SAZ-SÖZ SƏNƏTİNƏ DƏYƏR VERƏNLƏR - (Yazıçı Süleyman Rzazadənin araşdırması)
Məqaləni çap edən qəzetin adı: | "Sizin MEDİA" qəzeti |
Məqaləni hazırlayan yazarın adı: | Süleyman RZAZADƏ |
Məqalənin qəzetdə çap olunduğu tarix: | 24.12.2019 |
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
Azərbaycan mədəniyyətinin əvəzsiz janrlarından olan aşıq sənətinin tarixi ta qədim zamanlara gedib çıxır. Aşıq sənətinin inkişafı Azərbaycanımızın tanınmış aşıqlarının adı ilə sıx bağlıdır. Bu sənət elə bir yaradıcılıq növüdür ki, burada el aşıqları sazı, sözü, rəqsi özündə cəm edərək, rəngarəng şəkildə bir ansambl yaradırlar. Tanınmış el aşıqlarımız Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Qurbani, Aşıq Pəri və digər aşıqlarımız bu sənət sahəsində xüsusi irs qoyub getmişlər. Zaman keçdikcə digər sahələrdə olduğu kimi, bu sahədə də gənc nəslin nümayəndələri yetişməkdədir. El şənliklərinin yaraşığı olan aşıq sənəti haqda sayısız-hesabsız rəvayətlər, dastanlar yaranıbdır. Bu gün də aşıqlar həmin dəyərli kəlamlardan istifadə edərək aşıq sənətini layiqincə davam etdirirlər. Belə aşıqlarımızdan biri də ulu Naxçıvan elinin sayılıb-seçilən aşıqlarından Rüstəmli Sərraf Qasım Əyyub oğludur. 1939-cu ilin dekabr ayının 31-də Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olub. Boya-başa çatdığı Aşağı Qışlaq kəndində, eləcə də qonşu Kolanı kəndində ibtidai və orta təhsilini başa vurduqdan sonra Kənd təsərrüfatı Texnikumunda təhsilini davam etdirərək bir mütəxəssis kimi Naxçıvana dönüb və orada çalışaraq əsl təsərrüfat adamı kimi tanınıb. El-oba arasında xüsusi hörmət qazanan bu şəxsin aşıq sənətinə - musiqi aləminə hədsiz marağı olub. Elə bu marağın da qanadlarında saz çalmağı, oxumağı öyrənib. Xüsusi musiqi istedadı olan Sərraf Qasım tarixin süzgəclərindən keçib gələn aşıq sənətinin incəliklərini öz yaşadığı kənddə və regionda gənc nəslə aşılayıb. Onların bu sənəti sevməsi və bu sənətə bağlanması üçün əlindən gələnləri əsirgəməyib. Bu gün də aşığın adı çəkilən zaman onu tanıyan hər bir kəs onun haqqında hörmətlə söhbət açır, ruhuna dualar oxuyurlar. Qədim Naxçıvan elində yaşayıb-yaradan, el-obanın şənliklərində iştirak edən, öz sazı-sözü ilə xüsusi hörmət qazanan Sərraf Qasım 79 yaşında haqq dünyasına qovuşub. Bundan sonra da aşığın mədəni irsi qədirbilən xalqımız tərəfindən daim xoş xatirələrlə yad olunacaqdır.
Sonda onu da xüsusilə qeyd edək ki, Sərraf Qasım yaşasaydı, bu yaxınlarda onun 80 yaşı tamam olacaqdı. O, cismən aramızda olmasa da, ruhən onu sevənlərin arasındadır. Yaxın günlərdə Naxçıvan şəhərində aşığın 80 illik yubileyinin keçirilməsi nəzərdə tutulub.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Süleyman RZAZADƏ,
AYB və AJB-nin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim ➤
Yorumlar
Yorum Gönder