ELMAR HÜSEYNOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ XATİRƏLƏR
✅ ELMAR ƏLƏKBƏROĞLU HÜSEYNOV
Yazıçı, jurnalist, AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin sabiq tədqiqatçısı, Sərraf Qsımın “Hüseyn matəminə qərq olanlar gəlsin” adlı kitabının redaktoru
✦─── ✦─── ✦
Elmar Hüseynovun Sərraf Qasım haqqında səsləndirdiyi xatirələr
✦─── ✦─── ✦
Naxçıvanın sazlı-sözlü mühitində özünəməxsus iz qoymuş tanınmış şair Rüstəmli Sərraf Qasımın zəngin ədəbi irsi hər zaman tədqiqatçıların və söz xiridarlarının diqqət mərkəzində olmuşdur. Şairin dini-fəlsəfi görüşlərini və əhli-beyt sevgisini özündə təcəssüm etdirən “Hüseyn matəminə qərq olanlar gəlsin” adlı kitabı da bu zəngin irsin mühüm tərkib hissəsidir.
Təqdim olunan bu xatirə mətni həmin kitabın hazırlayıcısı və redaktoru, yazıçı-jurnalist, AMEA-nın Naxçıvan bölməsinin Folklorşünaslıq şöbəsinin sabiq tədqiqatçısı Elmar Ələkbəroğlu Hüseynovun qələminə aiddir. Sözügedən kəlamlar Elmar Hüseynovun redaktoru olduğu “Hüseyn matəminə qərq olanlar gəlsin” kitabının ön sözündə də öz əksini tapmışdır. Burada gənc folklorşünasın el şairi Sərraf Qasımla tanışlığı, aralarında yaranan səmimi ustad-şagird dostluğu və kitabın ərsəyə gəlmə prosesi səmimi duyğularla oxuculara təqdim olunur.
✦─── ✦─── ✦
"Mən də Sərraf Qasımla bağlı bir hadisəni yazmaq, aramızda olub keçənləri oxucularla paylaşmaq istərdim. Məmin hələ onun üzünü görmədiyim, ancaq haqqında eşitdiyim vaxtlar idi. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları 2009-cu ildə rayonlara folklor ekspedisiyalarına gedərkən bir gün biz gənc əməkdaşlar da Şahbuz rayonunun Aşağı Qışlaq kəndinə yollandıq. Burada sinəsinə dədə-babaların söz yadigarından, nənələrin söz boxçasından xalq ədəbiyyatının min bir dürlü xəzinəsini doldurmuş sazlı-sözlü insanlardan xeyli folklor materialı topladıq. Ekspedisiya heyətinin üzvlərindən biri olan şair dostumuz Elxan Yurdoğlu belə bir təklif irəli sürdü ki, tanınmış el şairi Rüstəmli Sərraf Qasım da bu kənddə yaşayır, gəlin gedək onunla da söhbətləşək. Yəqin ki o, bu kəndin və bölgənin özünəməxsus adət-ənənlərini hamıdan yaxşı bilir. Elə həmin vaxt hamımız bu təklifi qəbul edib, Sərraf Qasımın evinə yollandıq. Ancaq Sərraf Qasım bizi çox soyuq qarşıladı. Məlum oldu ki, Sərraf Qasım xəstələnib. O, xəstə olduğunu, danışa bilmədiyini, hec nəyin yadında qalmadığını bizə bildirdi. Sözündən belə başa düşmək olardı ki, sanki bizimlə danışmaq istəmir. Doğrusu, onda Sərraf Qasımdan biraz incimişdik də. Lakin aradan iki gün keçdikdən sonra səhər-səhər elə təzəcə işə gəlmişdim ki, iş yoldaşlarımdan biri dedi ki, Aşağı Qışlaq kəndindən ağsaqqal bir kişi gəlib, həmin kənddə ekspedisiyada olanları axtarır. Sən demə, bizi axtaran da elə Sərraf Qasım imiş. Onunla hal-əhval etdikdən sonra məlum oldu ki, biz Aşağı Qışlaq kəndini tərk etdikdən sonra bizimlə soyuq davrandığına görə Sərraf Qasım xeyli narahat olub və hətta iki gündür ki, buna görə yata da bilmirmiş. Nəhayət, dalımızca gəlməkdə onun əsas məqsədi qəlbimizi almaq idi və təbii ki, tezliklə də bunu bacardı. Elə həmin gündən babam yaşda olan Sərraf Qasımla dostluğumuzun təməli qoyuldu. Sonradan dini şeirlərdən ibarət yeni bir kitab çıxartmaq istədiyini mənə söylədikdə söz verdim ki, bu iş üçün əlimdən gələn köməyimi ondan əsirgəməyəcəm. Nahəyət birgə səylərimiz nəticəsində ərsəyə gələn Sərraf Qasımın “Hüseyn matəminə qərq olanlar gəlsin” adlı kitabının ərsəyə gəlməsində kitabın hazırlayıcısı və redaktoru kimi mənim də əməyimin olduğu üçün müəllif qədər mən də sevinc hissi keçirirəm".
Elmar ƏLƏKBƏROĞLU HÜSEYNOV
18.10.2010-cu il, Naxçıvan şəhəri.
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder