ashug school by folklorists and literary critics..
Keywords: ashug art, ashug-saz, Sarraf Gasim, Nakhchivan ashug art, the school of saz
Сарраф Гасым об искусстве ашугов
Тахира Багирова
Доктор философии по филологии
Институт литературы имени Низами Гянджеви НАНА
Резюме. В статье рассматривается незабываемое творчество знаменитого поэта, мастера современной Нахчыванской ашугской школы Сарраф Гасыма, внёсшего ценный вклад в ашугское словотворчество Нахчывана.
Сарраф Гасым прославился как автор ценных произведений в различных жанрах ашугской поэзии. Исследование показало, что среди нахчыванских ашугов и поэтов нет другого, который мог вести в стихах ашугские диалоги лучше, чем Сарраф Гасым.
Сарраф Гасым, бравший уроки у мастеров-ашугов и поэтов, своей творческой деятельностью внесший неоценимый вклад в развитие азербайджанской ашугской литературы, был назван исследователями – фольклористами и литературоведами основателем современной нахчыванской ашугской школы в связи с тем, что его творчество оказало важные услуги в области пропаганды и преподавания ашугского искусства, научило большую часть ашугов Нахчывана и других регионов искусству саза. Он инициировал создание в Нахчыване официальных музыкальных школ, воспитал и подготовил множество ашугов и любителей саза.
Ключевые слова: творчество ашуга, ашуг и саз, Сарраф Гасым, ашугское искусство Нахчывана, школа саза.
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder