NAXÇIVAN AŞIQ MÜHİTİ VƏ SƏRRAF QASIMIN YARADICILIQ İRSİ
|
Məqalənin müəllifi
haqqında: Məqalənin müəllifi Naxçıvan Dövlət Televiziyasının Ədəbi-bədii verilişlər
redaksiyasıdır. |
|
Məqalənin ərsəyə gəlməsi haqqında: Naxçıvan Dövlət Televiziyasının Ədəbi-bədii
verilişlər redaksiyası tərəfindən hazırlanan, Sərraf Qasımın yaradıcılığına həsr
olunan “SAZIN, SÖZÜN SEHRİNDƏ” adlı populyar televiziya verilişinin 01.03.2020-ci
il tarixli xüsusi buraxılışı bu məqalə əsasında hazırlanmışdır. |
NAXÇIVAN AŞIQ MÜHİTİ VƏ SƏRRAF QASIMIN YARADICILIQ İRSİ
Xalqımızın qədim tarixi ilə bağlı olan, əsrlər keçdikcə cilalanaraq müasirliyə qovuşan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir. Dərin məzmunlu, zəngin sənət növü kimi aşıq yaradıcılığı Naxçıvan mühitində də qədimdən formalaşıb inkişaf edib. Elə buna görə də diyarımızda folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının görkəmli nümayəndələri olub. Naxçıvan aşıq mühiti keçən əsr ərzində söz və saz yaradıcılığı sayəsində özünəməxsusluq qazanaraq aşıq sənətinə qiymətli töhfələr verib. Bu sahədə Naxçıvan aşıq mühitində çox mühüm xidmətlər göstərmiş şəxslərdən biri də məhz Sərraf Qasım olub.
Şahbuz aşıq mühitinin bu görkəmli nümayəndəsi uzun illər ərzində saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib. Bu gün də Naxçıvan aşıq mühitində fəaliyyət göstərən saz-söz sənətkarlarının bir çoxu onun yetirmələridir. Onlar muxtar respublikamızda keçirilən xalq mərasimlərində, dövlət tədbirlərində, eləcə də xaricdə qədim diyarımızın folklor-musiqi mədəniyyətini layiqincə təmsil edirlər. Aşıq sənətinin bütün sirlərinə vaqif olan, öz yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım çox maraqlı ömür yaşamışdır. Qədim və zəngin tarixə malik Naxçıvan ədəbi mühitinin, saz-söz sənətinin inkişafında ulu diyarımızın özünəməxsus mövqeyi vardır. Bu sahədəki çoxəsrlik ənənələrin yeni mərhələdə davamı və inkişafı baxımından unudulmaz el sənətkarı Sərraf Qasımın yaradıcılığı böyük maraq doğurur.
Sərraf Qasım (Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu ildə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində dünyaya göz açıb. Sərraf Qasım gənclik illərində aşıq sənətinin sirlərini öyrənib. Həm mahir saz ifaçısı, həm də aşıq poeziyasının ən müxtəlif janrlarında dəyərli əsərlərin müəllifi kimi şöhrətlənib. 2018-ci il fevralın 9-da dünyasını dəyişən istedadlı söz ustadı özündən sonra zəngin ədəbi irs qoyub. Sərraf Qasım böyük yaradıcılıq yolu keçməklə yanaşı, saz-söz sənətinin sirlərini yeni nəsillərə həvəslə öyrədən bir müəllim kimi də tanınır. Vaxtilə ondan dərs almış bir sıra sənətkarlar hazırda uğurla fəaliyyət göstərirlər.
Azərbaycan aşıq sənəti tarixində və poeziyasında öz dövründə bir çox ilklərə imza atmış Sərraf Qasımın yaradıcılığı zəngindir. Sərraf Qasımın bayatı, qoşma, cığalı-qoşma, gəraylı, təcnis, cığalı-təcnis, müxəmməs və digər janrlarda yazdığı şeirlərin əksəriyyəti həm poetik mükəmməlliyi, həm də mövzu və ideya dolğunluğu ilə seçilir. Onun yaradıcılığında bir sıra dəyərli nümunələrini gördüyümüz elə poeziya formaları var ki, bu cür poetik örnəklərə ümumən aşıq ədəbiyyatımızda az-az təsadüf olunur. Bu baxımdan Sərraf Qasımın cığalı-gəraylı, cığalı-müxəmməs kimi poetik formalarda yaratdığı şeirlər çağdaş aşıq poeziyasının nadir nümunələrindən sayıla bilər.
Sərraf Qasımın yaradıcılığının bir hissəsini təşkil edən şeirləri həm janr, həm də mövzu baxımından çoxcəhətlidir. Bu el sənətkarının əsərlərində əxlaqi-didaktik qənaətlərin, nəsihətamiz fikirlərin bədii təcəssümü geniş yer tutur. Bu baxımdan, onun vətən məhəbbətini dolğun deyimlər vasitəsilə əks etdirən çoxsaylı şeirləri ilk baxışdan diqqət çəkir. Onların birində doğma yurda sevgisini müəllif belə poetikləşdirib:
Qürbət düyünündən, qürbət toyundan,
Vətəndə bayatı, ağı yaxşıdır.
Qürbət çəmənindən, laləzarından,
Vətənin bir quru bağı yaxşıdır.
Bəllidir ki, çoxəsrlik aşıq poeziyasında bir sıra sənətkarlar həyat sınaqlarından və müşahidələrindən yoğrulmuş müdrik qənaətlərini ustadnamələr, öyüdlər şəklində ümumiləşdiriblər. Sərraf Qasımın da yaradıcılığında belə nümunələr çoxdur. Onun didaktik şeirləri aydın və dolğun qayəsi ilə səciyyələnir, ümumən gəncliyə faydalı nəsihət kimi dəyər qazanır.
Atanın sözləri, bala, öyüdün,
Ananın sözləri qüvvətin olsun.
Əslini itirmə, nəslini danma,
Ucal kökün üstə qüdrətin olsun.
El sənətkarının yaradıcılığındakı yüksək mənəvi dəyərlərin pərvəriş tapmasını, düşüncələrinin ədəbi təzahürünü, ideya-estetik məziyyətinin rəngarəngliyini aşağıdakı misralardan da aydın görmək olar:
Olmamışam var aşiqi,
Olmuşam ilqar aşiqi,
Məclislərin yaraşığı,
Sazlı-sözlü, şənliyəm mən.
Nə qədər ki ölməmişəm,
Xalqımı sevməkdir peşəm.
Sərrafam, təəssübkeşəm,
Sənliyəm mən, mənliyəm mən.
Azərbaycanımıza, onun qədim və həmişə cavan diyarı Naxçıvanımıza, ümumiyyətlə respublikamızın müxtəlif bölgələrinin tarixi keçmişinə, əsrarəngiz təbii gözəlliklərinə, çağdaş tərəqqisinə həsr etdiyi şeirləri müəllifin vətənpərvərlik duyğularının bədii təcəssümü kimi diqqət çəkir.
Bağbanın kamildir, doldun barlara,
Layiq oldun böyük iftixarlara.
Köksündə boy atan vəfadarlara
Sevgili cansan, canan Naxçıvan,
Şərqin gözü, Nəqşi-cahan Naxçıvan.
Bu misralar ulu Naxçıvanımıza, onun iftixar doğuran inkişafına dərin məhəbbətdən yaranıb:
Dünyanı özünə cəzb eyləmisən,
Şərqin gözü, Nəqşi-cahan Naxçıvan.
Bəşər gözündə bir nurlu simvol var,
O da böyük Azərbaycan, Naxçıvan,
Şərqin gözü, Nəqşi-cahan Naxçıvan.
Mənəm deyən sərdarları yıxdın sən,
Yağıları yandıran sən, yaxdın sən,
Zaman-zaman sınaqlardan çıxdın sən,
Verdin məğrur, mərd imtahan, Naxçıvan,
Şərqin gözü, Nəqşi-cahan Naxçıvan.
Nə əzizsən, nə şirinsən, yurd, vətən,
Bizik torpağına səpilən bir dən.
Başdan-başa böyük Azərbaycan sən,
Ana vətən, ata ünvan, Naxçıvan,
Şərqin gözü, Nəqşi-cahan, Naxçıvan.
Dəyərli şeirləri ilə yanaşı, poema sahəsində də öz bədii sözünü deyən sənətkarın belə əsərlərində xalq aşıq şeir ənənələri önəmli yer tutur. Sərraf Qasım dastan yaradıcılığı ilə də məşğul olub. Həcmi o qədər də böyük olmayan lirik-epik səciyyəli belə nümunələr çağdaş dastançılıq ənənəsinə diqqətəlayiq töhfələr sayılmaqla yanaşı, aşığın yaradıcılıq ənənələrini və əlaqələrini öyrənmək baxımından da maraq doğurur.
Sərraf Qasımın əsərləri bir sıra mətbuat orqanlarında, almanax və antologiyalarda işıq üzü görüb.
Müdam gəlir xoş xəbərin,
Bu dünyadan, Azərbaycan.
İftixarım, fərəhimdir,
Hər xoş sədan, Azərbaycan.
Ürək qandan, qan ürəkdən
Ayrılarsa, yaşayarmı?
Ayrılmaz, nə doymaz səndən,
Nemət dadan, Azərbaycan.
Mehmanlar çox gələr sənə,
Səndə vəfa, səfa görər.
Mehmanların getməz səndən,
Kam olmadan, Azərbaycan.
Cahanda artdıqca şansın,
Sənin əzmin, əzəmətin,
Мənә qüvvət, qüdrət verir,
Hər bir nidan, Azərbaycan.
Şəfalısan, sənə gələn,
Gedəndə, getmək istəməz.
Ayrılmaz heç, səndən şəfa,
Hava udan, Azərbaycan.
Dünyada sənsən yeganə,
Doqquz cəhətli məmləkət.
Dözmür buna xain, yağı,
Düşmən, nadan, Azərbaycan.
Qusar bir gün, yediyin о,
Nankor bala, dediyin o,
Satqınlara gecə gərək,
Nə sübh, nə dan, Azərbaycan.
Sərraf Qasım deyər, ana,
İstəyirəm uğrunda mən
Olum kəsilən qurbanın,
Alım qadan, Azərbaycan.
Unudulmaz və istedadlı el sənətkarı, söz sərrafı Sərraf Qasım 80 ilə yaxın ömür sürdü. Əlinə qələm, sinəsinə saz aldığı ilk vaxtlardan etibarən həyatının sonuna qədər xalqa, vətənə məhəbbət duyğusu ilə yazdı, yaratdı. Aşıq poeziyasının inkişafına ləyaqətlə xidmət göstərdi və bütün bunlara görə də sevildi, dəyərləndirildi, unudulmadı, əksinə, mənəvi ölümsüzlük qazandı. O, Naxçıvanda milli aşıq sənətinin inkişafına misilsiz töhfələr verdiyinə görə tədqiqatçı alimlər tərəfindən çağdaş "Naxçıvan Aşıq Məktəbinin" banisi adlandırıldı. Aşıq-şairlər içərisində ən gənc yaşlarında alimlik dərəcəsinə layiq görülən, ən zəngin dastan, cığalı şeirlər və dini yaradıcılığa malik şair kimi tanınıb. Gənc yaşlarından etibarən ustad Azərbaycan aşıqları ilə bədahətən deyişmək istedadına malik şairlərdən olub. Eyni zamanda həm klassik, həm də müasir poeziya janrında heyrətamiz əsərlər yaradan bir şair olduğuna görə, Zəlimxan Yaqub və Həsən Mirzə kimi şair və yazarlar tərəfindən öz dövründə Azərbaycanın ən peşəkar və təkrarsız şairi adlandırılıb.
“Azərbaycan xəritəsi” və “Naxçıvan xəritəsi” adlı poemaları ilə müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan görkəmli şair, Azərbaycan poeziyası tarixində yaranan ilk səsli şeir kitablarının birinin müəllifi olub. Öz dövründə yaşamış şairlər içərisində klassik poeziya janrından geniş şəkildə istifadə edən Sərraf Qasımın iyirmiyə yaxın aşıq dastanını, yüz əllidən artıq cığalı əsəri və min səhifədən artıq mərsiyə və dini əsərləri qələmə aldığı üzə çıxmışdır. Müasiri olduğu Naxçıvan aşıqlarından fərqli olaraq, aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeirlər yazmışdır. Aşıq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Bayatı, qoşma, cığalı-qoşma, gəraylı, təcnis, cığalı-təcnis, müxəmməs, cığalı-müxəmməs, müstəzad, cığalı-müstəzad, divani, ayaqlı-divani və digər müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir.
Sərraf Qasımın klassik poeziya ənənələrindən istifadə etməklə fərqli tərzdə yaratdığı mərsiyələr və növhələr də başqalarından çox-çox fərqlənir. Şeirlərində həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzindən istifadə etməsi Sərraf Qasımı digər aşıqlardan fərqləndirən əsas xüsusiyyətlərdən sayılır. Özünü "Aşıq Ələsgərin varisi" adlandırmış aşıq, şeirlərində bunu poetik şəkildə ifadə edib:
Dillərdə hər sözüm gövhər,
Dür də mənəm, dürdanə də.
İrsim Ələsgər irsidir,
Söz xəzinəm var sinəmdə.
Dastanları, qoşmaları, təcnisləri, divanıləri, gəraylıları və bayatıları ilə tanınan Sərraf Qasımın şeirlərində özünəməxsus poetik sənətkarlıq məziyyətləri və dəsti-xətti vardı. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamələr, poemalar, mərsiyələr və lirik şeirlərin yaradıcısı olan aşığın əsərləri mövzu baxımından da çox zəngin olmuşdu. Yurda sevgi, ata-baba adət-ənənələrinə bağlılıq aşıq-shairin milli ruhlu şeirlərində əsas ideyalardandır. Bununla yanaşı, aşığın yaradıcılığında nəsihətamiz didaktik mövzular da özünə geniş yer tapmışdı ki, bu əsərlər dini və yazılı ədəbiyyatdan, xalq poeziyasından və aşıq şeir ənənələrindən bəhrələnmişdi. Aşığın yaradıcılığında diqqət çəkən digər bir mövzu isə ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmalardır. Poeziyanın qarşısında duran vəzifələr haqqında da özünün ədəbi-tənqidi fikirlərini ifadə edən aşıq, hikmət və məna dərinliyi ilə diqqət çəkən sənətkarlardandır.
Sərraf Qasımın aşıq şeirinin qoşma, gəraylı və təcnis janrının ən müxtəlif formalarında qələmə aldığı poetik örnəklər həm də bununla seçilir ki, bunlarda məzmunla formanın üzvi vəhdəti özünün uğurlu həllini tapmışdır. Sərraf Qasım öz əsərlərində məzmunu formaya, fikir və ideyanı formal sənətkarlığa qurban verməmişdi. Heca vəznindən geniş istifadə edən aşığın yaradıcılığında bayatıya da rast gəlmək olur. Dini motivli bu bayatılarda haqq yolunda olduğunu bildirir. Naxçıvanın vəsfi, Naxçıvan haqqında olan bayatıları da az deyil:
Mən aşiq, Allah sözü,
Başda Bismillah sözü.
Sərraf Qasım söyləyər:
Haq sözü, Allah sözü.
* * *
Aşiq, bura Nuh çıxan,
Qədim adı “Nuhçıxan”.
Nuh babama bağlı ad,
Olub indi Naxçıvan.
* * *
Aşıq, himin qoymuşam,
Ruhən saza uymuşam.
Qorqudu, həm Cünunu
Ulu ustad saymışam.
Bu sənət tumunu səpib göyərdib,
Yurdda bir sənətə zəmin qoymuşam.
Haqdan ölməz irsdir Naxçıvanımda,
Mən saz məktəbinin himin qoymuşam.
Nəsihətamiz şeirləri ilə gənc nəslə səslənən aşıq yaradıcılığını ustadnaməsiz düşünmək olmaz. Bu qəbildən olan "Yaxşıdır”, "Səflənər", "Axtarıram" kimi ustadnamələri diqqətəlayiqdir. Humanistlik, alicənablıq, mərdlik, qeyrətlilik, namuslu olmaq, yamanlığa yaxşılıqla cavab vermək, dünya malına, var-dövlətə əsir olmamaq, valideynə, ata-anaya ehtiram göstərmək kimi mənəvi-əxlaqi keyfiyyətlərin aşılındığı bu əsərlər aşığın yaradıcılığının əsasını təşkil edir. Sərraf Qasımın qafiyə kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yazılmış bir çox sərbəst deyimləri də mövcuddur. Sərraf Qasım nəsr və mənsur janrı hesab edilən belə sərbəst ifadə formalarından əsasən öz dini əsərlərində, yəni mərsiyələrində, bəzi dastanlarda və şeirlər arasındakı keçid cümlələrində istifadə etmişdir.
Heç vaxt əsərləri və yaradıcılığı vasitəsilə şan-şöhrət əldə etmək həvəsində olmayan və ömrünü yazıb-yaratmağa həsr edən Sərraf Qasımın sağlığında yeddi şeir kitabı çap olunmuş, lakin buna baxmayaraq əsərlərinin böyük bir hissəsi hələ də çap olunmamış vəziyyətdə qalmışdır. Bunun səbəbi isə dəftərə köçürdüyü əlyazmalardan ibarət olan öz şeirlərini istifadə etmələri üçün — qaytarmaq şərtilə — bəzi dost-tanışlarına və aşıq dostlarına verməsi olmuşdur. Təəssüflər olsun ki, Sərraf Qasımın yüzlərlə şeirini özündə əks etdirən belə dəftərlərin bəziləri geri qayıtmamışdır. Bununla da Sərraf Qasımın ədəbi irsinin müəyyən bir hissəsi artıq itib və əldən çıxıb. Geniş bir tədqiqata ehtiyac duyulan aşığın poeziya yaradıcılığı çağdaş aşıq yaradıcılığı üçün son dərəcə əhəmiyyətlidir.
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı
sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı
aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək
mümkündür:
wwwSarrafQasim ➤
Yorumlar
Yorum Gönder