SƏRRAF QASIMIN HƏYAT YOLDAŞI TƏRƏFİNDƏN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRİLƏN FİKİRLƏR

PAKİZƏ RÜSTƏMOVA

El anası, Sərraf Qasımın həyat yoldaşı

✦─── ✦─── ✦

Sərraf Qasımın həyat yoldaşı tərəfindən Sərraf Qasım haqqında səsləndirilən fikirlər 

✦─── ✦─── ✦

Sərraf Qasım poeziyası və saz-söz sənəti ilə el-obanın sevgisini qazanmış ustad sənətkar olmaqla yanaşı, mənəvi kamilliyi, xeyirxahlığı və yüksək insani keyfiyyətləri ilə də yaddaşlarda dərin iz qoymuşdur. Onun mənəvi dünyasını, ailə mühitindəki qayğıkeşliyini, el ağsaqqallığı missiyasını və insani ucalığını ən yaxından tanıyan şəxs isə şübhəsiz ki, onun ömür-gün yoldaşı olmuşdur.

Sərraf Qasımın həyat yoldaşı, el anası Pakizə Rüstəmovanın ustad sənətkarın ömür yolu, səmimi xarakteri, ibadət və xeyriyyəçilik əməlləri, eləcə də zəngin sənət dünyası haqqında 9 fevral 2021-ci il tarixində ekskluziv olaraq “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytı üçün səsləndirdiyi dəyərli söhbətləri və xatirələri aşağıda video və mətn formatında diqqətinizə təqdim edirik.


PAKİZƏ RÜSTƏMOVANIN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR


"Sənətkar və Haqq aşığı məqamı"

Sərraf Qasım çox sevilən bir şair, əsl saz-söz sənətkarı idi. Xüsusən də, Azərbaycanın müxtəlif bölgələrində yaşayan aşıqlar hər zaman onun şeirlərini böyük həvəslə oxuyardılar. O, təkcə şair deyil, həm də əsl haqq aşığı idi. O, həmişə haqdan yazar, haqdan oxuyardı. O, əsl bir ustad aşıq idi. Onun yetişdirdiyi aşıqlar və müəllimlər sayəsində aşıq sənəti Naxçıvanda ən yüksək məqama çatmışdır. 


"Mənəvi dünyası, ibadəti və son günü"

Sərraf Qasım mənəvi kamilliyin üstün dərəcəsində olan bir insan idi. Onu tanıyan hər kəs bilir ki, Sərraf Qasımın ibadəti və xeyirxah əməlləri heç vaxt əksik olmazdı. O, bütün namazlarını müstəhəbləri ilə birlikdə qılardı. Onun qılınmamış bir dənə də qəza namazı qalmamışdı. Onun heç bir namazı duasız, zikirsiz, şükürsüz olmazdı. O, hər kəs üçün dualar edərdi. Hər namazından sonra dünyasını dəyişmiş şəxslərin ruhuna Qurandan ayələr oxuyardı. O, vəfat etdiyi gündə də Quran oxuduqdan sonra dünyasını dəyişmişdi. Həmin gün cümə günü idi. O, sübh namazını qıldıqdan sonra kəndimizin qəbiristanlıq əhlinə Qurandan ayələr oxudu. Sonra Quranı mənə verib, dedi ki, yatıb dincəlmək istəyirəm. Sonra o dəstəmazlı halda öz yatağına uzanıb, yatdı. Bu yuxu onun sonuncu yuxusu oldu. Allah rəhmət eləsin. 


"Ailə mühiti, el ağsaqqallığı və gizli xeyriyyəçiliyi"

Sərraf Qasım ilə 1975-ci ildə ailə həyatı qurmuşuq. Üç övladımız olub: Əyyub, Teyyub və Göycə. Övladları da bu gün onun yolunun, irsinin davamçılarıdır. Sərraf Qasım gözəl bir insan, gözəl bir ata idi. O, təkcə mənim övladlarımın atası deyildi, həm də bir el atası, öndə gedən və sevilən bir el ağsaqqalı idi. Hər zaman xalq ilə birlikdə olardı, sevincdə də, kədərdə də. Bacardığı qədər insanlara kömək edərdi, xeyirxah işlər görərdi. O həmişə ehtiyacı olan insanlara gizli şəkildə köməklik edər, yardım göstərərdi. Deyərdi ki, həmin adamlar bilməsinlər ki, mən onlara köməklik etmişəm. Başqasının adı ilə insanlara yardım göndərərdi. Etdiyi yardımları aşkarda verməzdi, gizli şəkildə verərdi, başqa adamın əli ilə verərdi. 


"Vətənpərvərliyi və uşaqlara qayğısı"

Sərraf Qasım həm də vətənpərvər, vətənsevər bir insan idi. O, əsgərlərimizə yardım edər, gedib onlarla görüşərdi. Əsgərlərimizə yardım payı aparardı. Kənd sövqatlarından əsgərlərimizə paylar aparardı. Bir dəfə komandir ona demişdi ki, biz içimizə mülki insanları buraxmırıq, ancaq baba biz səni çox istəyirik, sən nə vaxt istəyirsənsə gəl burada bizim yanımızda bizimlə söhbət elə. Sərraf Qasım hər vaxt gedib oturub onlarla söhbət edərdi. Əsgərlərimizin qayğısına qalar, onlara mənəvi dəstək olardı.  

Sərraf Qasım balaca uşaqları da çox sevərdi. Həmişə bayramlarda gedib kəndimizin balaca uşaqlarına bayram hədiyyələri bağışlayardı. Uşaqları həvəsləndirərdi ki, kim dərslərini yaxşı oxusa onlara bayram hədiyyəsi verəcəm. 


"Uşaqlıq illəri və saz-söz sevgisi"

Sərraf Qasım 2-ci sinifdə oxuyanda atasını itirib. O, böyük qardaşı Müslümün himayəsində böyüyüb. Sərraf Qasım uşaqlıqdan saza-sözə həvəskar bir adam olub. Onun qardaşı Müslüm də saza-sözə həvəskar bir adam olub, ikisi bir yerdə həmişə oturardılar, saz çalardılar, oxuyardılar. Bütün dostlar o ikisinin ətrafına yığışardılar. 


"Gənclərə çağırış və minnətdarlıq"

Sərraf Qasım özündən sonra dəyərli bir irs qoyub gedib. Mən Sərraf Qasımın irsini yaşadan bütün saz-söz sevərlərə öz minnətdarlığımı bildirirəm. Bir ana kimi bütün gənclərimizə tövsiyə edirəm ki, Sərraf Qasımın və Sərraf Qasım kimi bütün haqq aşıqlarının və haqq şairlərinin irsini öyrənib, qorusunlar, gələcək nəsillərə çatdırsınlar. Allah bütün xalqımızı qorusun. Allah Sərraf Qasıma da qəni-qəni rəhmət eləsin! 


✦─── ✦─── ✦


🎬 Aşağıdakı pleyerə klikləyərək Pakizə xanımın öz həyat yoldaşı Sərraf Qasım haqqındakı bu dəyərli söhbətləri onun öz səsindən dinləyə bilərsiniz:





▬▬▬ ▬▬▬



⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim






Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)